• cümə axşamı, 18 aprel, 08:44
  • Baku Bakı 12°C

Xaricdə təhsil alan məzunlara stimul verəcək qərar

24.06.17 09:45 1693
Xaricdə təhsil alan məzunlara stimul verəcək qərar
Bundan sonra Azərbaycanda dövlət proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almış gənclərin dövlət qulluğuna qəbulu müsabiqə əsasında aparılmayacaq. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla qüvvəyə minən "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunda əksini tapıb. Həmin şəxslər vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir.
Sözügedən dəyişikliyə ekspertlərin münasibətini öyrəndik.
Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri Hümeyir Əhmədov bizimlə söhbətində bildirdi ki, Qanuna edilən dəyişiklik xaricdə təhsil alıb qayıdan məzunlara stimul ola bilər: "Əvvəllər həmin məzunlar dövlət qulluğuna qəbulla bağlı uzun müddət gözləməli olurdular. Həmçinin sənədlərin təqdim edilməsi, imtahanda iştirak etmək xeyli çəkən prosedur idi. Hesab edirəm ki, qanuna edilən yeni dəyişiklik artıq bu kimi problemləri geridə qoyacaq. Xaricdə təhsil alan tələbələrin vakant iş yerlərinə müraciət etməklə, iş tapması onlar üçün stimul olacaq. Sözügedən qərar onlara qısa zaman ərzində iş əldə etmə imkanı yaradacaq. Xaricdə təhsil alan gənclər Azərbaycanda iş tapmaqda müəyyən çətinliklərlə rastlaşırlar. Onlar özləri də bunu etiraf edirlər. Düzdür, bu sahədə müəyyən addımlar atılsa da, bəzi problemlər hələ də qalmaqdadır. 4 il xarici ölkələrdə təhsil alıb qayıdan gənclər nəinki iş tapmaq, hətta buraya uyğunlaşmaqda müəyyən çətinlik çəkirlər. Bu baxımdan onlar üçün belə bir şəraitin yaradılması fikrimcə, çox müsbət addımdır. Beləliklə, həmin gənclər vaxt itirməyərək, hər biri öz ixtisasına uyğun olaraq iş tapacaq. Bu gün bizim xaricdə təhsil alan mütəxəssislərə ehtiyacımız çoxdur. Qərarın dövlət hesabına təhsil alanlara şamil edilməsi məsələsinə gəlincə isə deyə bilərəm ki, bu, müəyyən qədər anlaşılandır. Çünki həmin gənclərin təhsil almasına dövlət vəsait xərcləyib Ona görə də təhsilinə vəsait ayırdığı "beyinlər”ə sahib çıxır və onların iş tapmasında yardımçı olur”.

Təhsil eksperti Natiq İsrafilov deyir ki, xaricdə təhsil alan tələbələr öz diplomunu təsdiqlətməkdə çətinlik çəkirlər ki, bu da onların iş tapmasına müəyyən problemlər yaradır: "Xaricdə təhsil çox müzakirə olunan və heç də hər zaman birmənalı qarşılanmayan məsələdir. Hətta bəziləri hesab edir ki, xaricdə təhsili ümumiyyətlə, məhdudlaşdırmaq lazımdır. Son illərdə bu istiqamətdə müəyyən qərarlar qəbul edilir və müəyyən addımlar atılır. Biz Boloniya sisteminə qoşulmuşuq və universitetlərin diplomlarının qarşılıqlı tanınması və xarici əməkdaşlıq məsələsi var. Məzunların rastlaşdığı elə əsas problemlərdən biri də diplomların tanınması məsələsidir. Bəzən tələbə xaricdə təhsil alıb qayıtdıqdan sonra həmin universitetin diplomu bizdə tanınmır. Ona görə də bununla bağlı həmin tələbələrin müəyyən şikayətləri olur. Təhsil alıb qayıdanlar öz diplomlarını tanıtmaq üçün aylarla gözləməli olurlar. Bu da onların iş tapmasına maneə törədir. Ona görə də bu kimi məsələləri imkan daxilində sadələşdirmək lazımdır ki, həmin tələbələr qayıtdıqdan sonra işlə təmin oluna bilsinlər. Onu da qeyd edim ki, mürəkkəb formada həyata keçirilən prosedurlar xaricə oxumağa gedənlərin bura qayıtma ehtimalını azaldır. Əksəriyyət fikirləşir ki, geri qayıtdıqdan sonra diplomun tanınması, işlə təmin olunmasında müəyyən problemlər əmələ gələcək. Ona görə də bir çox məzun ümumiyyətlə, Azərbaycana qayıtmır. Belə olan təqdirdə isə beyin və maliyyə axını xaricə üz tutur. Ona görə də düşünürəm ki, xaricdə təhsil alanların imtahan vermədən işlə təmin olunması bu sahədəki boşluqları aradan qaldırmağa hesablanan addımdır”.
Ekspert deyir ki, məzunlarımız Azərbaycana qayıdıb müəyyən problemlərlə rastlaşırlarsa, bu problemləri nizamlamaq lazımdır: "Qanuna edilən bu dəyişiklik də məhz bu məqsədi daşıyır. Hesab edirəm ki, dəyişiklik məzunlara müəyyən qədər stimul verəcək. Bildiyiniz kimi, sözügedən qərar dövlət hesabına təhsil alan məzunlar üçün nəzərdə tutulur. Müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də müəyyən boşluqlar əmələ gəldi. İndi hər yerdə təhsil üçün xaricə göndərmə elanlarını görmək olar. Ayrı-ayrı qruplar, şirkətlər, təşkilatlar insanlara ucuz qiymətlərə xaricdə oxumağı təklif edirlər. Beləliklə də, ucuz yolla xaricdə təhsil almaq meylləri xeyli artdı. Lakin sonradan məlum oldu ki, orada oxuyan insanların təhsil aldığı universitetlər nüfuzlu universitetlər deyil və dövlət nişanı ilə təsdiq edilməyib. Ona görə də həmin şəxslər müxtəlif problemlərlə üzləşdilər. Bütün bunlar nəzərə alınaraq yeni dəyişiklik sadəcə, dövlət sifarişi ilə təhsil alan universitetlərin məzunlarına şamil edilir”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər