• çərşənbə, 24 Aprel, 23:14
  • Baku Bakı 23°C

“Xaricdə qazandıqlarımızı vətəndə tətbiq etmək önəmlidir” – Təhsil

09.02.15 06:18 1922
“Xaricdə qazandıqlarımızı vətəndə tətbiq etmək önəmlidir” – Təhsil
Xaricdə iş təcrübəsi toplayıb Azərbaycanda tətbiq etməyə üstünlük verir. Deyir ki, öz beyin kapitalımızı xaricdə qoyub əcnəbilərə faydalı olmaqdansa, orada qazandıqlarını Azərbaycana tətbiq etmək, vətənə qazandırmaq önəmlidir. Müsahibimiz Kamran İbiyev dövlət xətti ilə Ankarada Qazi Universitetində Kompyuter və tədris texnologiyaları ixtisası üzrə 4-cü kursda təhsil alır.
“Uşaqlıqdan kompyuteri söküb yığırdım”
Kamran Bakı şəhəri Suraxanı rayonu 84 saylı orta məktəbi tərifnamə ilə bitirib. Kompyuterə hələ uşaqlıqdan marağının olduğunu deyən həmsöhbətimiz ixtisas seçimində valideynlərinin də onu dəstəklədiyini deyir: “Bir kompyuterim vardı, uşaqlıqdan onu söküb yığmağı sevirdim. Evdə radionu, maqnitafonu söküb yığır, xarab yerini düzəltməyə maraq göstərirdim. Buna görə də ixtisas seçimində elə sevdiyim peşənin arxasınca getdim”.
“Türkiyədə özəl olduğumuzu hiss etdim”
Kamranın fikrincə, Azərbaycandan baxanda Türkiyə daha gözəl görünür: “Ora gedəndə əslində bu ölkənin o qədər də gözəl olmadığını görürsən. Amma bütün türklərə, müsəlmanlara sahib çıxan tək türk dövləti olduğuna görə Türkiyənin çox böyük olduğunu düşünürəm. İnsanları da istiqanlıdır, azərbaycanlıları çox sevir, sahib çıxırlar, dəstək olurlar. Bunu onların münasibətindən hiss edirik. Azərbaycanlı olduğunu öyrənəndə kömək məqsədilə başqaları üçün etmədiyini sənin üçün edirlər. Buna görə də Türkiyədə adaptasiya problemim o qədər də çox olmadı”.
Kamran müxtəlif millətlərdən olan tələbələrin təhsil aldığı Qazi Universitetinin yeməkxanasında sadəcə iki bayrağın - Türkiyə və Azərbaycan bayrağının asıldığını deyir: “Ümumiyyətlə, Türkiyədə olduğum müddətdə özəl olduğumuzu hiss etdim. Bir dəfə öz dostumuzun maşını ilə Ərzuruma getmişdik. Maşını park etmək üçün yer lazım idi. Bir idarənin qarşısındakı güvənlikdən maşını harada park edə biləcəyimizi soruşduq. Uzaqda pullu dayanacağın olduğunu nişan verdi. Danışığımızdan əcnəbi olduğumuzu hiss edib haradan gəldiyimizi soruşdu. Azərbaycanlı olduğumuzu biləndə, idarənin qapısını açıb maşınımızı ora park edə biləcəyimizi dedi. Arxasınca da bizi çaya dəvət etdi”.
“Biz görünüşə daha çox fikir veririk”
Eyni millət olsaq da, müsahibimiz cəmiyyətlərimiz arasında bəzi fərqlərin olduğunu düşünür: “Türkiyənin şərq tərəfindəki məmləkətlərdə insanların danışığı, oturuşu-duruşu, xasiyyəti bizimki ilə eynidir. Amma ümumilikdə götürsək, az da olsa fərqlər var. Cüzi fərqlərdən biri də odur ki, orada insanlar daha rahat geyimlərə üstünlük verirlər. Hətta küçəyə, gəzməyə idman paltarında çıxırlar. Biz isə görünüşə, şuxluğa daha çox fikir veririk”.
Gənclərimiz arasındakı fərqlərə gəlincə, həmsöhbətimizin sözlərinə görə, bizim gənclər oradakı gənclərdən daha götürümlüdür: “Bizim gənclərimiz daha tez qavrayandır, elə bil bu, bizim içimizdə var. Onların qavraması, öyrənməsi bizə nisbətən zəifdir”.
“Türkiyədə ən çox bəyəndiyim hal..”
Türkiyədə ən çox bəyəndiyi hal isə sıra mədəniyyətinin olmasıdır: “Orada artıq bu sistem oturub. Avtobusa minəndə belə növbəni gözləyirlər. Heç kim digərinin növbəsinə girmir. Çox istəyərdim ki, Azərbaycanda da sıra mədəniyyəti formalaşsın”.
Burada qaşları qaldırmaq “yox” deməkdir
Ankaraya ilk getdiyində bəzi çətinliklərlə qarşılaşdığını deyir: “Yeni mühitə, insanlara öyrəşmək təbii ki, asan deyil. Ankaraya təzə gedəndə pul xırdalamaq üçün bir mağazaya daxil oldum. Xırda olub olmadığını soruşdum. Mağaza işçisi mənim sualımın cavabında qaşını yuxarı dartdı. Nə demək istədiyini başa düşmədiyindən bir də soruşdum. 3 dəfə sualımı təkrar edəndən sonra bəlli oldu ki, burada qaşını yuxarı qaldırmaq “yox” deməkdir”.
Bir dəfə də Kamranın tələbə yoldaşlarından biri avtobus sürücüsünə, qarşıda düşəcəyini deyib. Ətrafdakılar tez oğlanın qolundan yapışıb ki, yıxılacaq: “Ondan sonra bildik ki, burada “düşmək” “yıxılmaq” anlamına gəlir”.
“Azərbaycanla bağlı bir-birindən gözəl tədbirlər keçiririk”
Ankarada xeyli azərbaycanlı tələbənin təhsil aldığını deyən müsahibimiz onların hər birinin fərdi olaraq Azərbaycan üçün işlər görməyə çalışdığını bildirdi: “Biz birlikdə daha sistemli işlər görmək üçün keçən ilin martında Ankaradakı fəal vətənpərvər tələbələrimizlə birlikdə Türkiyə-Azərbaycan Tələbə Birliyini qurduq. Birliyimizi quran və bizə qatılan tələbələrimizlə birlikdə Azərbaycanla bağlı çox gözəl tədbirlər keçiririk. Azərbaycanın önəmli günlərini, Xocalı faciəsi, 20 yanvarla bağlı tədbirlər düzənləyir, bayramlarımızı qeyd edirik. Bundan başqa, Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Azərbaycan mədəniyyət günləri keçirir, Azərbaycan filmlərini nümayiş etdiririk. Keçən ilin may ayında Hüseyn Cavidin həyatı, yaradıcılığı haqqında möhtəşəm bir tədbir keçirdik. Tədbirin sonunda Hüseyn Cavidin həyatını gözlər önünə sərən “Cavid ömrü” filmini nümayiş etdirdik. Bundan başqa, Bayraq günümüzlə bağlı Qazi Universitetinin həyətində möhtəşəm bir bayraq flaşmobu keçirmişdik. Bu il 20 Yanvar günü ilə bağlı xarici tələbələrə bu günün önəmini anlatmaq, canlı olaraq onlara yaşatmaq üçün Ankarada TRT istehsalı olan “Qərənfilin göz yaşları” filmini nümayiş etdirdik. Bundan sonra da çalışmalarımız davam edəcək.”
“Təhsilimi xaricdə davam etdirmək istəyirəm”
Kamran Qazi Universitetinin xətti ilə keçən il İngiltərədə təcrübə keçdiyini bildirdi: “İngiltərədə olduğum vaxtda oradakı azərbaycanlı ailələrlə, tələbələrlə görüşdüm. Azərbaycanı orada tanıtmaq üçün nələr edə biləcəyimizi müzakirə etdik. Azərbaycandan gətirdiyimiz, ermənilərin vəhşiliklərini ingiliscə anladan kitabı Mançester kitabxanasına hədiyyə etdik”.
Müsahibimiz bakalavr pilləsini başa vurduqdan sonra dövlət proqramı ilə İngiltərədə magistr təhsili almaq istəyir: “İngiltərənin Mançester şəhərində təcrübədə olanda universitetləri, təhsil mərkəzlərini araşdırdım və sənəd verəcəyim universitetləri seçdim. Bu il eyni ixtisas üzrə magistr təhsili üçün sənədlərimi İngiltərədəki universitetlərə təqdim edəcəyəm”.
“Burada insanlar bir-birinə gülümsəyir”
İngiltərədə yaşadığı müddətdə bu ölkədə müşahidələr apardığını deyən həmyerlimiz sözügedən ölkə ilə Azərbaycan cəmiyyəti arasında böyük fərqlər olduğunu deyir: “Biz yeməyə önəm verən xalqıq. İngilislərin milli yeməyi, demək olar, yoxdur. Sendviç kimi hazır yeməklər yeyirlər. Yaxşı ki, orada nahar etməyimiz üçün Türkiyə, Asiya ölkələrinin restoranları var. Bundan başqa, həftə sonları orada əyləncə günləridir. Cümə günü axşam insanlar işdən çıxıb ailəsi, dostları ilə içməyə, əylənməyə gedirlər. Axşam küçədə sərxoş insanlar çox olur. Düzdür, içib başqalarına xətər yetirmir, söyüş söymürlər. Amma bəzən ortaya pis görüntülər çıxır. Ər-arvad yıxıla-yıxıla küçə ilə gedirlər. İnsan buraya məxsus olmadığını hiss edir. Biz görmüşük ki, yaşlı kişi, qadın oturuşuna-duruşuna fikir verər, hər kəs onlara hörmət edər. Amma orada belə deyil”.
Həmyerlimiz İngiltərədə gözəl ənənələrin də olduğunu bildirdi: “Onlardan biri də insanların bir-birinə artıq dərəcədə hörmətlə yanaşması, bir-birlərinə hər zaman gülümsəməsi və qarşı tərəfə pozitiv enerji verməsidir. Bundan başqa maaşların aylıq deyil, həftəlik verilməsi də, məncə, gözəl haldır”.
“Beynimizi xaricdə qoymaqdansa...”
Kamran sonda gələcək hədəflərini də bizə açıqladı. O, gələcəkdə proqramlaşdırma sahəsində Azərbaycanda gözəl işlər görməyi planlaşdırır. Xaricdə qalıb işləməyə gəlincə, müsahibimiz xaricdə işləyərək təcrübə toplayıb təcrübəsini Azərbaycanda tətbiq etməyə üstünlük verdiyini deyir: “Öz beynimizi xaricdə qoyub əcnəbilərə faydalı olmaqdansa, orada qazandıqlarını Azərbaycana tətbiq etmək, vətənə qazandırmaq önəmlidir”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər