• cümə, 29 Mart, 03:39
  • Baku Bakı 7°C

Xanımlar toya gedərkən xərcləri necə minimuma endirə bilərlər?

21.12.19 11:00 1946
Xanımlar toya gedərkən xərcləri necə minimuma endirə bilərlər?
Lalə Əfəndiyeva: "Xanımların toya hazırlıq prosesinin müddəti, toya xərclədiyi pul, əslində, elə xanımın özündən asılıdır”
Toy bir evdə olsa da, xərc bir çox evlərdə çəkilir. Necə? İndi bu mövzuda danışacağıq. Belə ki, son dönəmlər xanımların toy xərcləri ilə bağlı şikayətlərinə daha çox rast gəlirik. Xüsusilə də 500 manat civarında maaş alan bir xanımın ayda 3-4 toya getdiyini nəzərə alsaq, toya salınan nəmərdən başqa, saç, makiyaj, paltar, ayaqqabı və aksesuara əlavə pul xərclənir. Bu isə alınan maaşın, ayın sonu gəlməmiş bir göz qırpımında bitməsi deməkdir. Bəs necə edək ki, bu xərcləri minimuma endirək və ya pulumuza qənaət edərək necə dəbli görünək?
Mövzu ilə bağlı moda üzrə blogger Lalə Əfəndiyeva ilə həmsöhbət olduq. O deyir ki, kişilərdən fərqli olaraq xanımlar bu tip məclislərə daha çox önəm verirlər və gündəlik görünüşlərindən fərqli olmağa çalışırlar: "Xanımların toya hazırlıq prosesinin müddəti, toya xərclədiyi pul, əslində elə xanımın özündən asılıdır. Çünki elə xanım var ki, buna həddindən artıq önəm verir, bəziləri də normal, sıradan gün kimi yanaşır. Bir xanımın toya xərclədiyi pulu minimuma endirməsi, onun fantaziyasından, ideyalarının genişliyindən də asılıdır”.
L.Əfəndiyeva ilk olaraq geyim məsələsinə toxundu: "Əgər xanım ay ərzində birdən çox toya gedəcəksə, məsləhət görərdim ki, paltarı almasın. Nəzərə alsaq ki, xanımlar bir paltarı ard-arda geyinmir, bu, onun üçün ciddi pul itkisidir. Yaxşı, olar ki, paltarı kirayə və ya rəfiqəsindən, qohumundan götürsün. Bir çox hallarda xanımlar paltarların kirayə pullarının da yüksək olmasından şikayətlənirlər. Bu zaman ən yaxşısı, xanımın cibinə uyğun bir yerdən paltarı kirayə etməsidir. Ayaqqabı alarkən isə bütün paltarla geyinə biləcəkləri rəngdə olanlarını seçmələri məsləhətdir. Məsələn, qara və ət rəngi ayaqqabılar istənilən uzunluqda və rəngdə geyimlə uyğunlaşa bilir. Bundan başqa, bəzən xanımların geyindiyi paltarlar uzun olduğundan, heç ayaqqabıları görünmür. Buna görə də, ayaqqabının rəngi bir çox hallarda problem olmur”.
L.Əfəndiyeva qeyd edir ki, saç və makiyaj məsələsində xanımlar sadəlikdən yana olsalar, elə də ciddi pul xərcləməzlər: "Əslində, günümüzdə texnika və texnologiya o qədər inkişaf edib ki, gözəllik salonuna getmədən belə, xanımlar gözəl görünə bilərlər. Məsələn, "youtube”da makiyajın edilməsinə, saçın yığılmasına və ya forma verilməsinə aid çoxlu videolar var. Bir neçə dəfə izlədikdən və evdə etdikdən sonra əlləri alışacaq. Bununla da salona getmədən, özləri saçlarını yığıb, makiyaj edə biləcəklər. Ola bilsin ki, gedəcəkləri məclis çox önəmlidir və mütləq salonda bəzənməlidirlərsə, bu zaman eyni işi daha ucuza görən bir yerə getmələri məsləhətdir. Çünki bəzən salonların qiyməti yerləşdikləri məkandan asılı olaraq da dəyişir. Yəni öz büdcələrini uyğun salonu və paltar kirayə verən yeri tapmalıdırlar”.
Günel Azadə
banner

Oxşar Xəbərlər