Xanımına tanışlıqdan 20 dəqiqə sonra evlənmə təklif edən millət vəkili - Keçmişdəki mən
Deyir ki, insanı nə ideallaşdırmaq, nə də onu dəyişməyə,
yenidən tərbiyə etməyə çalışmaq lazımdır. Biri ilə uyğunluğunuz varsa, onunla
düşünmədən evlənə bilərsiniz. Qalan məsələlər zamanla həll olur. Ona görə, ailə
quran şəxslər yalnız evliliyə qədər yox, evlilikdən sonra da bir-birilərinə xoş
sözlər deməlidirlər. İndiki gənclərin səhvi ondadır ki, çox qısa zamanda ev,
maşın, iş, vəzifə sahibi olmaq istəyirlər.
Hazırda bir povestin, fantastik janrlı romanın və 50-yə
yaxın hekayənin müəllifidir. Ancaq heç birini çap etdirməyib, çünki insanın bir
sahədə tanınmasının tərəfdarıdır. Düşünür ki, bu gün deputat, politoloq kimi
tanınmağı kifayətdir. "Keçmişdəki mən” rubrikasının budəfəki qonağı millət vəkili Aydın Mirzəzadədir.
Ailəmizdə pul qazanmaqdan yox...
Aydın Mirzəzadə 2 iyul 1957-ci ildə Mingəçevir şəhərində
6 uşaqlı, mehriban, sevgi dolu fəhlə ailəsində doğulub. Valideynləri uşaqların
hər birinə ali təhsil almaq imkanı yaradıblar. Həm ata, həm ana tərəfdə nəsildə
bəy, mülkədar və tacirlərin olmağına baxmayaraq, sadə, təmtəraqdan uzaq həyat tərzi
yaşayıblar: "Bizim nəslimizdə kifayət qədər imkanlı, adlı-sanlı insanlar olub.
Amma buna baxmayaraq, həmişə sadə həyat yaşamışıq. Mən indi də həmin həyat tərzini
davam etdirirəm. Ailəmizdə həmişə pul qazanmaqdan yox, adı təmiz saxlamaqdan, əməksevərlikdən,
insanlara yaxşılıq etməkdən, həyatda xeyirxah işlər görməkdən danışılıb.
Düşünürəm ki, ailəmizin verdiyi tərbiyənin sonrakı həyatımızda çox köməyi oldu.
Bu gün 6 uşaqdan olan 15 nəvənin iki məktəb yaşlı olanından başqa hamısı ali təhsillidir.
Hər biri daşıdığı soyadın nüfuzunu qoruyub saxlamağa çalışır”.
Evimizdə divar qəzeti hazırlayırdıq
Müsahibimiz uşaqlıq illərindən danışarkən ailəsində
olan qəzet ənənəsindən də söhbət açır: "Kitab oxumaq həvəsim həddən artıq çox
idi. Evdə kiçik kitabxanamız vardı. Məktəb kitabxanasından başqa, şəhər
kitabxanasına yazılıb oradakı kitablarla da tanış olurduq. Atam bizim üçün
kiçik yazı lövhəsi düzəltmişdi. Məktəbdən gətirdiyimiz tabaşirlə orada dərslərimizi
hazırlayırdıq. Ən maraqlısı da budur ki, biz dərsləri kitabdan yox, bir-birimizdən
öyrənirdik. Bizim maraqlı bir ənənəmiz vardı. Evimizdə divar qəzeti buraxırdıq.
60-cı illərin sonu, 70-ci illərin əvvəli idi. Molla Pənah Vaqifin 250 illik
yubileyi keçirilirdi. Təbii ki, bizim evdə də buna hazırlıq gedirdi. Vaqifin
yaradıcılığına həsr olunmuş divar qəzeti hazırladıq. Kimisi onun şəkillərini
tapıb gətirir, kimisi şerlərini qəzetə köçürürdü. Həmin dövrdə eyni zamanda məktəbimizdə
də Vaqifin yaradıcılığından bəhs edən siniflərarası divar qəzeti müsabiqəsi
keçirilirdi. Müəlliməm bizdə hazır qəzet olduğunu bilib, təklif etdi ki, onu
sinfimiz adından təqdim edək. Məktəbdə həmin müsabiqənin qalibi elə bizim qəzetimiz
oldu”.
