Xanım-xatın nənələrimiz kimi geyinək - Reportaj
Xanımları xanım kimi zərif göstərən ilk növbədə
onların geyimləridir. Bəzi geyimlər var ki, onların içinə girdikdə, özünü
tarixdən qopub gəlmiş əsilzadə xanım kimi hiss edirsən. Eynən bizim milli
geyimlərimiz kimi. Tariximizin səhifələrindən süzülüb gələn o geyimlərimizdən
isə indi yalnız Novruz bayramı ərəfəsində efirlərdə çıxış etmək və özəl
günlərdə uşaqlara şeir dedirtmək üçün istifadə edirlər. Əslində, bu, məsələnin
təəssüf doğuran tərəfidir. Ancaq bir məqam da var ki, bu gün xınayaxdı, nişan
mərasimlərində gənc xanımlarımız milli geyim axtarışına çıxaraq, dükanları
gəzirlər.
10 illik yol
Bu gün zövqlə, şarmla nümunə göstərilə biləcək
milli geyimlərin hazırlandığı məkanlar isə barmaqla sayılası qədərdir. Onlardan
ən tanınan, beynəlxalq arenada ölkəmizi təmsil və təbliğ edən geyim evlərindən
biri də 10 ildir ki, fəaliyyət göstərən Bakı Milli Geyim Evidir. Gənclərin
milli geyimə olan marağını nəzərə alıb, bu geyim evinin qonağı olduq. Bizi
burada ilk olaraq geyim evinin rəhbəri, eyni zamanda, "Sara Xatun” jurnalının
baş redaktoru və təsisçisi Könül Vəlibəyli qarşıladı. Buranın birinci
mərtəbəsində hazır geyimlər və podium yer alıb. Bu podiumda geyimlər, güzgü və əl
işləri olan papaqlar, araxçınlar səliqə ilə piştaxtalarda düzülüb. Bayırdan bu
məkana gəldikdə, ilk baxışdan kuklalara geyindirilmiş milli geyimlərimiz buranı
bir geyim dükanına bənzədir. Geyim evinin ikinci mərtəbəsi isə əsl yaradıcılıq
mərkəzidir. Burada ölçülər, əsas kəsimlər, ütü prosesi, geyimlərin hazırlanması
aparılır, tikiş maşınları və onların başında çalışan xanımlar yer alır.
Könül xanımla ilk olaraq bu geyim evinin yaranması
zərurətindən danışdıq. Söhbət zamanı bildirdi ki, Bakı Milli Geyim Evi 2008-ci ildə
yaradılıb. Bu məkanı yaratmaqda isə əsas məqsəd xalqımızın qədim köklərini və
milliliyini özündə əks etdirən, milli-mənəvi dəyərimiz olan geyimləri təbliğ
etməkdən ibarət olub.
"Sara Xatun”un tələbatı ilə yaranan Milli Geyim Evi
Könül Vəlibəyli deyir ki, uzun illər təsisçisi
olduğu "Sara Xatun” adlı qadın jurnalında Azərbaycan xanımlarını milli geyimdə təsvir
etmək onun arzusu olub: "2002-ci ildən işıq üzü görən
"Sara Xatun” jurnalında çalışırdım ki,
xanımlarımızı milli geyimdə göstərən xüsusi bir buraxılış edim. Uzun müddətdən
sonra arzuma çatdım. Azərbaycanın ziyalı xanımlarını Azərbaycan milli geyimində
oxucularımıza təqdim etdik. 20-yə yaxın xanım üçün geyim hazırlamaq böyük bir geyim
evi tələb edirdi. Təbii ki, bunu hazırlamaq üçün böyük büdcəmiz olmalı idi. O
zamanlar milli geyimlərimizi daha çox rəqqaslarda gördükləri üçün insanlar onların
ancaq rəqs geyimi olduğunu düşünürdülər. Biz bu layihəni o zaman həyata keçirə bilmədik.
Düzdür, xüsusi nömrə hazırlandı və jurnalımızın sayında maraqlı söhbətlər, müsahibələr
etdik. Ancaq cəmiyyətdə müəyyən qədər sözünü demiş, nüfuzlu xanımlarımızı milli
geyimlə çəkə bilmədik. Mədəniyyət Nazirliyindən təklif etdilər ki, bu barədə kifayət
qədər təcrübəm olduğu üçün milli geyim evi yaradım. Mən də bunun heç də pis
fikir olmadığını düşündüm”.
Müsahibimiz deyir ki, bu evi yaradarkən Səbirə Dünyamalıyevanın
milli geyimlərə həsr olunmuş kitabından yararlanıblar. Bu kitab Rəssamlıq Akademiyasında
moda fakültəsində dərslik kimi istifadə edilir. Qarşısına milli geyim evi
yaratmağı məqsəd qoyan Könül xanım işə Azərbaycanın bölgələrinin geyimlərini hazırlamaqla
başlayıb.
Tərkibində müxtəlif bölgələrimizi əks etdirən
geyimlərin hazırlandığı məkanın adının məhz Bakı ilə bağlı olmasına isə müsahibim
belə açıqlama gətirdi: "Bir gün görüşlərin birində məndən geyim evinin adını
soruşdular. Özümdən asılı olmayaraq dedim ki, Bakı Milli Geyim Evi. Çünki ilk dəfə
Bakının milli geyimini hazırlamışdıq. O gündən etibarən geyim evinin adı belə də
qaldı. 10 ildə Azərbaycanda milli geyimlərin təbliği, tanınması, gündəmə gəlməsi,
xanımlarımızın onu milli geyim kimi qəbul etməsi üçün çox böyük addımlar atdıq.
Bu gün hər kəs Bakı Milli Geyim Evini tanıyır”.
Hamı milli
geyinsin
Milli geyimlərimizin tarixini araşdıran
həmsöhbətimiz istəyir ki, bu geyimləri təkcə Novruz bayramında aparıcılarımız, müğənnilərimiz
geyinməsin. Millət vəkillərimiz, diplomat xanımlarımız da tez-tez geyinsin. Deyir
ki, milli geyimlərimizin bizim milli dəyərlərimizin bir hissəsi olduğunu təbliğ
edir: "Xanımlar televiziyaya baxanda müğənniləri, aparıcıları milli geyimdə görürlər,
ancaq həkimin, professorun, diplomatın milli geyim geyindiyini görsələr, bəlkə ürəklənib
özləri də geyinərlər. "Sara Xatun”un budəfəki nömrəsini hazırlayarkən bir nəfər
iş qadınına zəng edib milli geyimimizi jurnalımızda təbliğ etməsini xahiş etdik.
Onu bu sözümüzlə tənqid etdiyimizi bildirdi, hətta "müğənni-zadam mənə milli geyim
geyindirəsiniz?” kimi fikirlər səsləndirdi... Onun bu sözündən çox təsirləndim.
Milli geyimi geyinmək utanc deyil. Bizim ulu nənələrimizin, Sara Xatunun geyindiyi
paltar olub. Biz bunu fəxrlə geyinməliyik. Bu ev ehtiyacdan yarandı. Bu evi yaradanda
məqsədim milli geyimlərimizi xanımlarımıza, övladlarımıza sevdirmək idi. Bu gün
də biz dünyanın harasına gedirsək-gedək, Bakı Milli Geyim Evi deyə tanınırıq. Bir
geyim evinin tanınması, marka olması üçün ortaya işlər qoymaq lazımdır”.
Öyrənirik ki, burada sifarişlə geyimlərin hazırlanması,
tədbirlər üçün geyimlərin sifarişi də mümkündür. Burada 150-yə yaxın geyim var.
Geyim evində hazırlanan paltarlar teatrlarda tamaşalarda da istifadə edilir. Bundan
başqa, xalq artistləri, rəqs ansamblları beynəlxalq festivallara gedərkən bu
geyimlərdən yararlanırlar.
Təbliğatdan tədrisə keçid edən məkan
Bu məkan nəinki gənclərə milli geyimlərimizi təbliğ
edir, eyni zamanda, tədris ocağı kimi də fəaliyyət göstərir. Belə ki, müxtəlif
yaradıcı təhsil ocaqlarımızdan Bakı Milli Geyim Evinə tələbələr gəlir, burada
təcrübə toplayırlar. Hətta onların bir çoxu işçi olaraq bu məkanda çalışırlar. Bu
gün fəaliyyət göstərən moda evlərinin əksəriyyətində Bakı Milli Geyim Evindən çıxan
modelyerlər çalışır. Onların içərisində öz moda evini açan tələbələr də var.
Könül xanımla Bakı Milli Geyim Evini gəzərək söhbət
edirik. Ona bu məkanı açmağa stimul verən hadisələrdən danışırıq: "Biz yeni–yeni
fəaliyyət göstərəndə, ilk qapımızı döyən Xarici İşlər Nazirliyinin nümayəndələri
oldu. Şərq ölkələrindən qonaqlar gəlmişdi. Onda bizim cəmi 20 geyimimiz vardı. Bizdən
bir neçə paltar istədilər və dedilər ki, daha çox çeşid olmalıdır ki, hər bir ölçüyə
uyğun geyimlər olsun. O gün qarşıma bir məqsəd qoydum. Düzdür, bu məqsəd mənə çox
baha başa gəldi. Məqsəd buydu ki, milli geyim evinə daxil olan hər qadın öz ölçüsünə
uyğun geyimi əldə edə bilsin. Olmasa belə, hazırda biz onu bir günə hazırlayıb,
təqdim edə bilirik”.
Dünyanı gəzən
milli geyimlərimiz
Gənc xanımların xınayaxdılarda milli geyimlərə olan
marağından danışırıq. K.Vəlibəyli bildirir ki, Türkiyədə yayımlanan "Muhteşem
yüz yıl” serialından sonra qızlarımız milli geyimləri başqa yöndə görməyə başladılar.
Belə ki, öz nişanlarında bizim milli geyimləri deyil, türk milli geyimlərini tələb
etdilər: "Təbii ki, bu, bir seçimdir. Bu gün məktəblərdə, o cümlədən Əlifba bayramında
valideynlər uşaqlarına milli paltarlar geyindirməyə çalışırlar. Övladlarımıza uşaqlıqdan
milli geyimi tanımağı, seçməyi və sevməyi öyrədirik. Müştərilərimiz zəng edir ki,
İrəvan, Şuşa, Qarabağ geyimlərini hazırlayın. Ailələr var ki, Novruz bayramlarını
milli geyimdə keçirirlər və bizə müraciət edirlər”.
Geyim evini gəzərkən yeni hazırlanan geyimlərə
baxırıq. Öyrənirik ki, burada hər il ən azı 50 yeni geyim hazırlanır. Əlbəttə
ki, bir kolleksiyanı 10 il təqdim etmək mümkün deyil. Köhnə geyimlər isə
hədiyyə olaraq teatrlara və şəxsi müştərilərə göndərilir. Onların bəziləri isə
satılır.
Bakı Milli Geyim Evinin son illər gördüyü digər işlərlə
də tanış olmaq imkanımız olur. Bir çox səfirliklərlə çalışan geyim evinin
rəhbəri qeyd edir ki, xaricdə təşkil olunan mədəniyyət günlərimizdə, sərgilərimizdə
milli geyimlərimizin dəfilələri keçirilir. Elə bu il Azərbaycan Cümhuriyyətinin
100 illiyi münasibəti ilə Cənubi Koreyada, Seulda 34 geyimlə ölkəmizi təbliğ
ediblər. Azərbaycan Cümhuriyyətinə həsr olunmuş növbəti dəfilə Sankt-Peterburqda
olub. Bundan öncəki illər isə Meksika, Çin,
Türkiyə, Rusiya, Qazaxıstan və başqa ölkələrdə Azərbaycan günlərində milli geyimlərimiz
təqdim olunub.
Xəyalə Rəis