• cümə axşamı, 28 mart, 16:25
  • Baku Bakı 16°C

Xaricdə necə təhsil almaq olar? Müsahibə

05.02.14 13:06 6138
Xaricdə necə təhsil almaq olar? Müsahibə
“Kaspi” Təhsil Mərkəzi gənclərin xaricdə təhsilini təşkil edir

Son illər gənclərimiz daha çox xaricdə, xüsusən də inkişaf etmiş ölkələrin universitetlərində təhsil almağa meyl edirlər. Müsahibimiz “Kaspi” Təhsil mərkəzinin direktoru Elnur Əliyevlə xaricdə təhsil almanın yolları və şərtləri barədə söhbətləşdik.
- Elnur bəy, gənclərimiz xaricdə hansı yolla təhsil ala bilərlər?

- Xaricdə təhsil almaq istəyənlər üçün 2 seçim var. Ya öz maliyyələri hesabına, ya da müxtəlif təqaüdlər hesabına. Gənclərimizin Dövlət Neft Şirkətinin proqramı, ya da “2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində də təhsil almaq imkanları var. Dövlət Neft Şirkətinin proqramı nisbətən məhduddur. Proqrama 10-a yaxın ölkədən 100-dən artıq universitet daxildir. Gənclər əsasən mühəndislik ixtisası üzrə təhsil ala bilərlər, amma humanitar ixtisaslara da 2-3 yer ayrılıb. “Dövlət Proqramı” çərçivəsində təhsil almaq istəyənlər üçün ixtisas və ölkə seçimi daha çoxdur.
- Gənclərimiz təhsil almaq üçün əsasən hansı ölkələri seçir?

- Son 2-3 ilin statistikasına əsasən, gənclərin əksəriyyəti Türkiyə, Almaniya və İngiltərəni seçir. Sonrakı yerləri Avstriya, İsveç və Norveç tutur. Ümumilikdə, Avropa gənclər üçün daha maraqlıdır. Sözügedən ölkələrdən sonra Amerika və Kanada gənclərimizin maraq dairəsindədir. Təhsil səviyyəsi yaxşı olsa da, çoxmillətli ölkələr olmadığından Yaponiya və Koreya gənclərimizin o qədər də üstünlük vermədiyi ölkələr sırasındadır. Tibb üzrə təhsil almaq istəyənlər isə daha çox Türkiyə və Almaniyaya üstünlük verir. Çünki bu ölkələrin universitetlərinə bizim tələbələrin qəbul şərtləri asanlaşıb. Sözügedən ölkələrdən fərqli olaraq, İngiltərədə azərbaycanlı tələbələrin tibb üzrə təhsil alması bir az çətindir. Çünki İngiltərə universitetlərinin bir çoxunda tibb fakültələrinin ödənişini İngiltərə hökuməti verir ki, əsasən yerli tələbələr oxusun.
Onu da deyim ki, Avropada təhsil alan tələbələrin əksəriyyətini çinlilər və koreyalılar təşkil edir. Bu da müəllimlər, həmçinin azlıq təşkil edən digər millətlərdən olan tələbələr üçün problem yaradır. Buna görə də universitet rəhbərlikləri digər ölkələrdən daha çox tələbənin onlara müraciət etməsində maraqlıdır ki, universitetlərində koreya və çinlilər üstünlük təşkil etməsin.
- Bəs gənclərimiz əsasən hansı ixtisaslara yiyələnmək istəyirlər?