Dünyaya ancaq dərs oxumaq üçün gəlmişəm
Məktəb illərindən danışarkən ilk olaraq yadına Xanım
müəllimə düşdüyünü deyir: "10 nömrəli orta məktəbdə təhsil almışam. Məktəbimizdə
iki rus, bir Azərbaycan sinfi vardı. Bütün tədbirlər rusca keçirilirdi, rus əhval-ruhiyyəsi
daha çox duyulurdu. Bu, bir tərəfdən rus dilini və mühitini öyrənməyə kömək
edirdi, digər tərəfdən həyatı, özümüzü qorumağı öyrədirdi. Çox yaxşı müəllimlərimiz
var idi. İbtidai sinif müəllimim indi də yaşayır. Adı Xanımdır, hər fürsətdə
onunla əlaqə saxlayıb, həmsöhbət oluram. Bu, müəllimin çox maraqlı dərs keçmə
metodu var idi. Dərsini zəif mənimsəyən uşaqları evinə aparıb, tam təmənnasız
olaraq növbəti günün dərslərini hazırlamasına kömək edirdi. Çünki bilirdi ki, həmin
uşağı evdə oxudan olmayacaq. Mən həmin dövrün şanslı uşaqlarında idim ki, atam
dərslərimə xüsusi qayğı ilə yanaşırdı. 1-ci sinfin yanvarına qədər atam dərslərimə
kömək etsə də, daha sonra təkbaşına etməyə başladım. Oxumağı, öyrənməyi çox
sevirdim. Mənə elə gəlirdi ki, dünyaya ancaq dərs oxumaq üçün gəlmişəm. Həmin
dövrdə yaxşı oxuduğum üçün verilən fəxri fərmanları hələ də saxlayıram. Hətta
gündəliklərim də indi şəxsi arxivimdə durur. Azərbaycanda ikinci elə bir
insanın olduğuna inanmıram ki, orta məktəb gündəliklərini saxlasın (gülür)”.
Kürü üzüb keçmədinsə, kişi sayılmırdın
Yeniyetməlik illərini xatırlayan həmsöhbətimiz Kür
çayı ilə bağlı xatirələrini də bizimlə bölüşdü: "Evimiz Mingəçevirdən keçən Kür
çayının 100 metrliyində yerləşirdi. Qardaşlarım və qonşularımızla tez-tez balıq
tutmağa gedirdik. Mən pis balıqçı deyiləm (gülür). Həmin dövrdə Mingəçevirdə
belə bir qayda var idi ki, oğlanlar Kürü üzüb keçmədisə, hələ kişi sayılmırdılar.
Ona görə oğlanlar üzməyi öyrənib, Kürü keçməyə çalışırdılar. Yalnız ondan sonra
hörmətli olurdular. Balıq tutmağı, çətinliyə düşüb çıxmağı, Kürü keçməyi bilmək,
dövrün yaşlılarını müşahidə edib, onlardan nələrisə öyrənmək bizim üçün böyük məktəb
idi. Kinorejissor olsaydım, yəqin ki, uşaqlıq xatirələrimdən silsilə filmlər çəkərdim”.
Gəncliyin formalaşmasındakı problem
Universitetə hazırlıq illərindən danışan millət vəkili
indiki gəncliklə öz dövrlərini müqayisə edir: "Bizim dövrümüzdə gənclər
arasında görünməyən bilik yarışması var idi. Hamımız yaxşı oxumağa, bilikli
olmağa çalışırdıq. Biz nəinki ali məktəbə qəbul olmaq, ali təhsili bitirdikdən
sonra harada işləyəcəyimiz barədə düşünürdük. Amma indiki gəncliyin müəyyən
qismində sadəcə, universitetə daxil olmaq məqsədi var. Sonrakı dövr üçün məqsədləri,
planları yoxdur”.
"Sən məktəbin komsomol katibi
olacaqsan?”
Uşaqlıqdan böyüməyə tələsdiyini deyən Aydın Mirzəzadə
sosial-ictimai işlərdə də fəal iştirak edib: "Bilmirəm niyə, amma uşaqlıqdan
tez böyümək, hansısa işləri görmək istəyirdim. Təhsil illərində həm yaxşı
oxuyan, həm də ictimai fəal olmuşam. Həmişə sinif nümayəndəsi seçilmişəm. 8-də
oxuyanda sinfin, 9-10-cu sinifdə isə məktəbin komsomol katibi kimi fəaliyyət
göstərmişəm. Mənə qədər hələ heç kim Azərbaycan bölməsindən məktəbin komsomol
katibi olmamışdı. Çünki adətən, bu posta rus bölməsində oxuyan ruslar və ya ermənilər
seçilirdi. Yadıma gəlir, azərbaycanlı olmayan bir müəlliməmiz bunu biləndə
sinfimizə gəlib, yüksək səs tonu ilə "sən? sən məktəbin komsomol katibi
olacaqsan?” deyə əsəbiləşmişdi. Özünə gələ bilmirdi ki, azərbaycanlı biri məktəbin
gənclərini təmsil edəcək”.
Evimizdə kiçik Milli Məclis vardı
Müsahibim deyir ki, məktəb illərində yaxşı oxuduğu
üçün konkret hansısa sahəni, ixtisası seçməkdə çətinlik çəkib: "Fənlərin hamısı
maraqlı gəlirdi deyə, həm riyaziyyatçı, siyasətçi, tarixçi, hüquqşünas,
diplomat, mühəndis, aqronom, həm də yazıçı, şair olmaq istəyirdim. Məncə, bu,
orta məktəbdə yaxşı oxuyan bütün şagirdlərin problemi olur. 10-cu sinfi bitirənə
qədər fikrim riyaziyyatçı olmaq idi. Amma evimizdə olan kiçik, iki deputatdan
ibarət olan Milli Məclisin söhbətləri mənim fikrimi dəyişdi (gülür). Atam və əmimdən
ibarət olan bu Milli Məclis həmin dövrdə görülən quruculuq işlərini, ulu öndər
Heydər Əliyevin qəzetdə çıxan məqalələrini oxuyub, müzakirə edirdilər. Digər tərəfdən,
70-ci illərdə Mingəçevirdə çoxlu yeni binalar tikilirdi. Bu, mənə çox maraqlı gəlirdi.
Həmin söhbətlərin təsirindən sənədlərimi inşaat fakültəsinə verdim. Birinci il
alınmasa da, ikinci il yeni açılan İnşaat Mühəndisləri İnstitutunun inşaat
fakültəsinə qəbul oldum. Və beləcə, həyatımın çox maraqlı və xatirələrlə zəngin
olan ikinci hissəsi başladı”.
1 həftə ac qaldım, amma heç kimdən pul
istəmədim
Tələbəlik illərindən danışan millət vəkili günlərlə ac
qaldığı vaxtları xatırlayır: "Tələbəlik deyəndə əsasən iki xatirə yadıma düşür.
İlk olaraq hiss edirdim ki, böyüyürəm. Sanki həyata daha açıq gözlə baxırdım. Bəzi
məsələləri daha aydın şəkildə görüb, analiz edirdim. İkincisi isə yaşadığım
maddi çətinlikləri xatırlayıram. Günlərlə ac qaldığım zamanlar olub. Pulumun
çatmadığı, valideynlərimin göndərəcəyi yardımı səbirsizliklə gözlədiyim günləri
heç vaxt unutmaram. Bir dəfə təqaüdüm bitmişdi və valideynlərimin də göndərəcəyi
pul gecikirdi. Onda hiss etdim ki, bir həftə ac qalmalıyam. Amma buna
baxmayaraq, heç kimdən pul istəmədim. O vaxtı paket suplar var idi. Həmin bir həftəni
günorta və axşam sup içdim. İndi də paket sup görəndə onu əlimə alaraq, o illərimi
yada salıram”.
6 manatın toxunulmazlığı
Həmsöhbətim o dövrdə qəzetə verdiyi önəmdən də
danışdı: "Tələbəlik illərimdə ac qalsam da, istər təqaüdümdən, istər evdən gələn
puldan 6 manatın toxunulmazlığı vardı. Onu xərcləmək olmazdı. Bir həftə ac
qaldığım günlərdə belə o puldan istifadə etmirdim. Çünki həmin pulla hər gün 20
qəpik verib qəzet alırdım. 30 gün 20 qəpikdən hesabladıqda 6 manat edir. Əgər
bir gün mən həmin puldan 20 qəpik yemək üçün xərcləsəydim, o zaman gərək qəzet
almazdım. Lakin mən qəzet almağı, oxumağı seçirdim. "Pravda”, "İzvestiya”,
"Kommunist” qəzetlərini hər gün oxuyurdum. Ac qalırdım, hətta, elə vaxt olurdu
ki, 8 ay kinoya getmirdim. Düşünürdüm ki, ora verdiyim pula qəzet alaram. Bu
gün məlumatlı, siyasi ideologiyaya yaxından bələd olmağım bəlkə də, onun nəticəsidir.
Universitetdə siyasi fənlər üzrə müəllimlər məndən dərs soruşmadan qiymət
yazırdılar.”
"Mən sizinlə evlənmək istəyirəm”
"Mən 27 yaşımda ailə qurmuşam. Həyat yoldaşım kiçik
bacımın ingilis dili müəlliməsi idi” deyən millət vəkili ailə həyatından da
danışdı: "Həmin dövrdə də mənim ailə qurmağım evdə aktual və müzakirədə olan məsələlərdən
idi (gülür). Bir gün bacım dedi ki, belə bir müəllimi var. Anam da məndən xəbərsiz
qızı görüb bəyənibmiş. Mənə dedilər ki, bəlkə görüşəsən. Mən isə xanımı təsadüfən
bir dəfə məktəbə gedərkən yolda görmüşdüm. Görüş məsələsinə etiraz etmədim. Təbii
ki, müəllimi açıq şəkildə görüşə dəvət edə bilməzdim. Bacım danışıb evimizin
yanındakı parka çağırdı. Görüşə bacımın yerinə mənim gəldiyimi görəndə çox təəccübləndi.
Xanıma bildirdim ki, bacım haqqında danışmağa gəlmişəm. Yəni, onun təhsil həyatı,
gələcəyi ilə bağlı. Biz beləcə söhbət etməyə başladıq. O çox gözəl şəkildə
bacımla bağlı fikirlərini bildirir, məsləhətlər verirdi. 20 dəqiqə sonra birdən
onun sözünü kəsib, "üzr istəyirəm bir dəqiqə dayanın, mən sizinlə evlənmək istəyirəm”
dedim. O isə susdu. Bir neçə saniyəlik sükutdan sonra "anam bilər” deyib getdi.
6 ay sonra noyabrın 24-ü bizim toyumuz oldu. Amma bizim ilk görüşdüyümüz gün
1984-cü il mayın 27-si bazar gününə təsadüf edirdi. Və mən hər il mayın 27-si həyat
yoldaşıma 17 qızılgül hədiyyə edirəm”.
Millət vəkilindən gənclərə məsləhət
Aydın bəydən yenicə tanıdığı xanıma 20 dəqiqəyə necə evlilik
təklif etdiyini soruşduq: "Mən insanları tanıya bilirəm. Düzdür, səhv elədiyim
məqamlar da olub. Amma əsas etibarilə insanı müşahidə edərək necə biri olduğunu
anlayıram. Xanım danışarkən onu müşahidə edərək fikirləşdim ki, ondan mənə
yaxşı həyat yoldaşı olar. Amma təəssüf ki, indiki gənclər 100 faizlik təmin etmə
istəyirlər. Bəlkə də ona görə bu qədər ailə qurmayan və ya ailə qurub boşanan gənclərimiz
var. Düşünürəm ki, bir insanı nə ideallaşdırmaq, nə də onu dəyişməyə, yenidən tərbiyə
etməyə çalışmaq lazımdır. Bəzən gənclərimiz elə bilir ki, xoş sözü yalnız evliliyə
qədər demək lazımdır. Amma belə deyil. Evlilikdən sonra da buna davam etmək
laızmdır. Əlbəttə, hər kəsin mənfi tərəfləri var. Amma çalışın onları görməzdən
gəlin”.
Millət vəkili son olaraq gənclərə pozitiv olmağı, çətinliklərdən
qorxmamağı və həyatı sevərək yaşamağı məsləhət gördü.
Günel Azadə