Xarakterindəki rəngarəngliyin işlərində də əks olunduğu rəssam
Turan Muxtarzadə: "Əgər yaxşı rəssamsansa, nə isə yarada bilirsənsə, əsərlərin
mütləq satılacaq”
Deyir ki, xaraktercə rənagarəng insandır.
Xarakterindəki bu rəngarənglik işində də özünü göstərir. Rəngarəng studiyada
pozitiv ab-havalı işlər ərsəyə gətirir. Söhbət gənc rəssam, "Art Studio Turan"ın yaradıcısı Turan Muxtarzadədən
gedir.
Qeyd edək ki, T.Muxtarzadə 9-cu sinfi
bitirəndən sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət
Kollecində, ardınca isə Rəssamlıq Akademiyasında rəngkarlıq fakültəsində təhsil
alıb.
- Turan xanım,
emalatxananızda bir rəngarənglik var. İçəri daxil olanda adama pozitiv ab-hava
ötürür...
- Mənim işim rənglərlədir, xaraktercə də rəngarəng
insanam. Xarakterimdəki rəngarənglik işlərimdə də əks olunur. İşlərin rəngi,
emalatxanaların ab-havası əsasən rəssamdan, onun xarakterindən asılıdır.
- Rəssamlıq uşaqlıq arzunuz
olub?
- Özümü tanıyandan rəssamlığa marağım olub.
Bu yaxınlarda toyda uşaqlıq illərimizin bir yerdə keçdiyi qonşumla qarşılaşdım.
Deyir ki, sən yerdə torpaq üzərində də rəsm çəkirdin. Doğrudan da elə idi,
divarda, torpaqda belə nələrsə cızırdım. Özümü tanıyandan şəkil çəkirəm.
İbtidai sinifdə və sonrakı təhsillərimdə də həmişə sinif və qrup yoldaşlarımın
bir çoxunun rəsmlə bağlı tapşırıqlarını mən yerinə yetirirdim.
- Bir çox uşağın məktəb vaxtı rəssamlığa
marağı olsa da, peşə seçimi zamanı valideynlər uzaqlaşdırırlar. Sizin valideynlər
bu cəhətdən mane olmağa çalışmadılar?
- Valideynlərim həmişə mənə dəstək olublar. Kolleci
bitirəndə Kukla Teatrında rəssam kimi işləyirdim. Orda rejissor mənə dedi ki, sən
hazır aktrisasan, gəl səhnəyə çıx. Valideynlərim razı olmadılar, dedilər ki, sənin
rəssamlıq kimi gözəl sənətin var, onunla məşğul ol. İndi məni sırf rəssamlığa
yönəltdikləri üçün valideynlərimə təşəkkür edirəm. Bir də bu sənətdə qazandığım
hər uğura görə, xalq rəssamı Sakit Məmmədova minnətdaram. Onun tələbəsi olmaq mənim
yaradıcılığıma böyük təsir göstərib.
- Hazırda həm də tələbə yetişdirirsiniz. Bu
sahədə müəllimlik fəaliyyətinə nə vaxt başlayıbsınız?
- 2010-cu ildən. Onda hələ akademiyada təhsilimin
ilk illəri idi. İlk vaxtlar uşaqlar üçün tədris aparırdım. İndi tələbələrim
20-70 yaş arasında dəyişir. Adətən, 15 yaşdan yuxarı tələbələri qəbul edirəm.
Bura professional rəssamlığı mənimsəmək istəyən insanlar üçündür.
- Bir çox insanlar rəssamlıq istedadları olsa
da, başqa sahələrə yönəlirlər, üstündən uzun müddət keçəndən sonra hobbi kimi də
olsa, rəssamlığa dönürlər. Belə tələbələriniz varmı?
- Tələbələrimin 50 faizini bu kateqoriyadan
olan insanlar təşkil edir. Valideynlər başqa sahələrə yönəldiblər, amma onlar
özlərini tam olaraq orda tapmayıblar və müəyyən yaşdan sonra içlərində rəssamlıq
eşqi ilə öyrənməyə gəlirlər. Onlara nə öyrətsən, nə versən, göydə qapırlar. Çox
həvəsli olurlar. Bu cür tələbələrə nə isə öyrətmək, onlardakı nəticəni görməkdə
böyük zövq verir.
- Onlar, sadəcə hobbi kimi məşğul olurlar?
- Bəli, amma bir müddət sonra artıq texnikanı
öyrənirlər, istəmədən bu sahədə təhsil alan insanlardan çox yaxşı işlər ərsəyə
gətirirlər. Mən onlara kolleqalarım kimi baxıram. Bir müddət sonra mənimlə
birlikdə öz əsərləri ilə müxtəlif ölkələrdə sərgilərə qatılırlar. Rəssamlığa
gec yönəlsələr də, peşəkar işləri var. Sərgilərdə bu, təsdiq olunur.
- Sizin fəaliyyətiniz ancaq
rəssamlıqla bağlıdır?
- Bəli, beynəlxalq məktəblərdə dərs deyirəm,
bir də öz emalatxanamda rəssam fəaliyyətimlə məşğul oluram, burda da tələbələrə
dərslər keçirəm. Bütünlüklə rəssamlığa bağlıyam.
- Bir çox gəncin rəssamlığa hobbi kimi
yanaşmasının səbəbi bu sahədə gəlir olmadığını düşünmələridir. Rəssamlıq,
günümüzdə nə dərəcədə gəlirli sahədir?
- Gəlir məsələsi insana bağlıdır. Hansısa sahədə
təhsil alıb ordan gəlir qazana bilməməyi təsəvvür edə bilmirəm. Pul qazanmaq fərasətlə
bağlıdır. Sənətindən, sevdiyin işdən
pul qazanmaq isə ikiqat zövq verir. Əgər sevərək məşğul olduğun sahədən
pul qazana bilmirsənsə, fərasətsizsən. Düzdür, şansın da rolunu danmaq olmaz. Mən
rəssamlıqda deyil, başqa sahədə olsaydım belə, içimdəki zəhmətsevərlik,
çalışqanlıq mütləq özünü göstərəcəkdi və qazanc əldə edəcəkdim. Ancaq mən
qazanıramsa, başqa birinə də "qazanacaq” zəmanəti verə bilmərəm. Bu, insanın həvəsinə,
çalışqanlığına bağlıdır.
- Əsərlərin satışından da gəlir əldə
edirsiniz?
- Rəssam işlərini sata bilmirsə, alan
yoxdursa, niyə bu sahədə çalışsın ki? Təsəvvür et ki, müğənnisən, konsertə,
toya çağırmırlar, özün üçün oxuyursan. Əgər yaxşı rəssamsansa, nə isə yarada
bilirsənsə, əsərlərin mütləq satılacaq. İşlərin bəyənilmirsə, ona niyə pul
versinlər ki? Mən əsərlərimin satışından da gəlir əldə edirəm, tək tədrisdən
deyil.
- Bu günlərdə Çindən qayıdıbsınız. Hansı sərgiyə
qatılmışdınız?
- Şanxay şəhərində keçirilən Çin Beynəlxalq
İdxal Sərgisində iştirak etdik. Şanxay şəhərində o sərginin tərkibində Şanxay
Beynəlxalq İncəsənət Sərgisi var idi, biz orda ölkəmizi təmsil etdik. Elə böyük
bir sərgidə Azərbaycan adına iştirak etmək mənim üçün şərəf oldu. Həmin sərgidə
8 əsərlə təmsil olunduq. Altı tələbəm, bir həmkarım və mən. Dünyanın müxtəlif
ölkələrindən rəssamlar qatılmışdı. Belə böyük sərgidə biz seçilməyi, üzərimizə
diqqət çəkməyi bacarmışdıq. Diqqət çəkməyimizin səbəbi isə seçdiyimiz pozitiv rənglər
idi. Yaxınlaşıb əsərlərlə, rəssamlarla və ölkəmizlə maraqlanırdılar. Sərgidə əsərlər
nümayiş olunurdu, satış yox idi. Apardığımız tabloların post kartlarını özümüzlə
götürmüşdük. Stendi ziyarət edənlərə əsərlərin post kartalarını təqdim edirdik,
çox sevinirdilər.
- Başqa hansı ölkələrdə sərgilərdə iştirak edibsiniz?
- Saymaqla bitməz. Ona görə, mənim üçün ən
yaddaqalanlarını deyim. Moskvada Vera Beynəlxalq İncəsənət Festivalında "Manej”
sərgi salonunda Tahir Salahov, Sakit Məmmədov, Zurab Seretellikimi rəssamlarla
bir yerdə sərgilənmişəm. Hətta həmin beynəlxalq sərgidə mənim studiyam "Yeni
baxış” nominasiyası üzrə mükafat aldı. Parisdə Luvr muzeyində sərgilənmək, məncə,
bir çox rəssamın xəyalı olur. Luvr muzeyinin içərisində "Carrousel du Louvre” qalereyası
var. Orda sərgiləndik. Təsəvvür edin ki, muzeyin bir hissəsində "Mona Liza” sərgilənir,
bu biri tərəfdə sənin əsərin. O da mənim üçün yaddaqalan olmuşdu.
- Xarici ölkələrdəki sərgilərdə iştirak rəssam
kimi sizə nə verir?
- Sərgilərdə fərqli ölkələrin rəssamları
iştirak edir və sən özünü orda müqayisə edirsən. Bu, özünü inkişaf etdirmək, üzərində
işləmək cəhətdən önəmlidir. Yeni insanlar tanıyırsan, əlaqələr qurursan, beynəlxalq
sertifikatlar alırsan, əsərlərin beynəlxalq kataloqlarda nümayiş olunur. O qədər
ölkənin içərisində Azərbaycan adını görmək isə mənə çox böyük zövq verir.
- Sərgilərə öz maliyyənizlə gedirsiniz, yoxsa
hansısa proqramlar və ya dövlət dəstəyi ilə?
- Heç bir maliyyə dəstəyimiz yoxdur. Öz
gücümüzlə gedirik. Mədəniyyət Nazirliyi tərəfdən belə dəstəyin olmasını çox istəyərdik.
- Emalatxanada yarımçıq əsərlərinizə də rast
gəldik. Niyə yarımçıq qalıb?
- Ümumiyyətlə, əsər necə yaranır? Hansı ruh
halında olursansa, o dövr ərzində o əsər ərsəyə gəlirsə, gəlir. Əgər gəlmirsə,
sonra ruh halın dəyişir və yarımçıq qalır. Sonra bir də həmin əhval-ruhiyyəyə
qayıdacaqsan, yoxsa yox, bu, sual altında qalır. Bu tip əsərlər kənarda öz
zamanını gözləyir. Çox rəssamda belə yarımçıq əsərlər olur.
- Rəssamlar həm də sifarişlə işlər görürlər.
Bu zaman ruh halı necə olur?
- (Gülür) Hər şeydən öncə bu, bizim sənətimiz,
işimizdir. Hər kəs səhər durub işə gedib işini görür. Demir ki, bu gün ruh
halım iş görməyə imkan vermir. Biz də mexaniki olaraq və texniki bacarıqlarımız
sayəsində ortaya iş çıxarırıq. Deməzdim ki, sifarişlə olanda, ora ürək
qoymuruq. Gördüyümüz bütün işə sevgimizi qatırıq. Məsələn, uşağın, ya yaşlı bir
adamın portretini çəkirəm. Bəzən şəkillə danışa-danışa işləyirəm. Maşın kimi
işləmirik, sevgi ilə işimizi görürük. İşi bilirsən və onu edirsən. Əgər hansısa
şəkli çəkmək üçün vaxt limiti yoxdursa, onda ruh halını gözləyirik (gülür).
Aygün Asimqızı