AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xalqlarımızın rifah halının daha da yaxşılaşması üçün yeni imkanlar yaranacaq

Xalqlarımızın rifah halının daha da yaxşılaşması üçün yeni imkanlar yaranacaq

Cəmiyyət
26 Yanvar 2021, 19:30 209
Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir və Xəzərin sülh dənizi statusunun möhkəmlənməsi üçün olduqca vacib əhəmiyyət daşıyır.

Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.

Deputat deyib: "Son illər biz ölkələrimiz arasında münasibətlərin yüksələn xətt üzrə inkişafını müşahidə edirik. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və imzalanan onlarla sənədlər dövlətlərarası münasibətlərə kifayət qədər müsbət təsir göstərib, əlaqələrimizin daha da güclənməsinə səbəb olub. "Dostluq” yatağı ilə bağlı memorandumun imzalanması ilə isə Azərbaycan və Türkmənistan arasında həllini tapmamış hər hansı bir məsələ qalmadı. Bu yatağın birgə istifadəsi hər iki ölkənin daha da güclənməsinə, o cümlədən xalqlarımızın rifah halının daha da yaxşılaşması üçün yeni imkanlar yaradacaq. Məlum olduğu kimi, Türkmənistan dünyada nəhəng qaz ehtiyatlarına malik olan ölkələrdəndir. İndi isə Türkmənistan üçün Azərbaycan vasitəsilə və bizim boru kəmərlərimizdən istifadə etməklə Avropa bazarına çıxmaq imkanı yaranır. Beləliklə, bir tərəfdən Türkmənistan dövləti üçün yeni bazarlar və gəlir mənbələri formalaşır, digər tərəfdən isə Azərbaycan öz strateji tranzit mövqeyindən və layihələrindən istifadə edərək qazanc əldə edir. Bu cür layihələrin icrası TAP və TANAP kimi layihələrin mühüm əhəmiyyətini bir daha sübut edir, bu meqalayihələrin tənqidçilərinə isə tutarlı cavab verir. Düşünürəm ki, dövlətlərarası münasibətlərin bu cür inkişafı dövlət başçılarının şəxsi münasibətinin də yüksək səviyyədə olmasının göstəricisidir. Dövlət başçılarının sənədin imzalanması zamanı göstərdikləri səmimi münasibəti bir tərəfdən ölkələrimiz arasında münasibətin yüksək səviyyədə olmasının göstəricisi, digər tərəfdən isə dünyaya verilən çox gözəl dostuq mesajı idi. Artıq Xəzər dənizinin status məsələsi öz həllini tapıb, Azərbaycan və Türkmənistan arasında hər hansı bir fikir ayrılığı yoxdur. Bütün bunlar isə Xəzər dənizi üçün yeni imkanlar, o cümlədən böyük nəqliyyat, logistika layihələrinin gerçəkləşməsi üçün daha əlverişli şərait yaradır. Dövlətlərarası yüksək səviyyəli münasibətlər, həmçinin ortaq tarixi köklərə, dilə, dinə malik olan xalqlarımız arasındakı münasibətlərə də kifayət qədər müsbət təsir göstərəcək”. (Azərtac)