Xaricdə təhsil almaq üçün nələri bilməliyik? - Gənclərə məsləhət
Son dövrlər gənclər xaricdə təhsil almağa böyük
maraq göstərirlər. Xüsusilə də, xaricdə təhsil sərgilərinin ölkəmizdə geniş
şəkildə keçirilməsi bu işdə böyük rol oynayır. Amma gənclər üçün bu mövzu ilə
bağlı bəzi qaranlıq qalan məqamlar var. Məsələn, "ixtisas seçimini necə
etməli”, "hansı ölkə daha məqsədəuyğundur”, "təqaüdlü təhsil verən ölkələr
hansılardır” kimi suallar yaranır. Bu suallara cavab tapmaq üçün xaricdə təhsil üzrə mütəxəssis Həsən
Əliyevlə həmsöhbət olduq.
Həsən Əliyev qeyd edir ki, xaricdə təhsil almaq
istəyən tələbə ilk olaraq gedəcəyi ölkənin yaşam tərzini, mədəniyyətini, dilini
bilməlidir: "Əslində, dil o qədər də problem deyil. Çünki sonradan həmin dili
öyrənəcək, əsas yaşam tərzini öyrənməli, gedəcəyi universitetin təhsil
sistemindən xəbərdar olmalıdır. Əgər təqaüdsüz gedirsə, təhsil haqqını
bilməlidir. Qeyd edilənlər haqqında təkcə tələbə yox, həm də valideynlər bilgi
əldə etməlidirlər. Daha sonra gedəcəyi ölkənin təhsil şərtləri ilə yaxından
tanış olmalıdır. Məsələn, bəzi ölkələrdə təhsil sistemi 12 il olduğu üçün
Azərbaycandan 11 illik təhsili bitirənləri bakalavra götürmürlər. Gərək bir il
də əlavə oxuyub, 12 illik təhsil alsın ki, bakalavra qəbul olunsun. Həmçinin,
ixtisas seçimi də önəmli məqamlardan biridir. Təbii ki, xaricdə təhsil almağın
üstün cəhətləri çoxdur. Tələbənin dünyagörüşü artır, fərqli ölkələrdə dostlar
qazanır, inkişaf edir, ailədən, ölkədən uzaq, tək yaşayaraq özünü
formalaşdırır. Ən azından, bir xarici dili mükəmməl öyrənir. Amma yenə də
şəxsin özü qərar verməlidir ki, nəyə görə xaricdə təhsil almalıdır”.
Həmsöhbətimizdən təqaüdlə təhsil verən xarici
ölkələr və ora qəbul olmağın nə qədər asan, çətin olduğu barədə soruşduq:
"Təqaüdlü təhsil təklif edən olduqca çoxdur. Hətta, deyərdim ki, sayı-hesabı
yoxdur. Çünki hər universitet müxtəlif təqaüd proqramları ilə çıxış edir. Amma
indi xüsusi olaraq dövlət proqramları haqqında danışacağam. Məsələn, xüsusilə
azərbaycanlı tələbələr üçün Macarıstanın təqaüd proqramı var, bundan başqa Çin,
İtaliya, Polşanın təqaüd proqramları ölkəmizdə geniş yayılıb. Əslində, bunlar
tək Azərbaycan üçün yox, inkişaf etməkdə olan ikinci dərəcəli bütün ölkələr
üçün nəzərdə tutulub. Asan və ya çətin deyə bir şey yoxdur. Müəyyən
göstəricilər var ki, tələbələr ona uyğun olmalıdır. İlk olaraq tələbənin yaxşı
bir sertifikatı, fundamental bilikləri, yüksək qiymətləri, tövsiyə və
motivasiya məktubu olmalıdır. Motivasiya məktubu burada böyük rol oynayır. Yəni
tələbə yaxşı bir motivasiya məktubu yazmalıdır ki, nəyə görə xaricdə təhsil
almaq istəyir, nəyə görə bu ölkə ona təqaüd versin? Tələbələr ora müraciət edərkən
onların hobbilərinə belə fikir verirlər. Baxmayaraq ki, göstəriciləri aşağı
olsa da, onu götürə bilərlər”.
Ekspert ixtisaslar üzrə hansı ölkəni seçməyin
məsləhətli olduğundan da danışdı: "Tibb üçün ən güclüsü təbii ki, İngiltərə,
Almaniya, Amerika kimi inkişaf etmiş ölkələrdir. Amma təəssüf ki, tibb
sahəsində bu ölkələrin şərtləri də ağırdır. Hər tələbəni qəbul etmirlər.
Texniki fənlər üzrə son zamanlar Çinin təhsili daha güclüdür. Amerika,
İngiltərə, İsveçrə, Norveç, Almaniyanın da bu sahədə universitetləri var.
Tələbələr bu məqamda seçim edərkən, ilk olaraq ölkənin universitetinə, sonra
müəllim, professor heyətinə baxmalıdırlar. Daha sonra karyera imkanları nəzərə
alınmalıdır”.
Maraqlıdır, təqaüd proqramı ilə getmədikdə,
tələbələr hansı nüanslara fikir verməlidirlər? Müsahibimiz qeyd etdi ki,
əslində, tələbə geniş araşdırsa, heç bir problemlə rastlaşa bilməz: "Əsas odur
ki, universitetin təhsil haqqını nəzərə alsın. Məsələn, elə universitet var ki,
orada təhsil haqqı və kitabxana haqqı ayrı olur. Bu məlumatlar çox vaxt
saytlarda yazılmır. Sonra gedəcəyi ölkədə həmin universitetə yaxın kirayə
evlər, yataqxanaların qiyməti ilə maraqlanmalıdır və ortalama qiyməti
hesablamalıdır. Qiymətləri müqayisə etməlidir ki, bunu qarşılaya bilərmi? Bəzi
tələbələr var ki, xaricə gedir və düşündüyündən artıq xərci çıxır. Bir il
oxuduqdan sonra həm ailəsinə yük olur və geri qayıdır. Ona görə də ölkənin
yaşam cəhətlərini tələbənin özü yaxşı araşdırmalı və yaxud da yaxşı bir
konsultantla bunu müzakirə etməlidir”.
Günel Azadə