Xanəgah kəndi yaxınlığında qaya təsvirləri aşkar olunub
Bu günlərdə Culfa
rayonunun Xanəgah kəndi yaxınlığında, (Orta Anzır kəndinin xarabalıqlarından şərq
tərəfdə) dağdan qopan iri qaya parçasının üzərində qaya işarələri qeydə alınıb.
AMEA Naxçıvan Bölməsinin, İnformasiya şöbəsindən "Kaspi"yə bildirilib ki, bu işarələr haqqında Xanəgah kənd məktəbinin müəllimi Nəcəf
Nəcəfov məlumat verib.
İlkin araşdırmalar nəticəsində
aydın olub ki, tapılan qaya üzərindəki təsvir ayrılıqda çəkilmiş üç rəsimdən
ibarətdir. Rəsimlərin ikisi döymə, biri isə kəsmə texnikası ilə çəkilmişdir.
AMEA Naxçıvan Bölməsinin
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin
müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin verdiyi məlumata görə, təsvirlər
müxtəlif dövrlərdə çəkilmişdir. Döymə üsulu ilə çəkilmiş rəsmlərin bənzərləri Gəmiqaya
təsvirlərindən elmə məlumdur. Məlumat üçün onu da qeyd edək ki, çoxmənalı məzmuna sahib olan bu tip təsvirlər
başlıca olaraq insanı və həyat ağacını simvolizə etmişdir. Çəkilmə texnikasına
görə fərqlənən üçüncü təsvir metal alətdən istifadə olunmaqla hazırlanmışdır. Bu
təsvir də o birilər kimi insanı, daha geniş mənada həyatı, həyat ağacını
simvolizə etmişdir.
Vəli Baxşəliyevin fikrincə
qaya parçasının üzərindəki qaya işarələrinin birinci iki təsviri e.ə.II-I
minilliklərə, üçüncü təsviri isə bizim eranın I minilliyinə, Orta əsrlərə aid
etmək olar.