• cümə axşamı, 25 aprel, 21:10
  • Baku Bakı 21°C

Xanəli Kərimlinin vətəndaşlıq şeiriyyəti

27.12.16 14:00 2833
Xanəli Kərimlinin vətəndaşlıq şeiriyyəti
"Xanəli Kərimli yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biridir”
Akademik İsa Həbibbəyli
Xanəli Kərimli poeziyasını dəyərləndirib, təhlil edərkən bütünlükdə ötən əsrin şeir sənətini nəzərdən keçirmək zərurəti doğulur. Onun lirikasının doğuluşunu və mənşəyini göz önünə gətirmək, hansı qaynaqlardan və irmaqlardan qidalandığını təsəvvür etmək üçün biz əsrin ədəbi gedişatını qısaca da olsa ardıcıllıqla izləməliyik. Bu nöqteyi-nəzərdən yanaşarkən, XX əsr Azərbaycan poeziyasında vətən və vətəndaşlıq mövzusundakı şeirlər əsas bədii-fəlsəfi təmayüllərdən biri kimi diqqəti cəlb edir. Bu ədəbi təmayülün başlanğıcında Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq və başqa nəhəng korifeylər əbədiyaşar poetik örnəklərini bizə yadigar qoyub getmişlər. Xüsusən, "Molla Nəsrəddin”çi sənətkarların yaradıcılığı milli-bədii təfəkkürün bu yöndə inkişafına misilsiz təsir göstərib. Oktyabr çevrilişinə qədər Azərbaycan ədəbiyyatında vətəndaşlıq poeziyasının və nəsrinin son dərəcə qiymətli təcrübəsi və mərhələsi formalaşıb. Amma sovet dövründə milli ədəbiyyatımızın poetikası və tematikasında köklü dəyişikliklər baş verdiyi kimi, bu sahədə də mühüm keyfiyyət dəyişikliklərini müşahidə edirik. Oktyabr inqilabı, kommunistlər partiyası, Lenin, Stalin və sovet cəmiyyətinin bir çox başqa rəmzləri, atribut və sənədləri haqqında onlarla, yüzlərlə konyuktr əsərlər yaradılmasına baxmayaraq, ümumən, sovet dövrü poeziyasında da vətəndaşlıq şeirinin bir sıra gözəl və qiymətli nümunələri yaradılmışdı. Xüsusən, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza, Osman Sarıvəlli, Əhməd Cəmil, Mirvarid Dilbazi, Balaş Azəroğlu, Söhrab Tahir və başqalarının bu istiqamətdəki bədii axtarışları diqqətə layiqdir. 60-cı illərdən etibarən vətəndaşlıq poeziyası sahəsində daha böyük və sanballı uğurlara imza atılıb. Yeni poetik nəsil bütün poetik mövzu və dəyərləri orijinal şəkildə, tamamilə təzə üslubda bədii təqdim və təlqin etdiyi kimi, vətəndaşlıq poeziyasının sərhədlərini və miqyaslarını dəyişdirməyə də cəsarət edirdi. Əli Kərim, Məmməd Araz, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, Fikrət Sadıq, Fikrət Qoca, İsa İsmayılzadə, Məmməd Aslan, Musa Yaqub və başqa istedadlı şairlər vətəndaşlıq şeirlərinə yeni poetik status qazandırmaq sahəsində böyük işlər görürdülər. Məhz altmışıncıların yaradıcılığındakı bu estetik prosesləri nəzərə alaraq 60-80-ci illəri Azərbaycanın vətəndaşlıq poeziyası tarixində özünəməxsus və parlaq bir mərhələ kimi dəyərləndirmək məqsədə müvafiqdir.
Vətəndaşlıq poeziyasının yüksəlişində növbəti mərhələ 90-cı illərdən başlanır. Bu mərhələnin orijinallığı və əvvəlki dövrlərdən fərqi ondadır ki, onun irəliyə doğru hərəkəti və fəaliyyəti hansısa bir ədəbi nəslin yaradıcılığı ilə yox, ümumən, ictimai-siyasi və ədəbi-estetik hərəkatın mahiyyəti, xarakteri ilə səciyyələnirdi. Yəni 1905-1910-cu illərin vətəndaşlıq poeziyasının taleyini M.Ə.Sabir və M.Hadi pleyadası müəyyənləşdirmişdisə, 30-50-ci illər sovet şeirinin vətəndaşlıq pafosunu S.Vurğun və R.Rza nəslinin əsərləri təyin edirdisə, 60-80-ci illər poeziyasında bu missiyanı B.Vahabzadə, M.Araz və X.R.Ulutürk nəsli yerinə yetirmişdisə, artıq 90-cı illərdən etibarən poeziyada belə bir ədəbi özünəməxsusluq, yəni hansısa nəslin öncüllüyü hiss olunmurdu. Poeziyada vətənin varlığını və vətəndaşlıq funksiyasını bütün şairlər və ədəbi nəsillər ifadə etməyə çalışırdı. Xanəli Kərimli məhz bu yeni və möhtəşəm dövrün parlaq imzalarından biridir. Xanəli Kərimlinin həmin dövrdə - 90-cı illərdə bir-birinin ardınca və ilhamla yazdığı "Azərbaycan”, "Azərbaycan bayrağı”, "Onu zaman doğmuşdu”, "Harda Azərbaycan bayrağı qalxsa”, "Naxçıvanım mənim”, "Öz dilimsən”, "Xalqım”, "Şəhidlər Xiyabanında”, "Bu qan yerdə qalan deyil”, "Xiyabani demiş”, "Özgə millət”, "Gəzirəm Vətəndə itən vətən”, "En ruhların arasından”, "Məramsız yaşamaq” və başqa onlarla şeirləri yuxarıda söylədiklərimizə parlaq sübutdur. Müstəqillik dövrü Azərbaycan poeziyasının tarixini və ilk təşəkkül dövrünü öyrənmək istəyən tədqiqatçılar həmin dövrdə yazıb yaratmış Bəxtiyar Vahabzadə, Qabil, Xəlil Rza Ulutürk, Məmməd Araz, Məmməd Aslan, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Rafiq Yusifoğlu və başqaları ilə bir sırada Xanəli Kərimlinin yaradıcılığına da mütləq müraciət edəcəklər. Azərbaycan şeirinin vətəndaşlıq duyğularının miqyasını və məzmununu araşdırmaq üçün vətənpərvər şairin səmimiyyət və iztirabla yoğrulmuş ürək səslərini, harayını dinləyəcəklər.
Müasir ədəbi tənqid və ədəbiyyatşünaslıqda Xanəli Kərimli yaradıcılığına kifayət qədər müraciət edilib. Onun həyatı və bədii axtarışları barəsində kitablar, onlarla məqalələr işıq üzü görüb. Burada bəzi imzaları xatırlatmaq kifayətdir. Akademik İsa Həbibbəyli şair haqqındakı sanballı məqaləsində yazır: "Xanəli Kərimli yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biridir”. İstedadlı şairin son illərdə çap olunmuş diqqətəlayiq kitablarından biri "Payız duyğuları”nda (Bakı, 2013) onun yaradıcılığının bu keyfiyyəti daha geniş və əzəmətli şəkildə görünməkdədir. Bu kitab "Azərbaycan” şeiri ilə açılır. 90-cı illərin əvvəllərində qələmə alınmış bu şeir vətənimizin ağır və tragik vəziyyətini obyektiv əks etdirirdi:
Yüz illərdir taleyinə gizli-gizli qol çəkilir,
Müəmmalı oyunların baş qurbanı, Azərbaycan!
Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, Əhməd Cavad kimi ulu sənətkarlarımızın vətəndaşlıq qeyrəti və yanğısı ilə yazılmış bu şeirdə Azərbaycanın yaşadığı və qarşılaşdığı misilsiz faciələr məharətlə ümumiləşdirilib. Müəllif doğma vətənimizi bu günə salanlar sırasında yurddaşlarımızın da günahları olduğunu söyləməkdən çəkinmir.
Daş-qaşları papağından ağır gələn "kişilərin”,
Alverinə qurban gedən, qurbanı qan, Azərbaycan!
"Oğulların” yad ellərdə dollar yığır dar gün üçün,
Ağ saçlı bir ana kimi darda qalan, Azərbaycan!
"Azərbaycan” mövzusunun XX əsr poeziyamızda nə qədər mühüm və möhtəşəm mövqe qazandığı məlumdur. Onlardan yalnız bir neçəsi əbədiyyətə vəsiqə qazanmış və xalqımızın qəlbində əbədi yer tutmuşdur. Xüsusən, Almas İldırımın və Məhəmməd Şəhriyarın "Azərbaycan”ları öz tragizminə və dəhşətli reallıqlarla yaxından səsləşdiyinə görə, fərqlənir. Xanəli Kərimli öz "Azərbaycan”ını məhz bu yöndə və üslubda düşünmüş və Azərbaycan poeziyasının "Azərbaycannamə” ənənəsinə qiymətli bir töhvə vermişdir.
Sənsiz bizim bundan belə yaşamağa haqqımız yox,
Haqlı ikən haqsızlaşan, haqqı talan, Azərbaycan!
Adətən Vətən mövzusundakı şeirlərdə bir çox müəlliflər müsibət və faciələrin təsvirində belə bir ümüd yeri, bir işıq yeri qoymağa çalışırlar. Söz sənətinin, bədii gerçəkliyin təcrübəsi göstərir ki, bəzən milli və ya insani sonun çatdığını müəllif dərindən dərk etsə belə, onu təsdiq və tərənnüm etməyə cəsarət etmir. Bu fövqəladə təcrübənin də bizim ötən əsr ədəbiyyatımızda meydana çıxdığını görürük. Xanəli Kərimli də ustadları Almas İldırım və Məhəmməd Şəhriyar kimi milli qiyamətdən qurtuluşun yeganə yolunun "ölüm və olum” seçimindən keçdiyini göstərir.
Daha bıçaq sümükdədir, taleyinə özün qol çək,
Əyninə gey kəfənini, kəfəni qan, Azərbaycan!..
İstedadla yazılmış vətən şeirləri həqiqi vətən dərsliyidir. Müstəqillik dövründə poeziyamız və ümumilikdə isə ədəbiyyatımız bu istiqamətdə xeyli uğurlar qazanmışdır. Amma bu mövzuya və onun bədii həllinə ədəbi tənqiddə birmənalı yanaşmayanların da varlığını etiraf etməliyik. Bəzi müəlliflər ədəbi prosesdə bir sıra estetizm və poetizm təmayüllərini həddindən artıq ideallaşdıraraq vətəndaşlıq lirikasına yuxarıdan aşağı baxmağı özlərinə rəva görürlər. Daha doğrusu, vətən və vətənpərvərlik mövzusundakı şeirləri ikinci dərəcəli ədəbiyyat nümunələri kimi dəyərləndirməyə və təcrübəsiz oxucuları da buna inandırmağa can atırlar. Belə bir nəzəri-estetik yanaşma ilə qətiyyən razılaşmaq olmaz. Müasir dövrdə, radio və televiziyanın müxtəlif bəhanələrlə bu müqəddəs vəzifəni yerinə yetirməkdən boyun qaçırdığı bir vaxtda ədəbiyyatımız, xüsusən, poeziya vətənimiz tarixini və taleyini tərənnüm etməkdən yorulmursa, bu, nəyə görə kimlərinsə xoşuna gəlməməlidir?!
Biz isə bu fikirdəyik ki, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Çingiz Əlioğlu, Ramiz Rövşən, Eldar Baxış, Rafiq Yusifoğlu, Əlirza Xələfli, Əhməd Qəşəmoğlu, Vaqif Bəhmənli, Adil Cəmil, Rəşad Məcid, Əbülfət Mədətoğlu, Akif Azalp kimi bir çox müasir şairlərimizin, o cümlədən Xanəli Kərimlinin vətən və Azərbaycan haqqındakı şeirləri geniş tədqiq, təbliğ və tədris olunmalıdır. "Payız duyğuları” kitabında vətənimizin şərəfinə yazılmış, milli qürur və iftixar duyğularını oyadan, gözəl milli nəğmələr təsiri bağışlayan onlarla şeirlər bu qənaəti daha da möhkəmləndirir.
Yaşar Qasımbəyli
banner

Oxşar Xəbərlər