Xanımlar arasında bunu ilk dəfə mən eləmişəm

Xanımlar arasında bunu ilk dəfə mən eləmişəm

Müsahibə
17 Dekabr 2012, 16:36 1735
Bakıda keçiriləcək IV Beynəlxalq Muğam Festivalının seçim turlarına başlanıldı. Bu müsabiqənin daimi münsiflərindən olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, tanınmış xanəndəmiz, xalq artisti Səkinə İsmayılova “Kaspi”nin əməkdaşı ilə söhbətində gənc muğamatçıların yetişdirilməsi ilə bağlı muğam sənətinə olan münasibətindən söz açıb.

- Ölkə prezidentinin fərmanı ilə Siz 2011-ci ilin ən yaxşı müəllimi seçilmisiniz. Sizin üçün müəllimlik nə deməkdir? Çoxmu ağır sənətdir bu?

- Gördüyün işi sevirsənsə, ondan ləzzət alırsansa, heç də ağır deyil. Elə tələbələrimə də bunu aşılamağa çalışıram. Muğama vurğun olmaq bu sənətdə kainatın əsrarəngiz sirlərini açmaq, sehrli xəzinələr kəşf ermək, sonsuzluğa qədəm basmaq deməkdir.

2000-ci ildə Bakı Musiqi Akademiyasının muğam ifaçılığı kafedrasına dəvət olunandan müəlliimlik edirəm. Arif Babayev oğlanlarla məşğul olur, mən isə opera tamaşalarının qadın partiyaları üçün solo ifaçılar hazırlayırdım. 2001-ci ildə Milli Konservatoriya yaradılandan həmin təhsil ocağının solo ifaçılığı kafedrasında, eyni zamanda ADMİU-da muğam ifaçılığından dərs deyirəm. Mübaliğəsiz deyə bilərəm ki, bu sahədə çalışmaq Allahın ən böyük lütfüdür.
- Bəs muğam sənətinə öz yolunuz necə başlayıb?

- Mən təmiz bakılıyam, köhnə “Sovetski”də doğulmuşam. Sonradan ailəm el arsında Səkkizinci Kilometr deyilən qəsəbəyə köçdü və mən burada orta məktəbi bitirdim. Məktəbdə bədii özfəaliyyətdə iştirak edir, uşaq mahnıları, təsniflər, sadə muğamlar oxuyurdum. 1974-ci ildə məktəbi bitirib Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə sənədlərimi təqdim etdim, imtahanları layiqincə verib Nəriman Əliyevin sinfinə qəbul olundum. İlk muğam müəllimlərim Nəriman müəllim və Hacıbaba Hüseynovdur. İkisi də yüksək səviyyəli mütəxəssis, üstəlik, muğam vurğunu olublar. Onların tələbəsi olmaq qismətinə düşənlərin hamısında Azərbaycan muğamına eyni münasibət yarandı.

- Məktəbdən sonra?

- Məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist vəzifəsinə qəbul olundum. Amma əvvəlcə məni Bəhram Mansurov, Gülxər Həsənova, Rauf Abdullayev, Kazım Əliverdibəyov kimi tanınmış sənət ustalarımız dinlədilər. O zaman teatrın direktoru olan Azər Rzayev “Leyli və Məcnun” operasında Leyli partiyasını oxumağa nəhayət ki bir gənc namizədin tapılmasına çox sevinirdi. Özü də o dövrdə Leyli partiyasını görkəmli sənətkarlarımız Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova ifa edirdilər. Məcnun rolunda da Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu kimi məşhur ustalar çıxış edirdi. Hərçənd əməkdar artist Nəzakət Məmmədovanın Leyli rolunda parlaq debütünün üstündən artıq 16 il keçirdi, opera səhnəsi üçün solist məsələsi həllini gözləyirdi. Ona görə də mənim üçün çox çətin bir dövr olsa da, uzun məşqlərdən sonra 24 may 1980-ci il tarixində Leyli partiyasında uğurlu debütüm oldu. Məcnun partiyasını isə Canəli Əkbərov ifa edirdi. Sonradan “Leyli və Məcnun”da Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov, İtaliyadakı səfər zamanı da Baba Mahmudoğlu ilə tərəf müqabil olmuşam. Ümumiyyətlə, teatrda milli operamızın az qala bütün partiyalarını ifa etmişəm.

- Bu qürur hər ifaçının bəxtinə düşmür.

- Bəli. Görünür, mən 1980-cı ildə əlimə keçən fürsətdən düzgün istifadə edə bilmişəm, hər sənətkarın yoluna çıxan çətinliklərdən qorxmadım və nəticədə də indi olduğum yerdəyəm. Belə ki, artıq 30 ildir opera səhnəsinin solistiyəm. Bu çətin yolda əlimdən tutan hər cür hörmətə layiq peşəkar insanlara sonsuz minnətdaram.

- İlk xarici qastrolunuzu necə xatırlayırsınız?

- 1982-ci ildə ilk dəfə xaricə gedib Parisdəki Gala de Palas folklor festivalında iştirak etdim. Ondan sonra 45 günlük Avropa turu oldu. O vaxt muğam təzə-təzə yayılmağa başlayırdı, tamaşaçılar bizə qulaq asanda çaşıb qalırdılar: bu nə musiqi janrıdır, bu nə səsdir deyə. Bizim zənqulələrimizdən lap vəcdə gəlirdilər. Mənim ifa etdiyim “Qatar” təsnifinə xeyli tamaşaçı gəlirdi. Müxtəlif ölkələrə səfərlərimin yollarını üst-üstə gəlsək, dövri-aləmin bir neçə misli edər. Məsələn, Fransada 25 dəfə, Birləşmiş Ştatlarda 5 dəfə, Yaponiyada iki dəfə olmuşam. Hələ İsveç, Almaniya, Benilüks ölkələri, İran, Türkiyəni demirəm... Bu siyahını çox uzatmaq olar. Bu il Strasburqda çıxış etmişəm. Hər dəfə xaricə gedəndə repertuarımı dəyişir, yeni muğam və təsniflər hazırlayıram ki, xarici tamaşaçıda Azərbaycan haqqında, bizim zəngin mədəni irsimiz haqqında daha çox təsəvvür yaransın, bir az da yaxın olsunlar bizə.

Həm də xəbəriniz varsa, xanım xanəndələrimiz arasında ilk qaval çalan mən olmuşam. Amerikaya qastrol səfərindən əvvəlki söhbətdir. O vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu mənə demişdi ki, bizim nömrəmizə cəmi üç yer var, odur ki, özün qaval çal, bacararsan... Nə isə, o vaxtdan çıxışlarım zamanı özüm qaval çalıram. Bundan başqa, Fransa qastrollarının birində ilk dəfə qadın triosu yaratmışam. Yadımdadır, biz üçümüz milli geyimlərdə əlimizdə musiqi alətləri səhnəyə çıxan kimi salonda gurultulu alqışlar qopdu və bir xeyli davam etdi.

- 1988-ci ildə Hindistan səfəriniz barədə danışardınız.

- Rəşid Behbudovla səfərimizi deyirsiniz? Onunla 1982-ci ildən müxtəlif ölkələrə qastrollara çıxmışıq. Həmin il yadımdadır, bir gün axşamdan xeyli keçmiş qapı döyüldü. Yoldaşım qapını açdı, gələn Rafiq Babayeviydi. Gec saatda narahat etdiyinə görə üzr istəyib, xeyli evimizi axtardığını dedi, sonra da çox nəzakətlə Rəşid müəllimin ertəsi gün Mahnı Teatrına məşqə gəlməyim üçün dəvətini çatdırdı. Rəşid müəllim aramızdan erkən ayrıldı, hamımızın xatirəsində çox işıqlı, tərtəmiz iz qoydu. Gözəl insan və gözəl də sənətkardı, heyf ondan. Rəşid müəllim məni də öz truppasına çox mehribanlıqla, atalıq qayğısı ilə qəbul etmişdi. Çox vətənpərvər insandı və qastrol səfərlərinə istedadlı artistləri aparmağa çalışardı. Məsələn, Mübariz Tağıyev, Şəfiqə Eyvazova, Ramiz Quliyev və bir çox başqa müğənnilərimiz onunla xarici səfərlərdə olublar. Hindistana səfərimiz zamanı Bombey, Dehli, Kəlkütdədə çıxışlar etdik. O vaxt Rəşid Behbudov artıq xəstələnmişdi, amma səhnəyə çıxanda hər şeyi unudurdu. İki saatlıq çıxışı göz qırpımı kimi keçirdi. Onun bənzərsiz səs tembri son nota qədər yayılaraq hamını valeh edirirdi. Üstündən az vaxt keçmiş dünyasını dəyişdi. Bu böyük sənətkar mənə çox şey öyrətdi, bildiklərini, təcrübəsini mənimlə bölüşdü. Bu insana çox minnətdaram və onun nurlu xatirəsi qəlbimdə həmişə yaşayacaq.

- Məşhur muğam ustası kimi yeddi muğamın hansını ifa etməyi xoşlayırsınız?

- Yeddi muğamın hamısını oxuyuram. Muğam insanın ovqatını, daxili halını əks etdirir. İnsan da həmişə bir ovqatda ola bilməz. Bu gün “Segah”la qəm-qüssəlisənsə, sabah “Humayun” oxuyur, o biri gün “Rast”la şad-xürrəmsən. Bütün dünya xalqlarının musiqisində bu var. Bəzən evdə oturub Çin xalq havasını eşidib diqqət edirsən, sanki xalis “Şur” muğamıdır. Yaxud Latın Amerikası havasını çalırlar, mən isə “Bayatı Şiraz” eşidirəm...

- Muğam ifaçılığında əsas nədir?

- Muğam sənətində ikinci dərəcəli məsələ yoxdur, burada səs də, tələffüz də, mətni səlis bilmək də, hər şey əsasdır, amma ən əvvəl oxuduğun muğamı hiss etməkdir. İfaçı ifa etdiyi muğamın dərinliklərinə nüfuz etməli, bütövlüklə hisslərinə köçürüb onunla bütövləşməlidir ki, muğam onun sözü, duyğusu, dərd-səri, həyəcanı olsun. Tələbələrimə də elə bunu təlqin etməyə çalışıram. Bir də muğam ifaçılığı mədəniyyətin olmalıdır, çünki muğamı oxumaq üçün təkcə istedad azdır, sən muğam havası vasitəsilə vətənini, millətini, onun mədəniyyətini çatdırmağı bacarmalısan.

- Bakıda keçirilən bütün beynəlxalq muğam festivallarının münsifi olmusunuz. Bu dəfəki festivaldan nələr gözləyirsiniz?

- Əvvəlkilərdə olduğu kimi, muğam bayramını, muğam şənliyini. Ölkənin muğam sinfi olan bütün musiqi təhsili müəssisələrində festivalın müsabiqəsində iştirak etmək üçün namizədlərin seçim turları keçirildi. Aralarında diqqətə layiq səslər də var, üstəlik, xarici ölkələrdən də müsabiqəyə ərizələr gözləyirik. Festivalla bağlı təşkilati işləri başlayıb və gedir. Mən bir sürpriz hazırlayıram, festivalın yekun konsertində ifa olunacaq. Hələlik bu barədə danışmayım, inşallah, vaxtı gələndə hamı dinləyəcək. Söhbət muğamda yenilikdən gedir. Belə ki, festivalda görüşərik.

- Çox sağ olun, mütləq gələcəyik.

Nelli Atəşgah