AZE | RUS | ENG |


Xarabalıqlardan və zarafatlardan zövq alıram

Xarabalıqlardan və zarafatlardan zövq alıram
Karin Tidbek: “Yazmağa başlayanda forma, üslub haqqında çox da düşünmürəm”

Karin Marqareta Stin Tidbek 1977-ci ildə İsveçdə dünyaya göz açıb. Dünya ədəbiyyatına elə də böyük ədiblər və ədəbiyyat nümunələri bəxş etməmiş, şairləri ilə səs-küy yaratmamış isveç ədəbiyyatının çağdaş dövrünün ən ümidverici yazarlarından sayılan Karin fantastik janrın və qəribə mövzulu bədii nümunələrin müəllifi kimi tanınır. Malmoda yaşayan yazıçı London, Paris, Strasburq, Ottava, Toronto, Vyana, Zürix, Bern, Vaduz, Hamburq, Düsseldorf kimi şəhərlərdə həvəskarları peşəkarlaşdırmaq məqsədilə açılan yaradıcı yazarlıq mərkəzlərinin əsas heyətində yer alır, yazıçı təşkilatlarına kömək üçün gələn bütün təklifləri məmnunluqla qəbul edir.
Tidbeki daha çox çağdaş dünya ədəbiyyatında bəzi nəzəriyyələr və fantastik janrın tarixi üzərində apardığı dərin araşdırmalar və oxuduğu mühazirələr məşhurlaşdırıb. Onun ilk peşəkar ədəbi işi 2010-cu ildə işıq üzü görmüş qısa hekayələr toplusu "Arvid Pekon kimdir?” ("Who is Arvid Pekon?”) kitabı hesab edilir. Bu toplunun onun müəllimlik fəaliyyəti göstərdiyi ölkələrdə dostları tərəfindən tərcümə edilib, tirajlanması və təsadüfdən böyük maraq görməsi Karini ədəbiyyata daha da həvəsləndirib. 
2012-ci ildə müəllifin "Amatka” romanı yayımlanır. Roman ingilis dilinə tərcümə olunur, yüksək satış nəticələri göstərdikdə nəşriyyatın sahibi Qari Volf Karin üçün təşkil edilən mətbuat konfransında onu "Marqo Lanaqandan sonra qısa hekayənin bütün cəhətləri ilə fərqlənə bilən ən uğurlu nümayəndəsi” kimi təqdim edir. Roman "James Tiptree”, "World Fantasy Award” mükafatlarına layiq görülür. Həmin topluda yer almış "Avqusta Prima” adlı hekayə isə xüsusilə fərqlənir və 2013-cü ildə həmin hekayə "Science Fiction and Fantasy Translation Award” mükafatlarının "Ən yaxşı qısa hekayə” nominasiyasının qalibi olur. Müəllifə "Translation Award Winner” mükafatı qazandıran hekayə toplusu "Caqannatxa” ("Jaganath”) 2013-cü ildə işıq üzü görüb. Bu, onun ingilis dilində yazılmış ilk ədəbi əsəridir. Son hekayə toplusu "Arxipelakon” ("Archipelacon”) isə 2015-ci ilin yayında oxucuların ixtiyarına verilib. Müəllifin "live-action role playing”-də yer almış müsahibəsini təqdim edirik.
 
– "Caqannatxa” adı ilə məşhurlaşan, daha doğrusu, özü ilə birgə sizi də məşhurlaşdıran desək, yanılmarıq yəqin ki, hekayələr toplunuzu oxudum. Bircə sözlə, vuruldum. Topluya yox, içindəki bütün hekayələrə, tək-tək. Yaradıcılığınız haqqında səslənən təriflərin əlavə sübuta ehtiyacı qalmadı nəzərimdə, son zamanlarda oxuduğum ən orijinal hekayələr idi. Təbii ki, məni bu qədər təsirləndirən bir müəllifə veriləsi suallarım da çoxdur. Bu toplunun ərsəyə gəlməsi uzun zaman alıb. Ən azından Londondakı təqdimatda belə demisiniz. İçindəki hekayələrin fərqliliyi də ki göz önündədir. Bu qədər uzun zamana yaranmış bir toplunun ayrı-ayrı hekayələri arasında yazı üslubunuzun dəyişdiyini hiss edirsinizmi?
– "Caqannatxa”da toplanan hekayələr yazarlıq haqqında hər gün nəsə yeni bir şey öyrəndiyim və hər gün öyrəndiyim şeyləri tətbiq etmək üçün yazdığım on illik nəhəng bir zaman kəsimində yazılıb. Toplunun ilk hekayələrindən biri "Rebeka”dır, yəni köhnə hekayədir. Hardasa, 25 yaşımda yazılıb. O dövrdəki yazı vərdişlərim, ədəbi təsirlər özünü göstərir. Olduqca qısadır, əsas fikrə mərkəzləşmişəm. Onda yazmağa başlayanda bircə sual verirdim özümə: "Bu belə olsa, necə olardı?”. Onu o cür yazırdım və olanla kifayətlənirdim. Getdikcə hekayələrim daha uzun, daha qarışıq olmağa, məni günlərlə düşündürməyə beynimdə minlərlə sual oyandırmağa başladı. Obrazların formalaşması, hekayəyə daxil olması, hekayənin mərhələləri arasında keçidlər üzərində getdikcə daha çox zaman sərf etməyə başladım. Artıq müraciət etdiyim mövzular da birmənalı şəkildə tamamilə fərqlənməyə başladı. Məsələn, bir müddət inanclar üzərində mərkəzləşdim, hekayələrin çoxunun mövzusu nəyəsə inamın üzərində qurulurdu. Sonra həqiqətə, reallığa üz tutdum, yaşanmış hekayələr axtardım. Sonra pərilərin, sehrini ovsunladı məni. Amma bu məsələdə dəyişməyən bir şey var – maraq dairəmdə hansı sahənin daha güclü olduğunu hələ də bilmirəm, maraqlarım hələ də hər an dəyişir. İndilərdə sular, dənizlər, gəmilər və səyahətlərlə maraqlanıram.

– Elə hekayələrinizin də müəllifini xatırladır Başqa kiminsə yazdıqları ilə qarşılaşdırmaq, müqayisə etmək olmur. Addımbaşı təkrarları, bənzətmələri görən oxucu bu fərqli, özünəməxsus daddan həmişə məmnun qalır. Yazarın tərzinin artıq ikinci kitabdan sonra asanlıqla seçilə, fərqləndirilə bilməsi onun ən böyük uğurudur. Sizcə, hekayələriniz sizi nə qədər əks etdirir?
- İstənilən yazarın, sənət adamının yaratdığı şey müəyyən mənada və müəyyən qədər onu və  fikirlərini özündə əks etdirir. Təbii ki, yazdıqlarım da mənim fikirlərimi, nəyinsə haqqında olan düşüncələrimi özündə cəmləşdirir. Amma bu qətiyyən o mənaya gəlməsin ki, mən bioqrafik hekayələr yazıram. Bir çox yazıçı kimi həyatımdan keçənlərə baxıram, düşüncələrimə, duyğularıma baxıram, onların üzərində işləyirəm. Bu isə, həyatı "kopyalamaq” yox, ondan ilham almaqdır.

– Qəribə, qeyri-ənənəvi hekayələr yazmağı, öyrəşmədiyimiz mövzulara müraciət etməyi xüsusilə seçdiniz, yoxsa hamısı mövzu qayğısı çəkmədən yazılan hekayələrdir?
– Açığı yazmağa başlayanda forma, üslub haqqında çox da düşünmürəm, bu yazarı məhdudlaşdırır, yaradıcılığını sərhədləyir. Yəni, qəribə mövzulara müraciət edən hekayələr müəllifi olaraq kateqoriyalaşdırılmağı planlaşdırmamışdım. Öz-özünə baş verdi. Deyəsən, beynim belə işləyir.

– Bəs, siz öz ifadə, təsvir tərzinizi necə görürsünüz. Hamı "qəribə” deyir. Yazdıqlarınız sizə də qəribə gəlir?
– Bayaq da dediyim kimi, mən yazdıqlarımın təqdimatını edə bilmirəm. Əgər mənim yazdıqlarımın mövzularını nəzərdə tutaraq, "qəribə” deyirsinizsə, mən daxildən yanaşanda onları birmənalı şəkildə qəribə görmürəm. Çünki, mənə sadə hekayələr kimi gəlir. Bəziləri dediyiniz təsvirə uyğunlaşır, bəziləri isə yox.

– Dünya oxucuları Skandinaviya ədəbiyyatına əksərən yaddır. Bu ölkələrdə, əsasən, yerli dillərdə ədəbi nümunələr yaradıldığı üçün tanınması ləng gedir. Son zamanların skandinav ədəbiyyatı sizin əsərlərinizlə tanındı. Yaradıcılığınıza regional ədəbiyyatın nə qədər təsiri var?
- Mən Skandinav ədəbiyyatı ilə böyümüşəm, İsveç ədəbiyyatı ənənələrinə görə yazıram. Xüsusilə də, hekayənin ruhu və mövzusu baxımından regional ədəbiyyata olduqca yaxınam. İsveç ədəbiyyatında dərinə işləyən duyğular, hardasa xüsusi növ bir melanxoliya var və mən o dərinliyi mənimsəmişəm.

- Ölkənizdə əhali sayı azdır, bu yazdıqlarınıza təsir edirmi? Məsələn, tünlük, böyük meqapolislərdə yaşamaq istəyərdinizmi?
– Əvvəllər Stokholmda yaşayırdım. Ora belə mənim üçün çox qələbəlik idi. İndi Malmodayam. 300 min əhalisi var. İsveçin üçüncü ən böyük şəhəridir. Amma Avropanın digər şəhərləri ilə müqayisədə çox balacadır. Şəhər nə qədər böyük, əhali nə qədər azdırsa, həmin ərazi bir o qədər sakit, təhlükəsiz və rahatdır. Odur ki, Malmo hələ ki məni qane edir. Bir müddət Londonda yaşamışam. Həddindən artıq böyük bir yerdir, nifrət etmişdim başgicəlləndirən qaynar həyata. Əvvəllər böyük şəhərlərdə yaşamağa çox meyl edirdim, artıq bu fikrə tamamilə uzağam. Bir neçə günlük səyahətlərin belə tez yekunlaşmasına çalışıram. İsveçin qərbindəki kiçik qəsəbələrdən birində yaşamaq itəyirəm 

– Necə düşünürsünüz, yazarın doğulduğu yerin onun əsərlərinə təsiri güclüdürmü? Məsələn, siz Skandinaviya ölkəsində yox, Aralıq dənizi sahillərində doğulmuş olsaydınız, ya da Afrikada, əsərlərinizdə yeni eyni qeyri-ənənəviliyi, orijinal atmosferi tapa bilərdikmi?
–Yəqin ki, bu suala heç kim cavab verə bilməz. Hamı böyüdüyü yerdən, onu böyüdən təbiətdən, cəmiyyətdən, insanlardan ilham alır, bu birmənalıdır. Odur ki, məncə, başqa bir yerdə doğulmuş olsaydım, indikindən çox fərqli olardı hər şey. Məncə, elə indiki qədər tanınmış ola biləcəkdim. Bu sual başqa biri kimi doğulsaydınız, kim olmağı istəyərdiniz kimi bir sualdır. Heç bir qəti fikrim yoxdur.

– Yazdıqlarınızı ingilis dilinə özünüz tərcümə edirsiniz. Bunun xüsusi bir səbəbi varmı, yoxsa sadəcə bacarığınızı nümayiş etdirmək istəyirdiniz?
– Mən ilk kitabımı nəşr elətdirmək istəyəndə isveçcə dərc olunmuş ədəbi nümunələrim sayca az idi. Heç kim tanınmamış yazarın əsərini ingilis dilinə tərcümə etmək əziyyətinə qatlaşmazdı. Londonda isə isveç dilində kitab nəşr edən nəşriyyat tapmaq olmurdu. Odur ki, yazdıqlarımın hamısını tərcümə eləməli oldum. Sonra da bu işi davam etdirdim. Amma bunun müsbət tərəfləri də oldu. Yazdıqlarımı fransız, italyan, yapon dilinə tərcümə edən dostlar üçün ingilis dilindəki versiyalar çox yararlı oldu. İndi isə əziyyət çəkmədən birbaşa ingiliscə yazıram. Çünki artıq İsveçdə kitablarımı daim izləyən nəşriyyatlar var. Onlar hansı dildə yazılırsa yazılsın, əsərlərimi dərhal isveç dilinə tərcümə edib, nəşr etdirməkdə maraqlıdırlar. Beləcə, isveç dilində yazıb, sonra yazdıqlarımı tərcümə eləmək kimi çətin iki mərhələdən keçmirəm.

– Nələrdən ilham alırsınız?
– Xarabalıqlardan, dağılmış evlərdən, qəsəbələrdən, kilsələrdən... Belə yerlərdə saatlarla gəznməyi çox sevirəm. Köhnə, istifadə olunmayan qatar stansiyalarından...
Yeri gəlmişkən, keçən həftə Afinada idim. O şəhərdə nə qədər viran qalmış yerlər, xarabalıqlar var. Bundan başqa, bədahətən edilən güclü zarafatlardan, him-cim oyunlarında insanların mimika və jestlərini izləməkdən və yaradıcı yazarlıq layihələrində fərdi təcrübələri dinləməkdən böyük zövq alıram.
Tərcümə etdi: Günel Salmanova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2277
TRY 1 Türk lirəsi 0.4644
KWD 1 Küveyt dinarı 5.6257
SEK 1 İsveç kronu 0.2086
EUR 1 Avro 2.0087
CHF 1 İsveçrə frankı 1.7328
USD 1 ABŞ dolları 1.7001