Xalqın Əmanəti

Xalqın Əmanəti

Müsahibə
27 Dekabr 2012, 13:28 2665
“Mədəni irs – xalqın heç bir qiymətlə ölçülməyən mənəvi, mədəni və sosial kapitalıdır. Xalqın irsi müasir elmin, təhsil və mədəniyyətin daim qaynaqlandıqları tükənməz mədəndir. İtirildiyi halda, mədəni irs bərpaedilməzdir”. İki il bundan əvvəl bu fikirləri əsas götürərək “Xalq Əmanəti” sosial-mədəni layihəsinə start verən Xalq Bank bu günlərdə layihə çərçivəsində 7-ci buraxılışını ictimaiyyətə təqdim edib. “Azərbaycan sikkələri“ adlanan mükəmməl nəşr Azərbaycanda sikkə işinin geniş icmalıdır.

XalqBank-ın Biznesin İnkişafı Departamentinin reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşən Eynullayev “Kaspi”yə müsahibəsində həyata keçirdikləri layihə haqqında danışıb.

Ən qiymətli əmanət

- «Xalq Əmanəti» layihəsini həyata keçirməkdə məqsəd nədir?

- 2010-cu ildən “Xalq Əmanəti” layihəsinə start vermişik. Bu layihə xalqımızın mədəni və tarixi irsinin qorunub gələcək nəsillərə ötürülməsi, maddi və mənəvi dəyərlərimizin dünyaya tanıdılması, dünya mədəniyyətinə inteqrasiya olunması məqsədilə həyata keçirilir. Azərbaycan folklor nümunələrinin, şair və yazıçılarının, rəssam və heykəltəraşlarının, xanəndə və bəstəkarlarının, alim və mütəfəkkirlərinin yaratdıqlarını daim diqqət mərkəzində saxlamaqla, onların incilərini müxtəlif dillərə çevirməklə, dünya xalqlarına təqdim etməklə, biz Azərbaycanın mədəni irsinin, mənəvi dəyərlərinin bəşər mədəniyyətinə inteqrasiya etməsinə təkan veririk. Layihə xalqımızın mədəni irsinin təbliği rolunu oynayır. Bankımız bu layihə ilə Azərbaycan xalqının görkəmli sənət və elm xadimlərinin yaratdıqlarına ən qiymətli Əmanət olaraq dəyər verir.

- Layihə çərçivəsində çap olunan kitablarla cəmiyyətə mesajınız nədən ibarətdir?

- Biz belə layihələr həyata keçirmək üzrə eksklüziv hüquqa malik deyilik. Düşünürük ki, bu işlər davamlı olacaq və digər şirkətlər də bu cür layihələrə qoşulacaq. Bu, əslində Azərbaycanda bərqərar olan biznes mühitindən qaynaqlanan bir addımdır. Şirkətlər artıq təkcə pul qazanmaq yox, həm də sosial həyatın müxtəlif sahələrinə, mədəniyyətə dəstək olmaq funksiyasını yerinə yetirməlidirlər. Əslinə qalsa, kommersiya şirkətlərinin funksiyalarından biri də budur. Onlar sponsorluq, şeflik və s. formada bu cür layihələrə dəstək olmalıdırlar.

Mühüm mənbə

- Nəşr olunan əsərlərin seçimi üçün hansı meyarlar əsasdır?

- İndiyədək nəşr etdirdiyimiz kitablar incəsənətin rəngkarlıq sahəsi, ədəbiyyatımızla bağlıdır. Biz əsasən qeyri-adi istedada malik olan, Azərbaycan mədəniyyəti üçün böyük işlər görən insanların həyat və yaradıcılığını işıqlandırmaq qərarına gəldik. İlk nəşrimiz Xalq rəssamı Böyükağa Mirzəzadəyə həsr olunan “Rəngkarlıq və qrafika” kitabı oldu. Daha sonra Azərbaycanın ilk qadın rəssamı Maral Rəhmanzadənin “Rəngkarlıq və qrafika” albomunu, 60 ilə yaxın bir emalatxananı bölüşən, bu illər ərzində birgə həyat və yaradıcılıq yolu sürən Xalidə Səfərova və Mahmud Tağıyevin, eləcə də Səttar Bəhlulzadənin “Rəngkarlıq və qrafika” bədii albomlarını nəşr etdik. Rəsm əsərləri elə bir sənət növüdür ki, rəssamın əsəri başqa ölkələrə, kolleksiyalara aparılırsa, onlar Azərbaycan mədəniyyəti üçün bir növ itirilmiş olurlar. Həmin əsərləri şəxsi kolleksiyalardan, muzeylərdən toplayıb nəşr etdirmək qərarına gəldik. O insanlar istedadlı olduqları qədər də, onların hər birinin maraqlı həyat yolu var. Biz rəssamların albom və kataloqlarını nəşr edərkən həmçinin, təqdimat zamanı bankın bədii qalereyasında sərginin açılışını təqdim edirik. Sərgi bir neçə ay seyrçilərin üzünə açıq olur və giriş tam sərbəstdir.
Layihə çərçivəsində həmçinin, Xalq şairləri Məmməd Araz və Hüseyn Arifin “Seçilmiş əsərləri”ni də nəşr etdirdik. Məmməd Arazın “Seçilmiş əsərləri”ni buraxarkən maraqlı bir nüansla qarşılaşdıq: şairin 1960-cı illərdə yazdığı «Vəsiyyət» şeirini oxuduq. Bu şeirdə Məmməd Araz «Qara cilddə çap eləyin kitabımı. Məndən sonra» - deyə yazıb. Biz qərara gəldik ki, əgər Məmməd Araz 50 il əvvəl vəsiyyətini yazıbsa və kitabının hansı formada dizaynını veribsə, biz o vəsiyyəti yerinə yetirməliyik. Ona görə də kitabı qara cilddə nəşr etdirdik.

Son işimiz isə professor Əli Rəcəblinin «Azərbaycan şikkələri» kitabıdır. Numizmatika daha çox tarixə aid olmasına baxmayaraq, biz mədəniyyət anlayışına onun tam geniş formasında yanaşırıq. Çünki tarix də mədəniyyətin ayrılmaz bir parçasıdır. Sikkə həm iqtisadi, həm də tarixi-siyasi amildir. O sikkələrə baxıb aid olduğu dövrün estetik baxışlarını, zövqlərini öyrənmək olur. Həmçinin, sikkə siyasi baxımdan ideoloji bir vasitədir. Biz Azərbaycan dövlətinin inkişaf etdiyi dövrə aid sikkələri ölkəmizdən çox-çox kənarda aşkar edirik. Bu da onu göstərir ki, həmin pullar başqa ölkələrdə də işlənib. Təbii ki, bu da dövlətin qüdrətindən xəbər verən bir faktdır.

Bu nəşr Azərbaycanda sikkə işinin geniş icmalıdır. Antik dövrdən bu günə qədər Azərbaycan dövləti ərazisində dövriyyədə olan və zərb edilən sikkələri əhatə edir. Nəşrdə çoxəsrlik Azərbaycan dövlətçiliyinin önəmli atributlarından biri olan sikkənin həqiqi tarixi mənbə olaraq rolu və əhəmiyyəti xüsusi vurğulanır.

Numizmatik material və onunla bağlı tapıntılar tarixin az məlum olan səhifələrinə işıq salır, ölkə ərazisində yerləşən və indiyədək naməlum olan şəhərlərin, ticarət-sənətkarlıq mərkəzlərinin varlığı haqqında məlumat verir. Həmçinin, mövcudluğu haqqında heç bir məlumat olmayan hökmdarların adlarını üzə çıxarır. Bununla bərabər, çoxşaxəli tarixi boyunca sikkə işi bədii sənətkarlıq baxımından yüksək səviyyəyə çataraq, istehsalçıların bacarıq və ustalığını, eləcə də öz dövrünün və cəmiyyətin estetik dəyərlərini əyani şəkildə nümayiş etdirir. Nəşrdən də məlum olur ki, Azərbaycanın sikkə işi bizim tariximizin, milli dövlətçiliyimizin çoxəsrlik ənənələrinin parlaq sübutudur, yüzilliklər boyunca ölkənin ərazisində baş vermiş siyasi, iqtisadi və sosial hadisələrin şahididir. Bu, regionun, bəzən isə dünyanın iqtisadi, siyasi və mədəniyyət tarixini öyrənmək üçün mühüm mənbədir.

İlk gündən böyük rezonans

- Nə üçün nəşrlərin satışı nəzərdə tutulmur?

- Bu, Azərbaycan xalqının əmanətidir. «Xalq Əmanəti» layihəsinin reallaşdırılması adımızdan irəli gələn bir təşəbbüsdür. Bu nəşrlər ölkənin ali və orta təhsil ocaqlarına, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və ölkəmizin xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, yerli və xarici kitabxanalara, eləcə də sənətsevərlərə hədiyyə olunur. Nəşrlər həmçinin, dünyanın ən böyük kitabxanalarına göndərilir. Bu seriyadan olan kitablar hədiyyəlikdir və üç dildə – Azərbaycan, ingilis, rus dillərində təqdim olunur.

- Nəşrlərə cəmiyyətin münasibəti necədir?

- Nəşrlər elə ilk gündən böyük rezonans doğurub. Çünki indiyədək böyük bir şirkət tərəfindən belə bir layihə həyata keçirilməyib. İnsanlar daim zəng edir, maraqlanırlar. Onlar nəşrlərin davamını gözləyir, qarşıdakı planlar haqda öyrənmək istəyirlər. Hətta Səttar Bəhlulzadənin albomunu hazırlayanda, bir vətəndaş zəng vuraraq «Məndə Səttar Bəhlulzadənin bir neçə rəsmi var, istərdim ki, sizin sərgi salonunda həmin əsərlər sərgilənsin» - deyə bildirdi. Bu, bizi çox sevindirdi. Son zamanlar cəmiyyətdə yaxşı kitablara, dəyərli nəşrlərə qarşı bir aclıq hissi var. Biz bu boşluğu doldurmağa çalışırıq. Təbii ki, bütün kitabların nəşri ilə bağlı ehtiyacı ödəyə bilmərik. Amma Azərbaycan mədəni irsinin gələcək nəsillərə ötürülməsi baxımından ən dəyərlilərini seçirik. Biz düşünürük ki, bu layihəyə nə qədər xərc çəkilsə belə, Azərbaycan mədəni irsinin qiyməti ilə müqayisədə azdır.

Layihə davam edəcək

- Qeyd etdiniz ki, kitabları xarici ölkələrə də göndərirsiniz. Hansısa reaksiyalar varmı?

- Son iki ayda layihə çərçivəsində nəşr olunan kitablarla iki kitab festivalında iştirak etmişik. İstanbulda keçirilən beynəlxalq kitab festivalına və Kiyev kitab sərgisinə qatıldıq. Sərgilərə aparılan kitablar böyük maraq doğurdu. Hər iki sərgidə böyük diqqət mərkəzində olduq. İnsanlar yaxınlaşır, maraqlanır, əlaqə yaratmaq istəyirdilər. Artıq beynəlxalq sərgilərdən də bizə dəvətlər gəlir. Demək, ölkə xaricində də bu nəşrləri gözləyirlər.

- Layihə hansı müddətə nəzərdə tutulub?

- Azərbaycan xalqı çox istedadlıdır. Hələ nə qədər mədəni irsimiz, nəşr olunası kitablar, diqqət yetiriləsi insanlar var... Ona görə də bu layihə davam edəcək. Layihəni dondurmaq fikrimiz yoxdur. Hazırda bir neçə istiqamət üzrə nəşrlər üzərində iş gedir. Ola bilsin ki, biz gələcəkdə elmin başqa sahələrinə aid kitablar nəşr edək.

- Kitabların tirajını artırmaq fikriniz varmı?

- Kitablar yüksək poliqrafik keyfiyyətlə Türkiyədə çap olunur. Albomların tirajı 3 mindir. Amma tələbat olduğundan, biz o kitabları yenidən dərc etdiririk. Çünki insanlar bizə zəng edəndə onlara «yox» cavabı verməmək üçün yenidən tirajı artırırıq. Məsələn, Məmməd Arazla Hüseyn Arifin “Seçilmiş əsərləri” 5000 tirajla nəşr olundu.

- Kitab həvəskarları bu kitabları əldə etmək istəyərkən hara üz tutmalıdırlar?

- Onlar “Xalq” Banka müraciət etməklə kitabı əldə edə bilərlər. Çalışırıq ki, heç kimi əliboş qaytarmayaq.

Təranə Məhərrəmova