• cümə axşamı, 25 aprel, 11:25
  • Baku Bakı 14°C

Xalqımızın xilaskarı

14.06.19 11:30 700
Xalqımızın xilaskarı
Öz taleyini yaşayan insanlar olduğu kimi, bütöv toplumun, xalqın taleyində böyük rol oynayan, hətta bir çox cəhətdən onu müəyyənləşdirən şəxsiyyətlər də olur. Xalqımızın tarixində və taleyində otuz ilə yaxın zaman kəsiyində müstəsna təsirə malik olmuş ümummilli liderimiz Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir.
Sovet dövründə istər Azərbaycan SSR KP MK-nın birinci katibi, istərsə də Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu illərdə Azərbaycanın quruculuq salnaməsinə parlaq səhifələr yazmış Heydər Əliyev müstəqillik illərində ölkənin ən çətin anında, Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzünün respublikada vəziyyəti gərginləşdirdiyi, vətəndaş müharibəsi təhlükəsinin yaşandığı, bütövlükdə dövlətçiliyimizin təhlükə altında olduğu bir zamanda xalqın təkidi ilə bir xilaskar kimi hakimiyyətə qayıtdı.
AZƏRTACxəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın "Xalqımızın xilaskarı” məqaləsində yer alıb.
Məqalədə bildirilir ki, müstəqilliyimizin ilk illərində davamlı hakimiyyət dəyişiklikləri, Xocalıda faciə yaşanması, Şuşa, sonra Laçın, daha sonra Kəlbəcərin işğalı, Gəncə hadisələri, siyasi çəkişmələrin və silahlı qruplaşmalar arasında mübarizənin ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxarması, respublikanın iqtisadi tənəzzül, xaos və anarxiya girdabına yuvarlanması nəticəsində yaranan çıxılmaz bir vəziyyətdə xalqımızı bütün bu bəlalardan qurtara biləcək, Azərbaycana nicat verəcək yeganə şəxsiyyət Heydər Əliyev idi.
1993-cü ilin keşməkeşli yayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıtdı və böyük təcrübəyə malik müdrik dövlət adamı kimi addım-addım ölkəni düşdüyü fəlakətli vəziyyətdən çıxarmaq istiqamətində titanik fəaliyyətə başladı. Milli Məclisin 15 iyun tarixli iclasında Ali Sovetin sədri seçildi. Səsvermədən sonra söylədiyi proqram nitqində Heydər Əliyev respublikanın ovaxtkı ağır, mürəkkəb və gərgin vəziyyəti tam məsuliyyətlə dərk etdiyini və bunun aradan qaldırılması üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi, qarşıda duran əsas vəzifələri müəyyənləşdirdi.
Marksist-leninçi ideologiyanın artıq keçmişdə qaldığını söyləyən natiq yeni ideologiyanın hansı zəmində yaranmasının yollarını göstərdi: "Marksizm-leninizm ideyasına müstəqil Azərbaycan Respublikası artıq dönməməlidir. Ancaq eyni zamanda biz mənəviyyatsız, ideyasız yaşaya bilmərik. Bizim indiki ideyamız isə milli tarixi ənənələrimiz əsasında, millətimizin keçdiyi tarixi yol əsasında, xalqımızın keçdiyi tarixi yol əsasında, bizim ulu babalarımızın yaratdığı ümumi bəşəri dəyərlər əsasında, Nizami Gəncəvinin, Xaqaninin, Fələkinin, Nəsirəddin Tusinin, Bəhmənyarın, Nəsiminin, Fizulinin, Vaqifin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Üzeyir Hacıbəylinin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Səməd Vurğunun, Cəfər Cabbarlının, Mirəsədulla Mirqasımovun, Yusif Məmmədəliyevin, Mustafa bəy Topçubaşovun və tarix boyu alimlərimizin, tarixçilərimizin, ədəbiyyatçılarımızın, filosoflarımızın qoyduğu mənəvi dəyərlər əsasında bizim xalqımız, şübhəsiz ki, öz bugünkü mənəviyyatını inkişaf etdirməlidir”.
Beləliklə, Heydər Əliyevin Azərbaycan Respublikası Alı Sovetinin sədri vəzifəsində fəaliyyət göstərdiyi qısa zaman kəsiyində ölkənin həm daxili, həm xarici siyasətində böyük işlər görüldü, müstəqil Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu.
Heydər Əliyev parlamentdəki fəaliyyətində ilk addım olaraq xalqla birbaşa təmasa keçdi. Milli Məclisin bütün iclasları, mətbuat konfransları, brifinqlər, problem məsələlərə həsr olunmuş müşavirələr canlı yayımla televiziya ekranlarında göstərildi. Xalq hər şeydən xəbərdar oldu. Tədricən problemlərin həlli yolları ilə əlaqədar konstruktiv tədbirlər həyata keçirilməyə başladı. Xalqın itirilmiş inamı özünə qaytarıldı. Ən başlıcası isə sabitlik yarandı. Heydər Əliyev Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. O, ilk növbədə sabiq hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa başladı, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.
Ölkənin mənafeyini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımlar atılmasının gərəkliyini vurğulayan Heydər Əliyev Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi.
Beləliklə, xarici siyasət xəttində mövcud reallıqları nəzərə alan və ölkənin mənafeyinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. İlk növbədə müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı.
Özünəxas uzaqgörənliklə o, müharibə şəraitinə baxmayaraq, hərbi-siyasi və sosial-iqtisadi problemlərlə yanaşı, Azərbaycan elmi və mədəniyyətinin məsələləri ilə də yaxından məşğul olmağa başladı və özünün ilk görüşlərindən birini 1993-cü il sentyabrın 21-də o zaman ciddi böhran yaşayan Azərbaycan Elmlər Akademiyasında keçirdi. Bu, bir tərəfdən, ölkə rəhbərinin alimlərimizə bəslədiyi böyük ehtiram, Azərbaycan elminin gələcəyinə göstərilən hədsiz qayğı və diqqətlə, digər tərəfdən ölkəni 1993-cü ilin iyununadək idarə etmiş səriştəsiz insanların respublikada elm adamlarına münasibətdə yol verdikləri ədalətsizlikdən irəli gələn narahatlıqla bağlı idi. Elə həmin görüşdə Heydər Əliyev belə narahatlığın əsassız olduğunu təsdiqlədi: "Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq... Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu Akademiyanı yaradan alimlər çox böyük şücaət göstərmişlər. Ötən dövrdə bu Akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir. Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq”.
Şərqşünaslıq İnstitutunun direktor müavini kimi mən də həmin görüşdə iştirak edirdim. Heydər Əliyevin parlaq nitqi görüş iştirakçılarına güclü təsir bağışladı, hər kəs onun ölkənin problemləri və onların həlli yolları barədə necə dəqiq təsəvvürə malik olduğuna heyran qaldı.
Çox keçmədi ki, səriştəsiz şəkildə aparılan, reallığı, qüvvələr nisbətini nəzərə almayan və xalqın milli mənafelərinə ziyan vuraraq nəticədə yenicə müstəqillik əldə edən və ağır müharibə şəraitində olan Azərbaycanın beynəlxalq aləmdə təklənməsinə gətirib çıxaran yarıtmaz xarici siyasətdən imtina edildi. Böyük səylər nəticəsində qısa bir zamanda ölkədə hakimiyyət boşluğu aradan götürüldü, Azərbaycanın dövlətçiliyinə, ərazi bütövlüyünə qəsd edən separatçı qüvvələr, cinayətkar ünsürlər zərərsizləşdirildi, Gəncədəki gərginlik ocağı söndürüldü, ictimai-siyasi böhran aradan qaldırıldı, orduda təxirə salınmaz tədbirlər həyata keçirildi, azad vətəndaş cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atıldı.
Xalqın geniş təbəqələrinin arzularını ifadə edən və onların qətiyyətli dəstəyinə söykənən Heydər Əliyevin ardıcıl səyləri pozucu qüvvələrin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətinin qarşını almağa imkan verdi. Respublikamız onun başı üzərini almış qanlı vətəndaş qarşıdurmasından və parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu. Həyatımızda baş verən köklü dəyişikliklərin əsası məhz o vaxt qoyuldu.
1993-cü ildən bəri ölkə həyatının bütün sahələrində aparılan islahatlar özünün müsbət nəticələrini verdi: istər iqtisadiyyatda, istər siyasətdə, istərsə də mədəni həyatda böyük dəyişikliklər oldu. Beləliklə, hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolu seçən müstəqil ölkəmiz dövlətçiliyini, müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq davamlı inkişaf tendensiyasına malik, gözəl perspektivləri olan respublikaya çevrildi.
banner

Oxşar Xəbərlər