• cümə, 29 Mart, 03:06
  • Baku Bakı 7°C

Xanımlarımızın bu sahəyə marağı zəifdir

11.09.14 14:13 949
Xanımlarımızın bu sahəyə marağı zəifdir
Partiyamız qadın üzvlərinin bələdiyyə seçkilərində təmsilçiliyinə üstünlük veriləcək”. Bunu YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda bələdiyyə üzvlərinin təxminən 30 faizi qadınlardır.
“Biz istəyirik ki, bu göstərici artsın, qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi daha da yüksəlsin. Qadınların fəallığını artırmaq üçün seçki ərəfəsində zonalar üzrə görüşlər keçiriləcək".
Milli Məclisin üzvü, Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev də bələdiyyələrdə qadınların daha da fəal olmasının tərəfdarıdır: “Amma xanımların digər sahələrə olan marağı burada zəifdir. Bununla belə, müəyyən irəliləyiş var. Məsələn, ötən bələdiyyə seçkisindən sonra qadınların sayı artıb və hazırda ümumi tərkibin təxminən 30 faizini təşkil edir. Xanım bələdiyyə sədrlərinin də sayında artım müşahidə olunur”.
Millət vəkili qeyd edir ki, bəzi qadınlar bələdiyyə üzvü seçiləndən sonra bu işdən kənarlaşır, ancaq bu, sırf ailə münasibətləri ilə əlaqədar baş verən prosesdir.
“Bizim isə əsas prinsipimiz qadınların bələdiyyələrdə təmsilçiliyinin kəmiyyətə yox, keyfiyyətə söykənməsinə nail olmaqdır. Qoy sayları az olsun, amma fəallıqları ilə seçilsinlər”.
Millət vəkili Məlahət İbrahimqızı hesab edir ki, bələdiyyədəki qadınların sayı kifayət qədərdir və bu resursla çox işlər görmək mümkündür. Lakin onların idarəetmədə iştirakı azdır: “Deyirik ki, bələdiyyənin 27 faizi qadınlardır. Amma onların sayı yerli özünüidarə sistemində qərar qəbul edəcək səviyyədə deyil, bunun üçün bələdiyyə sədri və ya müavin olmalısan. Ölkəmizdə isə 27 faizə qədər bələdiyyə üzvlərinin isə çox az hissəsi sədrdir. Yəni, sayca çox olsalar da, təmsilçilik statusu və qərar qəbul etmə baxımından azdır”.
Məlahət İbrahimqızı hesab edir ki, bu məsələlər tədricən həllini tapacaq və növbəti illərdə qadınlar bələdiyyədəki yerlərini daha da möhkəmləndirəcəklər: “Bunun üçün hardasa qadın həmrəyliyi də olmalıdır, onlar özlərinin lobbiçiliyini aparmalıdırlar. Bilirəm ki, bu işlərin öhdəsindən gələ biləcək layiqli qadınlar çoxdur. Məsələn, mən Şəmkirdən parlamentə üzv seçilmişəm. Orada bələdiyyədə çox qabiliyyətli qadınlar var. Amma bu, asan deyil. Çünki cəmiyyətdə “Siyasət qadınlar üçün deyil” stereotipi mövcuddur. Buna mane olan səbəblərdən biri də ana olan qadınların ailə öhdəlikləridir. Əksər hallarda onların ailələri uzunmüddətli iş saatlarını və ezamiyyələri təqdir etmirlər. Ona görə də bir çox qadınlar siyasətdə karyeraya başlamazdan öncə uşaqlarının böyüməsini gözləyirlər”.
M.İbrahimqızı deyir ki, öz üzərində daim işləyən, irəli getməyi arzulayan, siyasətdə, ictimai həyatda qalxmağı bacaran qadınlar müəyyən səviyyəyə qədər qaxdıqdan sonra başları buz tavana dəyir. “Çətini o tavanı sındırana kimidir. Bundan sonra artıq çətinliklər də arxada qalır”.
Onu da qeyd edək ki, qadınlar Azərbaycan cəmiyyətinin hər bir sahəsində kifayət qədər təmsil olunur. Statistika bunu deyir. Rəsmi rəqəmlərə görə, parlamentdəki 125 deputatdan 20-si qadındır. Onlar arasında Mili Məclis sədrinin müavini və komitə sədri olanı da var. Bütün ölkəni əhatə edən digər önəmli şəbəkə - bələdiyyələrdə isə üzvlərin 26,5 faizini qadınlar təşkil edir. Bu da kifayət qədər yüksək göstərici sayıla bilər. Yəni, seçkili orqanlarda, idarəetməyə təsir göstərən qurumlarda xanımların sayı çoxdur.
Lakin qadının bələdiyyədə olması hələ o demək deyil ki, onlar yerli əhəmiyyətli qərarların qəbul edilməsində real təsir edə bilirlər. “Bələdiyyələrin inkişafi naminə” QHT Alyansının apardığı araşdırmadan belə qənaət çıxarmaq mümkündür. Tədqiqatda bildirilir ki, bələdiyyədə olan qadınlar yerlərdə, xüsusilə kəndlərdə yoxsulluğun və gender bərabərsizliyinin aradan qaldırılmasında mühüm rol oynaya bilərlər. Amma bələdiyyələrdəki qadınlar arasında aparılan sorğunun nəticələri göstərib ki, reallıqda onlar situasiyaya o qədər də ciddi təsir göstərə bilmirlər. Məsələn, 25 bələdiyyədə təmsil olunan qadınların 38 faizi deyib ki, onlar yaşadıqları ərazidə qadın və uşaqların problemlərinin həllinə yardım etmək üçün bələdiyyə üzvü olmaq qərarına gəliblər. Yəni, kənd yerlərində çox az sayda qadın öz karyerası haqqında düşünür.
Qadınların böyük hissəsi bildirib ki, bələdiyyə iclaslarının işində bilavasitə iştirak etmirlər. Rəyi soruşulanların 33 faizi qeyd edib ki, onlar gündəlikdən elə iclasın özündə xəbər tutur. Nəzərə alsaq ki, sorğuya cəlb olunanların 17%-i bələdiyyə sədri, 14%-i sədrin müavini, 6%-i isə komissiya sədridir, o zaman belə bir nəticəyə gəlmək olar ki, qadın bələdiyyə üzvlərinin əhəmiyyətli hissəsi iclasın gündəliyinə çıxarılan məsələlər haqqında əvvəlcədən agah olmur.
Sorğu və müsahibələr zamanı qadın bələdiyyə üzvlərinin verdiyi təkliflərin qəbul edilən qərarlara təsir səviyyəsi də araşdırılıb. Qadın bələdiyyə üzvlərinin 31%-i onların təkliflərinin qəbul edilən qərarlara əhəmiyyətli təsiri olduğunu, 50%-i bəzi hallarda təsirin olduğunu, 19%-i isə formal və ya heç bir təsiri olmadığını bildirib.
“Fəaliyyətinizə mane olan hansı əsas amili qeyd etmək istərdiniz?” sualına cavab verən qadın bələdiyyə üzvlərinin 37%-i deyib ki, buna əsasən icmanın qadınlara münasibəti təsir göstərir. Yəni, belə qəbul edilib ki, qadının əsas işi uşaq dünyaya gətirmək və ev işləri ilə məşğul olmaqdır. Sorğu iştirakçılarının 30%-i bələdiyyə strukturlarında təmsil olunan kişilər tərəfindən diskriminasiyanı, 33%-i qadın həmrəyliyinin olmamasını fəaliyyətə mane olan əsas amil hesab edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə bələdiyyə qadınların iştirakını qənaətbəxş sayrı. Komitədən qeyd edirlər ki, bələdiyyə seçkilərində uğur qazananların 26 faizdən çoxunun qadınlar olması Azərbaycanda güclü və düzgün qadın siyasətinin həyata keçirilməsinin göstəricisidir. Tədricən, həmin qadınların həm sayı çoxalacaq, həm də aktivliyi artacaq.
F.Əliyeva

P.S. Yazı “İnkişafa Doğru İnteqrasiya” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə icra etdiyi “Bələdiyyə seçkiləri ilə bağlı bölgələrdə əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.
banner

Oxşar Xəbərlər