• şənbə, 27 Aprel, 02:15
  • Baku Bakı 14°C

Xaosa dəstək, sabitliyə təzyiq

23.09.16 12:22 1000
Xaosa dəstək, sabitliyə təzyiq
Azərbaycanla Qərb arasında bir sıra sahələrdə əməkdaşlıq olsa da, ara-sıra narazılıqlar yaşandığı da sirr deyil. Hətta demək olar ki, tez-tez Qərbdən ölkəmizə təzyiqlər gəlir ki, bu cür davranışlar da səbəbsiz deyil. Ölkəmizin davamlı inkişafı, onun beynəlxalq nüfuzunun yüksəlməsi, ölkədə təhlükəsizlik və sabitlik olması ABŞ və Qərbin maraqlarına cavab vermir və ermənipərəst, islamofob dairələri narahat edir. Onlar yaxın münasibətlərdə olduğu ölkələrdə baş verən neqativ halları "görmür”, bu haqda heç bir fikir bildirmirlər.
Demək olar ki, dünyanın müxtəlif ölkələrində mövzusundan asılı olmayaraq, hər cür problemlər yaşanır. Qərb, ABŞ isə özünə yaxın bildiyi ölkələrdəki mənfi faktlara susqunluqla yanaşır. Amma Azərbaycanda baş verən elə məsələlərə siyasi motiv qatır ki, təəccüblənməmək mümkün olmur. Hətta kiçik və faydasız, Rusiyanın forpostu olan Ermənistanla da münasibətləri qoruyur, onlara güldən ağır söz demirlər. Halbuki orada vəziyyətin hansı formada olduğu göz qabağındadır. Heç bir təbii sərvəti və ya turizm potensialı olmayan bir ölkə necə inkişaf edə bilər ki? Ona görə də orada vəziyyət günü-gündən pisləşir. Azərbaycanda isə ən azı, internetdən istifadə sərbəstdir. Amma Qərb dairələri bəzi hesabatlarında Azərbaycanda internetdən istifadənin azad olmadığını yazırlar. Hətta bu cür siyahılarda da Ermənistanı Azərbaycandan irəlidə göstərirlər və onları qismən azad ölkə kimi təqdim edirlər. Bütün bunlar isə Qərbin ikili standartlarının göstəricisidir. Təəssüf ki, başqa bir ölkənin daxili işlərinə qarışmağa, xarici siyasətini müəyyən etməyə haqlarının çatmadığını unudurlar.
Azərbaycana qarşı ikili standartlarla yanaşaraq, əslində beynəlxalq hüquq normalarına hörmətsizlik etmiş olurlar. Ona görə də bu cür davranışların qısqanclıqdan irəli gəldiyi şübhə doğurmur. Təbii ki, kiçik dövlətlərin inkişafı onların maraqlarına uyğun gəlmir. Hazırladıqları bütün qərəzli hesabatlar bunun əyani sübutudur. Azərbaycan hər zaman bu cür təzyiqlərə sərt cavablar versə də, əks-arqumentlər səsləndirsə də, Qərb hələ də qərəzli siyasətindən geri çəkilmir və ölkəmizin imicini ləkələməyə cəhd etməkdə davam edir. Bunun üçün müxtəlif yollara əl atır, daha çox da ölkə müxalifətinə dəstək verirlər. Bunun isə hakimiyyətə qarşı təzyiq olduğu hamıya məlumdur. Maraqlısı odur ki, dəstəklədikləri müxalifət meydanlara çıxarmağa tərəfdar tapmayanda dindar kəsimdən istifadə edir. Burada maraqlı məqam odur ki, başqa vaxt islamofobiyadan əziyyət çəkən qərblilər bu cür faktlara dözümlü yanaşırlar.
Özü də onların anti-Azərbaycan dairələrinin hər dəfə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən hadisələr ərəfəsində fəallaşdığı da faktdır. Demokratiya adı altında müxtəlif QHT şəbəkəsi və media vasitəsilə ölkəmizə qarşı çirkin kampaniya təşkil edirlər. ABŞ və onun Avropadakı müttəfiqləri bu cür çirkli oyunu illərdir davam etdirirlər və müxtəlif bəhanələrlə müstəqil ölkələrin daxili işlərinə müdaxilə edir, sabit cəmiyyətlərdə xaos yaradır, hakimiyyət çevrilişləri ssenariləri həyata keçirirlər. Amma onların demokratiyaya nə cür dəstək verdikləri çoxdan həqiqi üzünü göstərib. Müxtəlif ölkələrdə həyata keçirdikləri hakimiyyət çevrilişi və hərbi müdaxilə ssenariləri qanlı müharibələrə, on minlərlə insanların ölümünə, sosial-iqtisadi infrastrukturun dağılmasına və ölkələrin viran qalmasına səbəb olub.
Məsələn, ABŞ və onun partnyorları bu gün Misir, İraq, Liviya, Suriya və digər ölkələrə "demokratiya” gətiriblər və oranın nə günə düşdüyü gözümüzün önündədir. Qərb orada axıtdığı qanlara, baş verən qırğınlara görə birbaşa cavabdehlik daşıyır. Onların özündə də vəziyyət ideal deyil. ABŞ və Qərb ölkələrində insan hüquqlarının pozulması, korrupsiya, ksenofobiya və faşizm kimi hallar geniş vüsət alıb. ABŞ-da qaradərililərə münasibət, Avropada qaçqın böhranı bunu əyani şəkildə təsdiq edir.
ABŞ-la bağlı təəssüfdoğurucu məqamlar bununla bitmir. Onlar hər zaman bütün dünyaya mesaj verirlər ki, həqiqət güclünün tərəfindədir. Vaşinqtonun imperiya siyasəti göstərir ki, bu gün beynəlxalq hüquq işləmir, diktat siyasəti bütün dünyaya hakim kəsilib. Bütün bunlara baxmayaraq, onların anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı həyata keçirdiyi məkrli siyasət heç bir nəticə verməyəcək.
H.Əsgər
banner

Oxşar Xəbərlər