- Biznes, menecment, maliyyə istiqamətli ixtisaslar gənclərimizi daha çox cəlb edir. Bizə müraciət edənlərin bəlkə də yarısı sözügedən ixtisasları seçir. Dövlət proqramı da gənclərimizi müəyyən ixtisaslara yönləndirir. Məsələn, bir neçə il əvvəl Azərbaycanda «Turizm ili» elan olundu, hotellər açılmağa başladı, dövlət proqramında turizm, xidmət sahəsinin idarə olunması, hotelçilik prioritet ixtisaslara çevrildi. Bu, ölkədə gənclərin sözügedən sahələrə axınını yaratdı. Ümumiyyətlə, xaricdə oxumaq istəyən gənclər ixtisas seçimlərində iki məqama diqqət yetirirlər. Bəziləri qayıdıb bazarda iş tapmaq imkanını düşünərək addım atır, digər qrup isə dövlət proqramında təqaüd udmaq imkanlarını asanlaşdırmaq üçün dövlət proqramındakı ixtisasları seçirlər.
- “Kaspi” Təhsil Mərkəzi olaraq tələbələrin xaricdə təhsilini necə təşkil edirsiniz?

- Bizim göstərdiyimiz xidmət tələbəni arzuladığı və göstəricilərinin uyğun gəldiyi ixtisasa istiqamətləndirmək, universiteti seçmək, lazım olan sənədlərini hazırlayıb uyğun universitetə təqdim etmək və universitetə qəbulunu almaqdır. Tələbə bizə müraciət edib hansı sahə üzrə və hansı ölkələrdə oxumaq istədiyini deyir. Bunun əsasında biz hansı universitetlərdə bu ixtisasın olduğunu araşdırır, həmçinin tələbənin istəyinə əsasən, ölkəni seçirik. Universitetlərin qəbul şərtləri bizdə olduğundan tələbəyə istədiyi ixtisas üzrə uyğun ali məktəbdə təhsil almaq üçün hansı prosedurlardan keçməli olduğunu deyirik. Məsələn, universitetə qəbul üçün müsahibə tələbi varsa, ona necə hazırlaşmalı olduğunu, hansı imtahanlardan keçəcəyini, orta məktəb attestatı, yaxud ali məktəb diplomu üzrə orta bal tələbini bildirir, buna uyğun hərəkət etməsini məsləhət görürük. Hazırda yüzdən artıq xarici universitetlə rəsmi müqaviləmiz var, “Kaspi” Təhsil Mərkəzi olaraq onların yerli təmsilçiləriyik. İngiltərədə 40-dan artıq universitetin rəsmi təmsilçiliyini edirik. Biz təmsilçisi olduğumuz universitetlərin rəhbərliyi ilə müqavilə bağlayırıq və onlar bizə bütün broşürlarını, qəbul şərtlərini, boş yerləri və s. barədə daim məlumat verir. Eyni zamanda, xaricdəki universitetlərin nümayəndələri Azərbaycana gələndə onları tələbələrlə, valideynlərlə görüşdürürük ki, özləri birbaşa ünsiyyətdə olsunlar. Ali məktəblərin bir çoxu bizi ildə bir dəfə ölkələrinə dəvət edir. Bununla da biz gənclərimizdə düzgün təəssürat yaratmaq üçün həmin universitetlərlə, ümumilikdə şəhərin ab-havası ilə tanış oluruq. Əslində tələbələr özləri də xaricdəki universitetlərə qəbul üçün müraciət edə bilərlər. Amma bu, başı çıxan tələbə üçün 4-5 günlük araşdırma tələb edir. Ancaq bizə müraciət edəndə hər şeyi gənclərin istəyinə uyğun olaraq bir neçə saat ərzində hazırlayırıq, hətta sonrakı məqamda xaricə gedərkən vizasının alınmasına, orada qalacağı yerə, qarşılanmasına qədər hər şeyi təşkil edirik.
- Mümkündürsə, gənclərimizin dövlət proqramı ilə xaricdəki universitetlərdə təhsil alma şərtləri barədə məlumat verərdiniz.

- Dövlət proqramında belə bir şərt var ki, dövlət xətti ilə təhsil almaq istəyən bakalavr tələbəsi TQDK-nın qəbul imtahanlarında 550-dən artıq bal toplamalıdır. Eyni zamanda, hansı dildə oxuyacaqsa, o dildə təhsil alması barədə beynəlxalq sertifikatı olmalıdır. Çünki bizim hökumət hazırlıq ilinin pulunu ödəmir, yalnız ixtisas üzrə tədris müddətindəki xərcləri qarşılayır. Dövlət xətti ilə qəbul zamanı namizədin dövlət proqramında olan hansı universitet və ixtisasa qəbul edildiyini göstərən sənədi də olmalıdır. Yalnız bu halda dövlət xətti ilə təhsil almaq üçün komissiyaya müraciət etmək mümkündür. Amma bununla iş bitmir, tələb edilən xeyli sənədlər var ki, gənclər onları da hazırlamalıdırlar.
- Xaricdə təhsil almaq istəyən tələbə işləmlərə nə vaxtdan başlamalıdır?

- Universitetlərin qəbul tarixi və sənəd qəbulunun bitmə vaxtı ölkədən-ölkəyə, universitetdən-universitetə dəyişir. Yaxşı olar ki, tələbə 8-9 ay əvvəl heç olmasa universitetlərin seçiminə başlasın. Çünki Amerika, Kanada, İsveç, Norveç, Finlandiya, Şimali Avropa ölkələrinin çoxunda sənəd qəbulu yanvarın əvvəlində bitir.
- Hazırda “Kaspi”nin xətti ilə tələbələr hansı ölkələrdə təhsil alır?

- Hər il xaricdə təhsil almaq üçün 40-a yaxın tələbə göndəririk. Amerika, Kanada, Türkiyə, Almaniya, Polşa, Litvaya xeyli tələbə göndərmişik. Ancaq böyük əksəriyyət tələbələrimiz İngiltərədə oxuyur. Rusiya və Ukraynaya tələbə göndərməyə çox da meyl etmirik. Son iki ildə ortaya çıxan “işbazlar” tələbələrin sözügedən ölkələrdə təhsilini yox, oxumadan, dərsə getmədən diplom almasını təşkil edirlər. Biz isə bizə müraciət edənləri o universitetə göndəririk ki, tələbə həqiqətən də oxumağa gedir. Amma sözügedən ölkələrdə elə universitetlər var ki, azərbaycanlı tələbələrə yalnız pul kimi baxırlar.
- Avropa ölkələrində öz maliyyələri hesabına təhsil almaq istəyən tələbələr üçün təhsil haqqı və aylıq yaşam haqqının miqdarı nə qədərdir?

- İngiltərə bir illik təhsil haqqı 12-20 min manat arasında dəyişir. İllik yaşayış isə Londonda 15 min manata başa gəlir, digər şəhərlərdə isə 10 min manat ətrafında dəyişir. Almaniyada dövlət universitetlərində təhsil haqları həddindən artıq aşağıdır. Məsələn, xarici tələbə üçün bu universitetlərdə təhsil almaq illik 1000-1500 evrodan başlayır. Amma illik təhsil haqqı 12-13 min evroya olan universitetlər də var. Hətta bir çox universitetlər var ki, yerli tələbələr kimi, əcnəbi tələbələr də təhsil haqqı ödəmədən oxuya bilərlər. Yaşama gəlincə, Almaniyada bir ay 800 manata yaşamaq mümkündür, hətta bəzi şəhərlərdə 600 evroyla dolanmaq olur.
Türkiyədə dövlət universitetlərində təhsil haqları ya çox aşağıdır, ya da pulsuzdur. Universitetlərdən asılı olaraq təhsil haqqı 5-15 min dollar arasında dəyişir. Ancaq qardaş ölkədə azərbaycanlı tələbələr üçün təqaüd proqramları da var. Məsələn, Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanlarında müəyyən bal yığanda təhsil haqqında 50-100 faiz endirimlər edilir. Keçən il bizim tələbələrdən biri 620-dən yuxarı bal topladığı üçün Türkiyə universitetində pulsuz təhsil almaq hüququ əldə etdi. Türkiyədə yaşayış üçün aylıq xərc şəhərlərdən asılı olaraq dəyişir. İstanbulda yaşamaq ayda 600 dollara, kiçik şəhərlərdə isə 200-300 dollara başa gəlir.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər