• cümə axşamı, 25 aprel, 19:06
  • Baku Bakı 21°C

Xaosa sürüklənən Ermənistan

30.10.14 09:35 990
Xaosa sürüklənən Ermənistan
Ermənistan iqtidarına qarşı başlanan kütləvi etiraz aksiyaları ölkəni xaosa sürükləməkdədir. Artıq əksəriyyət vəziyyətin daha da pisləşəcəyini proqnoz edir. Özünə çoxsaylı tərəfdar toplayan müxalifətin əsas tələbi növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsidir. Bəlli olduğu kimi, Ermənistan Milli Konqresi, “Çiçəklənən Ermənistan” və “İrs” partiyalarının təşkil etdiyi son mitinqdə bəyan edilib ki, hakimiyyəti istefaya göndərdikdən sonra növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Məsələn, “İrs”in lideri Raffi Ovannisyan hesab edir ki, Ermənistanda düşüncə, xalq, vətəndaş və milli gələcək inqilabına ehtiyac var: “Hər şey konstitusiya çərçivəsində həyata keçirilməlidir. Bu inqilab konstitusiya çərçivəsində, dinc və qanuni olacaq”.
Siyasi texnoloq Armen Badalyan da qeyd edir ki, ölkə müstəqilliyini itirib və bu səbəbdən Ermənistanda prezident seçilmir, sadəcə, Kreml tərəfindən təyin olunur: “Ermənistanda hakimiyyət dəyişikliyi üçün üç şey tələb olunur: Rusiyanın və ya Qərbin dəstəyi, maliyyə və aktiv cəmiyyət. Bizim müxalifətdəki siyasi qüvvələr Moskvanın dəstəyini almırlar. Tutaq ki, “Çiçəklənən Ermənistan” maliyyə məsələsini birtəhər həll etdi, axı bizdə aktiv cəmiyyət yoxdur. Ermənistan əhalisinin 95 faizi biokütləyə çevrilib və ən yaxşı halda pul müqabilində səsini satacaq”. Öz növbəsində Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan hesab edir ki, müxalifət və xalq hakimiyyətin dəyişilməsi prosesinə dair qərar verib. Belə bir mürəkkəb durumda ölkədə qiymətlər davamlı şəkildə artmaqdadır, inflyasiya həddi yüksəlir. Bütün bunlar isə sadə vətəndaşları daha çətin vəziyyətdə qoyur. Özü də qiymətlər ən müxtəlif sferalar üzrə artır.
Yeri gəlmişkən, dünən Ermənistanın 2015-ci il üzrə “Dövlət büdcəsi haqqında” qanun layihəsi ölkə parlamentində müzakirəyə çıxarılıb. Məlumata görə, büdcə layihəsindən danışan baş nazir Ovik Abramyan Ermənistanın 2015-ci il üzrə dövlət büdcəsinin gəlirlərinin 2 milyard 890 milyon dollar, xərclərinin isə 3 milyard 169 milyon dollar olacağını bildirib. Büdcə kəsirinin 278,5 milyon dollar olduğunu bildirən Abramyan hökumətin qarşıdakı illərdə bunun öhdəsindən gəlməyə çalışacağını bildirib. “Bizim sehirli çubuğumuz yoxdur ki, bir gündə ötən illərdən qalan problemləri həll edək” - deyə Abramyan deputatların büdcə kəsirinin çoxluğu ilə bağlı fikrinə münasibət bildirərkən deyib. Ermənistan baş naziri büdcə layihəsində qondarma “Dağlıq Qarabağ Respublikası”na da 2015-ci ildə “101 milyon dollarlıq dövlətlərarası kredit” ayrılacağını vurğulayıb. Ümumiyyətlə, Ermənistanın 2015-ci il büdcəsinin 24,1%-i ölkənin milli təhlükəsizlik sahəsinə - orduya və hüquq-mühafizə orqanlarına, 47,9%-i isə sosial-mədəni sahəyə (səhiyyə, təhsil, sosial müdafiə və s.) yönəldiləcək. Xatırladaq ki, Ermənistan büdcəsinin kəsiri (defisiti) Ümum Daxili Məhsul həcminin 2,3%-ni təşkil edir. Müqayisə üçün qeyd edək ki, Azərbaycan Respublikasının 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri isə 21 milyard 100 milyon manat proqnozlaşdırılıb. Gələn ilin büdcə kəsiri -1.662 milyon manat proqnozlaşdırılıb.
Erməni ekspert Ruben Ayrumyan büdcə layihəsindən çıxış edərək vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırır. Onun sözlərinə görə, real iqtisadiyyatı olmayan Ermənistanı daha çətin günlər gözləyir. Ekspertin fikrincə, Ermənistanın iqtisadi inkişafı Serj Sarksiyan iqtidarı dövründə mümkün deyil. Ekspert ölkəsinə dünya maliyyə sistemində, Gömrük İttifaqında yer olmadığını da bildirir. Bu şəraitdə o, Ermənistanın xaricdən də borc almasının müşkülə çevriləcək. “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Naira Zohrabyana görə, hökumət bilərəkdən gələcək nəsillərə borc yaradır: “Hökumət fikirləşmədən kreditlər alır. Ermənistanın xarici borcları 5 milyard dollara çatır. Bəlkə də hökumətdə fikirləşirlər ki, 4,5 milyardla 5 milyard arasında elə də böyük fərq yoxdur. Bəlkə də bu onlar üçün məntiqli sayıla bilər. Ancaq bu, bizə lazım deyil”.
Ermənistan Mərkəzi Bankının keçmiş başçısı Baqrat Asatryan isə hesab edir ki, baş verənlər 2014-cü ilin yekunlarına görə, Ermənistan iqtisadiyyatında 4-5 faizlik geriləmənin olacağını göstərir. O bildirib ki, Ermənistan əhalisinin 87 faizi ölkədə iqtisadi vəziyyətin pis olduğunu bəyan edib. “Bu informasiyanı Avropa İttifaqının qonşuluğunda yerləşən ölkələrdə rəy sorğuları keçirən Avropa Qonşuluq Barometri yayıb”.
Maraqlıdır ki, bəzi yerli və xarici mətbuat orqanları da Ermənistanın ağır mərhələ keçirdiyini xüsusi olaraq vurğulayırlar. Əksər məlumatlarda Ermənistan iqtisadiyyatında dərin böhranın hökm sürdüyü önə çəkilir. Qərb ekspertləri qeyd edir ki, Ermənistan MDB məkanının ən böhranlı dövləti hesab ediləcək duruma artıq çoxdan çatıb. Ən ciddi problem isə demoqrafik problemdir. Ermənistanın dövlət xəbər xidmətinin açıqladığı rəsmi məlumata görə, il ərzində ölkəyə gələnlərlə gedənlərin sayları arasında 101 min nəfər fərq olub. Yəni Ermənistan əhalisi 101 min nəfər azalıb. Digər bir rəsmi məlumata görə, 2012-ci ildə Ermənistanda orta məktəbləri 37 min 693 nəfər bitirib. 2013-cü ildəsə, orta məktəbləri bitirənlərin sayı 30 min nəfər olub. Əgər bu yeniyetmələrin ölkəni tərk etdiyini ehtimal etsək, onda onların ailə üzvləri ilə bu rəqəm təxminən 100 min nəfəri aşar. “İPSC” Siyasi və Sosial Məsləhətləşmələr İnstitutu tərəfindən bu günlərdə keçirilmiş sorğuya əsasən, Ermənistan əhalisinin 37,4 faizi yaşayış səviyyəsindən narazıdır, 49 faizi isə pis yaşadıqlarını bildirir. İnstitutun əməkdaşı Samvel Manukyanın sözlərinə görə, ölkəni tərk edənlər narazı insanlardır. Hazırda Ermənistan mediası maraqlı bir məqama diqqət çəkərək bildirir ki, ölkədə getdikcə artan intiharların əsas səbəbi işsizlikdir.
Beləliklə, gəlinən qənaət budur ki, bütün bunlar sonda mütləq qaydada hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq. Xüsusən də artan mitinqlər fonunda bu partlayışın tezliklə baş verməsi gözləniləndir. Sarkisyan iqtidarının çıxış yolu isə yalnız hakimiyyəti xoşluqla təhvil verməkdir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər