• cümə axşamı, 28 mart, 12:49
  • Baku Bakı 16°C

Xaricdə baş verən nə varsa, radikallar üçün şirindir

19.11.19 18:52 1901
Xaricdə baş verən nə varsa, radikallar üçün şirindir
Və ya Bakıda və Tbilisidəki aksiyalarda polisin güc tətbiqinə fərqli reaksiyalar

Azərbaycandakı radikal müxalifət düşərgəsi hər zaman başqa ölkələrdə baş verən siyasi prosesləri dilə gətirir və bundan hakimiyyətinə əleyhinə istifadə edir. Hər zaman demokratiyadan, sərbəst toplaşmaq azadlığından, insan hüquqlarından danışan bu düşərgə təmsilçiləri keçirdikləri icazəsiz aksiyalarda polisin qanuni davranışını hüquqdan kənar elan edirlər. Lakin başqa ölkələrdəki polisin müdaxiləsini qulaqardına vurur, heç bunu dilə gətirmirlər. Elə müqayisə üçün radikal müxalifətin misal gətirdiyi Gürcüstandakı etiraz aksiyalarına diqqət yetirmək kifayətdir. Gürcüstan parlamentinin qarşısına toplaşan müxalifət nümayəndələri qanundan kənara çıxan kimi polislər su şırnaqlarından, gözyaşardıcı qazlardan istifadə edərək onları ərazindən uzaqlaşdırdı.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirdi ki, müxalifətin radikal düşərgəsinin hüquq, qanun, dövlətçilik prinsipləri haqqında anlayışları yoxdur: "Əgər anlayışları olsaydı, vaxtı ilə hakimiyyətdə təmsil olunmuşdular və həmin hakimiyyətin də məhz hüquqi əsaslarla idarə edilməsini təmin edərdilər. Yoxsa, xaosa, özbaşınalığa, vətəndaşlara qarşı zor tətbiq edilməsinə yol verməzdilər. Bu aspektdən də düşünürəm ki, onların yanaşmasında bütün hallarda siyasi motivlər ön planda dayanır. Bu siyasi motivlər də korporativ maraqlardan irəli gəlir. Ümumiyyətlə, Azərbaycan radikal müxalifəti üçün xaricdə baş verən nə varsa şirindir. Yəni, Gürcüstanda, Ukraynada, Liviyada, Suriyada və başqa harada nə olur-olsun, bəh-bəhlə qəbul edirlər. Onlar hətta insan ölümlərini, qətlləri, evlərindən didərgin düşmələrini də məqbul hesab edəcəklər və düşünəcəklər ki, bütün bunlar tamamilə əsaslandırılmış faktlardır və sırf hüquqi müstəvidə həyata keçirilir. Radikal müxalifət hətta terrorizmi də hüquqi müstəvidə həyata keçirilən aksiya kimi qələmə verər. Yəni, bundan təəccüblənmək lazım deyil”.
E.Mirzəbəyli qeyd etdi ki, ardıcıl və prinsipial siyasi fəaliyyət üçün gərəkli olan bir neçə aspekt var: "Bunlardan birincisi, ideoloji platformadır. İkincisi, prosesin özündə ardıcıllıq, hüquqi məntiq, analitik təfəkkürdür. Bütün bunların heç biri Azərbaycanın radikal, dağıdıcı müxalifətində yoxdur. Belə olduğu təqdirdə şübhəsiz ki, onlar ən bəsit, primitiv metodlardan yalnız günün hadisəsinə xidmət edən məsələlərdən çıxış edəcəklər. Hər hansı bir ölkədə inqilab dalğası baş verəcəksə, perspektivini nəzərə almadan onu Azərbaycan gündəminə daşımağa çalışacaqlar və ətrafında ajiotaj yaradacaqlar. Amma üstündən bir az keçəndən sonra bu proses vətəndaş qarşıdurmasına, müharibəyə çevriləndə buna görə cəmiyyətdən üzr istəməyəcəklər və növbəti dəfə səhvə yol verdiklərini etiraf etməyəcəklər. Bu təfəkkür təəssüflər olsun ki, Azərbaycanın radikal, dağıdıcı müxalifətinə xas olan xüsusiyyətdir və bu da ölkədəki siyasi proseslərə özünün zərbəsini vurur”.
Siyasi şərhçi Aydın Quliyev bildirdi ki, Gürcüstandakı siyasi proseslərə və Azərbaycanda son iki aksiya cəhdində polisin davranışı ilə bağlı müqayisəli faktlar var: "Müqayisə etmək üçün bir sıra məqamlar var. Çox maraqlıdır ki, hadisələr tamamilə fərqli məzmunlara malik olsalar da, yəni Gürcüstandakı aksiyalara təzyiqlər ifrat xarakter daşısa da, su şırnaqlarından, gözyaşardıcı qazlardan istifadə edilsə də, buna bir o qədər reaksiya olmadı. Lakin Azərbaycanda icazəsiz aksiyalara polisin ilkin müdaxiləsi qanun çərçivəsində oldu. Hətta polis tərəfindən Əli Kərimliyə icazəsiz aksiya keçirmək cəhdindən çəkinmək, maşına əyləşib meydanı tərk etmək üçün şərait yaradıldı. O və ətrafında olanlar müqavimət göstərsə də, polis orqanları yenə də qanun çərçivəsində davrandı. Bütün bunlara baxmayaraq, biz Bakıdakı hadisələrə və Gürcüstandakı aşırı dərəcədə güc tətbiqinə Avropa İttifaqı və ABŞ-ın xeyli dərəcədə fərqli reaksiyasını gördük. Çox aşkar şəkildə göründü ki, Gürcüstandakı aksiyaya polis müdaxiləsinə qərbin reaksiyası hədsiz dərəcədə yumşaq xarakter daşıdı. Amma Azərbaycanda sırf qanuni çərçivədə polis orqanlarının davranışına qərbin münasibəti çox sərt və qeyri-adekvat oldu. Bu da ikili standartların bariz nümunəsidir”.
A.Quliyev vurğuladı ki, Azərbaycanda radikal müxalifətin öz kriteriyaları var: "Bu kriteriyalar klassik siyasət normalarına, məntiqə uyğun gəlmir. Çünki bu fəaliyyət üçün əsas motiv ondan ibarətdir ki, radikallar özlərinin sosial bazasını tamamilə itirilməsi ilə barışmaq istəmir, elektoratlarının olmadığını gizlətməyə çalışırlar. Nəyin bahasına olursa-olsun bütün üsullardan istifadə edərək siyasi gündəmdə qalmaq istəyirlər. Ölkədə sosial bazaları olmadığına görə müəyyən beynəlxalq təşkilatların və güclərin timsalında arxa qazanmaq istəyir. Bir sözlə, siyasi reallığın və məntiqin yox, ancaq özlərinin gücə söykənməyən ambisiyalarının təsiri altında hərəkət edirlər. Bax, digər ölkələrdəki müxalifətlə bizim radikal düşərgə arasında fərq bundadır. Başqa ölkələrdə, elə Gürcüstanın özündə siyasi müxalifətin müəyyən qədər gücü, əhali içərisində sosial dayaqları var, haradasa prinsipial platforma üzərində fəaliyyət göstərirlər. Amma Azərbaycanda adından da göründüyü kimi, radikal müxalifətin fəaliyyəti yalnız ambisiyalara söykənir və elə buna görə də hər hansı sosial bazası yoxdur. Sosial bazaları olmaması səbəbi ilə hakimiyyətə ciddi təzyiq rıçaqları olmur və məcburən ambisiyalarını önə çəkirlər. Nəticədə isə indiki kimi tam subyektiv və reallığa uyğun olmayan mövqeyə gəlib çıxırlar”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər