• cümə axşamı, 25 aprel, 07:58
  • Baku Bakı 14°C

Xaricdə təhsil: həm dövlət, həm də özəl xətlə

27.07.13 09:15 7849
Xaricdə təhsil: həm dövlət, həm də özəl xətlə
Xaricdə dövlət xətti ilə təhsil almaq istəyənlərin sənədlərinin qəbulu avqustun 16-dək davam edəcək. Təhsil Nazirliyinin saytından əldə etdiyimiz məlumata görə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində tələbələr dünyanın müxtəlif qitələrində 34 xarici ölkədə təhsil almaq imkanı əldə edə biləcəklər.
Hansı universitet və ixtisasda pulsuz oxumaq olar?
Xaricdə dövlət hesabına təhsil üçün aşağıdakı ölkələr seçilib. Namizədlər ABŞ-da 82 universitet (ABŞ-da yalnız magistr təhsili alanlar dövlət tərəfindən maliyyələşəcək), Almaniyada 30 universitet, Avstraliyada 22, Avstriyada 15, Belarusda 4, Belçikada 7, Bolqarıstanda 1, Birləşmiş Krallıqda 27, Çexiyada 3, Çində 20, Estoniyada 2, Finlandiyada 6, Fransada 30, Hindistanda 7, İrlandiyada 4, İspaniyada 10, İsveçdə 11, İsveçrədə 12, İtaliyada 24, Kanadada 10, Koreyada 20, Latviyada 3, Litvada 5, Macarıstanda 11, Malayziyada 8, Niderland Krallığında 15, Norveçdə 4, Polşada 3, Rusiyada 50, Sinqapurda 3, Türkiyədə 23, Ukraynada 2, Yaponiyada 40, Yeni Zelandiyada 7 universitet arasında seçim edə biləcəklər. Prezident yanında Təhsil üzrə Komissiya Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün baytarlıq, biologiya, fizika, iqtisadiyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, kimya, klassik Avropa musiqisi, qədim dillər, mühəndislik, nanotexnologiyalar, neft sənayesi, riyaziyyat, təhsilin təşkili və idarəolunması, tibb, turizmi prioritet ixtisas istiqamətləri müəyyən edib.
Qeyd edək ki, universitetlərin siyahısı və dövlət xətti ilə təhsil almağın şərtləri Təhsil Nazirliyinin saytında yerləşdirilib. Dövlət xətti ilə sözügedən ölkələrdə təhsil almaq istəyənlərin təhsil haqları ilə yanaşı, sözügedən ölkələrdəki əsas xərcləri də qarşılanacaq.
Təhsil Nazirliyi məsuliyyət daşımır
Dövlət xətti ilə təhsil almaq üçün kriteriyaları imkan verməyənlər isə istədikləri universitetlərdə öz hesablarına təhsil ala bilərlər. Təbii ki, əgər kriteriyaları buna cavab verirsə. Bunun üçün hətta bir çox şirkətlər xaricdə təhsili təşkil edir. Təhsil Nazirliyi isə Azərbaycanda tələbələrin xarici ölkələrin ali təhsil müəssisələrinə qəbulu sahəsində çalışan şirkətlərlə bağlı yaydığı açıqlamada bildirir ki, bəzi vətəndaşlarımızın bu şirkətlərin fəaliyyəti ilə bağlı şikayətləri daxil olmaqdadır. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, belə şirkətlərin sayı artır: “Bununla əlaqədar vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır”.
Təhsil Nazirliyi xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə və onların valideynlərinə tövsiyə edir ki, özləri birbaşa xarici ali təhsil müəssisələrindən qəbul prosedurlarını sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər: “Hər hansı yerli şirkətlə əməkdaşlıq nəticəsində maddi və ya mənəvi ziyan çəkmiş vətəndaşlarımız isə birbaşa aidiyyəti orqanlarına müraciət edə bilərlər”.
Şirkətlər xaricdə təhsili necə təşkil edir?
Xaricdə təhsili təşkil edən bir sıra şirkətlərlə əlaqə saxlayıb, bunun üçün nə qədər xidmət haqqı aldıqlarını öyrəndik. Tələbənin ödəyəcəyi təhsil haqqı qiymətlərə daxil deyil. CELT Təhsil Mərkəzindən bildirdilər ki, xidmət haqqı göstərilən xidmətdən asılıdır. Qiymətlər 500 manatdan başlayır. Ancaq əgər tələbə üçün yataqxana da təşkil edilirsə, bunun üçün xidmət haqqı 1500 manata qalxır.
“İRƏLİ” İctimai Birliyindən isə bildirdilər ki, xidmət haqqı müraciət edənin attestat qiymətlərindən, seçəcəyi universitet və fakültədən asılıdır. Xidmət haqqı isə 1000 manatdan başlayır.
“OSCAR” Education and Consulting şirkətindən isə dedilər ki, xaricdə təhsil almaq istəyənləri istədikləri ixtisas və universitetə qəbulunu təşkil etmək üçün xidmət haqqı kimi min manat alırlar.
Qeyd edək ki, xaricdə təhsil almaq istəyənlər istədikləri universitetin internet ünvanına istək məktubu göndərməklə də arzularını gerçəkləşdirə bilərlər. Amma bunu edə bilməyənlər təbii ki, xaricdə təhsili təşkil edən şirkətlərə müraciət etməlidir.
Lalə
banner

Oxşar Xəbərlər