• cümə, 29 Mart, 06:26
  • Baku Bakı 5°C

Xalqın maraqlarını əks etdirən sosial-iqtisadi siyasət - Fotolar

10.04.19 18:58 870
Xalqın maraqlarını əks etdirən sosial-iqtisadi siyasət - Fotolar
Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə Fransanın "Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirilib. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Respondentlərin fikrinə görə, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Ölkədə etnik, dini və ictimai-siyasi zəmində sabitlik hökm sürüb, ictimaiyyətdə narahatlıq doğuran ciddi hallar müşahidə edilməyib. Bütün bunlar ölkədaxili vəziyyəti və Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirməyi təmin edən amillər olub.

Azərbaycanın maliyyə durumu yüksək qiymətləndirilir
Misal üçün, sorğunun "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. "Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib. Respondentlərin bu cavabı müxtəlif səviyyəli ekspert qiymətləndirmələri ilə üst-üstə düşür. Məsələ ondadır ki, əksər beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları da son bir ildə Azərbaycanda gedən sosial-iqtisadi prosesləri, həyata keçirilən islahat kursunu böyük maraqla izləyir və çox müsbət səciyyələndirirlər. Dünya Bankının "Doing Business” hesabatında da Azərbaycan hazırda dünya miqyasında 25-ci yerdə qərar tutub. Aparıcı beynəlxalq reytinq agentlikləri Azərbaycanın sosial-iqtisadi və maliyyə durumunu yüksək qiymətləndirir. Odur ki, Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarını əks etdirən sosial-iqtisadi siyasətinin ölkə əhalisi tərəfindən bəyənilməsi tam təbii hesab olunmalıdır.
İnsanlar Prezident İlham Əliyevə inam bəsləyir
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan millət vəkili, politoloq Aydın Mirzəzadə bildirib ki, müstəqil xarici təşkilat tərəfindən keçirilən sorğunun nəticələri Azərbaycan Prezidentinin ölkə vətəndaşlarının böyük hissəsinin dəstəyinə sahib olduğunu nümayiş etdirir. Onun sözlərinə görə, bu, ilk növbədə Prezident İlham Əliyevin öz vədinə əməl etməsi, həmçinin ölkənin sosial-iqtisadi məsələlərinin həllində böyük nəticələr əldə etməsi ilə bağlıdır. Millət vəkili bildirib ki, insanlar dövlət başçısından gözlədikləri etimadın doğrulduğunu, həyatlarında müsbət dəyişikliyin olduğunu, Azərbaycanın beynəlxalq birlikdə layiqli yerini tutmasının bir daha bariz nümunəsini görürlər: "Prezident İlham Əliyevin 2003-cü ildən başlatdığı sosial-iqtisadi inkişaf xətti ötən 1 il ərzində durmadan irəliləyib. Bunu həyatımızın bütün sahələrində görə bilərik. Heç də təsadüfü deyil ki, insanlar özlərinin bu gününü və sabahını cənab Prezidentimizlə bağlayır, ona inam bəsləyir və bu gün seçkilər olsaydı yenə də Prezident İlham Əliyevə səs verəcəklərini bildirirlər”.
Ölkə ictimaiyyətində böyük ruh yüksəkliyi yaranıb
Millət vəkil Naqif Həmzəyev də qəzetimizə açıqlamasında bildirib ki, Fransanın nüfuzlu tədqiqat mərkəzlərindən biri olan "Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusu son bir ildə ölkədə vətəndaşının mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatların, enerji, nəqliyyat sferalarında, xarici siyasətdə qazanılan analoji uğurların bir-birini tamamladığını, dövlətin dayanıqlı inkişafında harmoniya yarada bildiyini təsdiq edir. O deyib ki, real ictimai rəyi əks etdirən nəticələr əslində hamı üçün gözlənilən olub. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə 2003-cü ildən yeni vüsət alan müstəqil dövlət quruculuğunun bütün istiqamətləri üzrə ciddi nailiyyətlər əldə edilib, böyük uğurlara imza atılıb: "Bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda Azərbaycan sabit şəraitdə sürətli inkişafını davam etdirib. Ən əsası isə ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edib. Məhz bunun üçün də Prezident İlham Əliyevin son bir il ərzində gördüyü işləri respondentlərin 85,1 faizinin yüksək dəyərləndirməsi ölkəmizdə xalq-iqtidar birliyinə verilən müsbət qiymətlə yanaşı, hər bir Azərbaycan vətəndaşının ölkə başçısına olan inamının, etimadının, sevgisinin göstəricisidir. Sorğu bir daha nümayiş etdirdi ki, Prezident İlham Əliyevin yorulmadan dövlətçiliyin möhkəmləndirilməsi, xalqın firavan həyat şəraitinin inkişaf etdirilməsi naminə apardığı inqilabi islahatlar öz bəhrəsini verib. Uğurlu idarəetmə nəticəsində ölkədə sabitliyin tam bərqərarı, ordu quruculuğundakı böyük uğurlar, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi, təqaüdlərin artırılması, Qarabağ veteranlarına əlavə ödənişin müəyyən edilməsi, minimum əməkhaqlarının orta aylıq əməkhaqlarına yaxınlaşdırılması, problemli kreditlər məsələsinin həll olunması ölkə ictimaiyyətində böyük ruh yüksəkliyi yaradıb. Ona görə də sorğuda iştirak edən hər bir Azərbaycan vətəndaşı tərəddüd etmədən müsbət rəyini inandığı, etimad bəslədiyi Prezidentinə verib”.
Cənubi Qafqazın sabitlik adası
Millət vəkili Rauf Əliyev hesab edir ki, Fransanın "Opinion Way” şirkəti tərəfindən aparılan rəy sorğusunun nəticələri dövlət başçısı İlham Əliyevin hər bir azərbaycanlının prezidenti olduğunu növbəti dəfə nümayiş etdirib. Onun sözlərinə görə, sorğunun nəticələri tərəddüdsüz deməyə əsas verir ki, Azərbaycan xalqı öz Prezidentinin yanındadır və ölkə rəhbərinə etimad ən yüksək səviyyədədir. Deputat qeyd edib ki, "Opinion Way” rəy sorğusunu doqquz mühüm əhəmiyyət daşıyan məsələ ətrafında aparıb və rəy sorğusu keçirilən bütün məsələlər haqqında rəyi soruşulanların cavablarında yüksək nəticələr qeyd olunub: "Nüfuzlu və müstəqil bir şirkət olan "Opinion Way” tərəfindən keçirilmiş sorğu zamanı respondentlərə təqdim olunan bütün suallara verilən cavablar göstərir ki, Azərbaycan xalqı dövlət başçısının həm daxili, həm də xarici siyasətini dəstəkləyir. Rəyi soruşulanların fikrincə, dünyada və bölgədə baş verən çoxsaylı mənfi proseslərə baxmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, əmin-amanlığın təmin olunması, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün lazımi tədbirlər görülüb. Bu ilin əvvəlindən Azərbaycanda 3 milyona yaxın əhalimizi əhatə edən sosial islahatlar paketinin icrasına başlanılıb və bu islahatlar uğurla həyata keçirilir. Ümumiyyətlə, sorğunun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük etimad göstərdiyini, ona güvəndiyini bir daha təsdiq edir. Azərbaycan xalqı əmindir ki, bundan sonra da respublikamız cənab Prezidentin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf yolu ilə uğurla irəliləyəcək və qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər