• çərşənbə, 17 Aprel, 00:35
  • Baku Bakı 14°C

Xalqın gözündən düşmək ən böyük fəlakətdir

25.06.13 09:59 1774
Xalqın gözündən düşmək ən böyük fəlakətdir
Xeyli vaxtdır, xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova arasında qalmaqal yaşanır. Müğənnilərin “Xalq artisti” adına yaraşmayan davranışları, sosial şəbəkələrdə xoşagəlməz şəkillər paylaşmaları, bir-birilərini təhqir etmələri cəmiyyətdə belə bir rəy yaradıb ki, bu hadisələrdən sonra onların fəxri adları geri alınmalıdır.
Hələ ki belə təkliflə rəsmi qurumlara müraciət olunmasa da, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov “Bundan sonra fəxri adlar veriləndə yalnız istedad nəzərə alınmayacaq” fikirlərini səsləndirib. Millət vəkili qeyd edib ki, fəxri adlar veriləndə yalnız istedad yox, həm də insanlıq, tərbiyə nəzərə alınmalıdır: “Xalq artisti xalq üçün sənət nümunəsidir və dövlət tərəfindən rəsmi olaraq dəyərləndirilib, qiymətləndirilən bir insandır. Əgər onlar adi vətəndaşlıq, ictimai, birgə yaşayış normalarına riayət etmirsə, qarşılıqlı təhqirlərə yol verirlərsə, düşünməsinlər ki, “Xalq artisti” adı onları xilas edəcək. Bu elə bir addır ki, ondan istifadə edib hər cür hərəkət eləməməlidirlər”. Millət vəkili, həmçinin fəxri adların alınması ilə bağlı məsələnin qaldırıla biləcəyini də qeyd edib. Belə ki, bu məsələ ilə bağlı müraciət olunarsa, həmin müraciətlərə laqeyd yanaşılmayacaq.
Son günlər xalq artistlərinin özlərinə və yaşlarına yaraşmayan atmacaları, sosial şəbəkələrdən və efir vasitəsilə bir-birilərinə qarşı söylədikləri xoşagəlməz sözlər hər kəsin müzakirə mövzusudur. Kimlərsə onları qınayır, kimlərsə kənardan izləyib, sadəcə gülür. Bir sözlə, məsələ gündəmi zəbt edib. Xalq və əməkdar artistlərimizin sənətdə və sosial şəbəkələrdə göstərdikləri “kaprizləri” bitmir. Az qala, hər gün sosial şəbəkələrdə belə qeydlər yer alır: “Xalq artisti Aygün Kazımova İnstaqram sosial şəbəkəsində həmkarı Brilliant Dadaşova haqda növbəti status yazıb. Müğənni bildirib ki, Brilliant Dadaşova üzr istəyənə qədər bu cür şəkillər paylaşmağa davam edəcək: “Təhqirlərinə görə üzr istəyənə qədər belə davam edəcək. Bu, hələ jurnaldır. Ardı var…”, “Xalq artisti Aygün Kazımova bir neçə gün bundan əvvəl həmkarı Brilliant Dadaşovanın xiyarla şəklini paylaşıb” və sair və ilaxır... Bütün bunlar cəmiyyəti qıcıqlandırmaqla bərabər, “xalq artsitləri”nin səviyyələrini də ortaya qoyur. Artıq elə bir vəziyyət yaranıb ki, hər gün saytlara və ya qəzetlərə nəzər yetirdikdə, gözümüz qarşı tərəfin cavabını gəzir.
Mənasız “kaprizlər”
Təəssüf hissi ilə qeyd edim ki, bu cür xoşagəlməz halı təkcə adlarını qeyd etdiyimiz Aygün və Brilliant xanıma şamil etmək olmaz. Sənətçilərimizə verilən fəxri adlardan istifadə edən digər xalq artistlərimiz də az deyil. Belə ki, ötən ay Xalq artisti Məleykə Əsədovanın ona etimad göstərilmiş fəxri addan sui-istifadə etdiyini eşitdik. Nardaranda yerləşən Xanım Rəhimənin pirini ziyarətə gedən aktrisa məkana ayaqqabı ilə daxil olmaq istəyib. Bu barədə Nardaran sakinləri mətbuata açıqlama verərək Xalq artistinin pirə ayaqqabı ilə girdiyini gördüklərini və ondan ayaqqabısını soyunmasını xahiş etdiklərini söyləyiblər. Lakin Əsədova ayaqqabılarını soyunmaqdan nəinki imtina edib, hətta “Mən Xalq artistiyəm, mənə ayaqqabı ilə girmək olar” kimi absurd fikir səsləndirərək ziyarətgaha daxil olmaq istəyib. Amma pirin işçiləri ona icazə verməyərək, həddini bildiriblər. Bundan qeyzlənən Xalq artisti “mən bir də bu pirə gəlməyəcəm”, - deyərək, əsəblə oranı tərk edib.
Maraqlıdır, “Xalq artisti” fəxr adını daşıyanlar özlərini cəmiyyətdə necə aparmalıdırlar? Bu ada layiq görülənlər hansı göstəricilərə cavab verməlidir?
Belə olmaz axı
Əməkdar artist Baloğlan Əşrəfov bizimlə söhbəti zamanı xalq artistlərinin digər sənət nümayəndələrinə örnək ola biləcək şəkildə fəaliyyət göstərməli olduğunu və gənc nəslin onlardan nəyisə öyrənməli olduğunu söylədi: “Təəssüf hissi ilə qeyd edim ki, son zamanlar xalq artistləri arasında xoşagəlməz hallar baş verir. İndi kimin ağzına nə gəldi, danışır. Belə halları qəti qəbul edə bilmirəm. Belə olmaz axı. O insanlar hərəkət etməmişdən öncə xalqın artisti olmalarını düşünməlidirlər. Xalqın şərəf və ləyaqətinə təsir edə biləcək bir şey etməməlidirlər. Şəxsi söhbətləri kənara qoymaq lazımdır. Əgər sənətçilərimizin aralarında belə söhbət baş verirsə, cəmiyyət bundan xəbər tutmamalıdır. Xalq görəndə ki, onların sənətçiləri adi məişət söhbətlərini ortaya atıb müzakirə edirlər, təbii ki, tamaşaçılar da həmin insana nifrət edər. Allah təala məni heç zaman xalqın gözündən salmasın. Əgər xalqın gözündən düşsəm, mənə heç nə kömək edə bilməz. Xalqın gözündən düşmək ən böyük fəlakətdir”.
Amma B.Əşrəfov bunu bütün xalq artistlərinə şamil etməyi düzgün hesab etmədiyini də söylədi. Onun sözlərinə görə, elə xalq artistlərimiz var ki, gənclərimiz onlardan yaxşı örnək götürə bilər: “Qabaqlar xalq artistlərini hansısa davanı yatızdırmağa aparardılar. Camaat bilirdi ki, bunlar xalqın seçdiyi hörmətli insanlardır. Xalq artistinə kiminsə qapısına gedib istədiyi qızı almaq üçün də müraciət edərdilər. Xalq onu qəbul edib, onu öz artisti kimi qarşılayırdı. Amma bu gün xalq artistləri kənarda min oyundan çıxırlarsa, aləmi bir-birinə vururlarsa, kənardan baxan da deyir ki, bunların içinin ən ağıllısı bunlardırsa, görün normal sənətçiləri nə gündədir? Olmaz belə”.
Fəxri ad alınmalıdır
Xalq artisti İlhamə Quliyeva da bu məsələyə biganə qalmayıb. Belə ki, ürəyini mətbuata boşaldan Azərbaycanın və Dağıstanın xalq artisti bildirib ki, özünə hörmət edən sənətçi heç vaxt imkan verməz ki, nə sənət, nə də fəxri ad aşağılansın: “Bu biabırçılığın qarşısı təcili şəkildə alınmalıdır. Bir iki nəfər cəzalandırılmalıdır ki, başqalarına da dərs olsun. Axı bu adamların hər ikisinə dövlət ən yüksək fəxri ad verib. Heç olmasa bu ada hörmət eləsinlər. Müğənninin ağzına xiyar alması, bu görüntünü başqa bir müğənninin yaymasının mənası nədir? Bu nə tərbiyəsizlikdir axı? Belələrindən fəxri ad alınmalıdır ki, digərlərinə də görk olsun. Gör cəzasızlıq hansı vəziyyətə gətirib ki, bu iki insan bir-birilərini bütün cəmiyyətin qarşısında açıq-aşkar şəkildə təhqir edirlər. Dövlət onları yerlərində otuzdurmasa, sabah bundan da betər hərəkətlər görəcəyik. Bu, başqa sözlə, harınlığın, qudurğanlığın əlamətləridir”.
Müğənni deyib ki, hər iki sənətçinin atdığı addımlar digər tərəfdən də Azərbaycan qadınının adına ləkədir. Eyni zamanda, qarşıdan böyük bir dövlət hadisəsinin yaxınlaşdığını deyən İlhamə xanım onlara tövsiyələrini də verib.
Maraqlıdır ki, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi İntiqam Hümbətov xalq artistləri arasında baş verən bu hadisələrin nazirlik tərəfindən, sadəcə, xoşagəlməz sayıldığını söyləyib. Xalq artistlərini bu hərəkətlərinə görə, hər hansı cəzanın gözləyəcəyini bildirməyib və onlara sənət uğurları arzulayıb: “Mədəniyyət və Turizm Nazirliyi olaraq istəməzdik ki, xalq artistləri arasında belə xoşagəlməz hadisələr baş versin. Amma yenə də bu, onların şəxsi işlərdir. Hər birinə sənət uğurları arzu edirik”.
Qeyd edim ki, məsələyə cəmiyyətin qınağı çox kəskindir. Xalq artistlərinin əxlaq çərçivəsinə sığmayan davranışlarını görən yaşlı insanlar, ziyalılar sənətdə sözünü deyən keçmiş müğənniləri örnək gətirirlər. Deyirlər ki, Şövkət Ələkbərova, Sara Qədimova kimi xalq artistlərimiz də vardı. Onların yaşadığı vaxt da bundan çox əvvəl deyil. Ancaq onlar sənətə və daşıdıqları titula layiq davranıblar. Adları heç bir qalmaqalda hallanmayıb və s. Bəs bugünkü xalq artistlərinin daşıdıqları yüksək ada layiq olmayan münasibətləri hardan qaynaqlanır? Bəlkə elə millət vəkili Nizami Cəfərovun dediyi kimi həddini aşan, xalqın artisti adını daşıyıb, amma bu ada layiq davranmayan sənətçilərin adının geri alınması məsləhətdir? Belə olarsa, sözsüz ki, sabah başqaları da sərəhədləri aşmağa cəsarət etməzlər. Yoxsa ki bu mənfi olayların özü artıq başqaları üçün də nümunəyə çevrilməkdədir...
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər