AZE | RUS | ENG |

Xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi

Xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi
Millət vəkili Naqif Həmzəyev: “20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub”

"Xalqımız Azərbaycan tarixinə qanla yazılmış 20 Yanvar hadisələrinin 29-cu ildönümünü qeyd edir, ölkəmizin azadlığı, müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış igid övladlarının əziz xatirəsini böyük ehtiramla anır. XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktından 29 il keçməsinə baxmayaraq Azərbaycan xalqı o dəhşətli qanlı yanvar gecəsini unutmur və heç vaxt da unutmayacaq. 20 Yanvar hadisələri əslində Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə, azadlığa, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli qətliam idi”.
 
 

Bu barədə "Kaspi”yə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Naqif Həmzəyev bildirib. O qeyd edib ki, totalitar sovet rejiminin 20 Yanvar hadisəsini müstəqillik tariximizə, xalqın yaddaşına qanla yazmasına baxmayaraq, Vətən övladlarının fədakarlığı, şəhidliyi ilə o müdhiş gecə xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifələrinə çevrildi.
 
 
 
Millət vəkilinin sözlərinə görə, məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı haqq səsini daha ucadan bəyan etdi, istiqlal mücadiləsinin dönüş nöqtəsini qoydu: "Xalq azadlıq, istiqlaliyyət uğrunda küçələrə və meydanlara çıxdı, müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirdi. Həmin vaxt ulu öndər Heydər Əliyev həyatını riskə ataraq, öz ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi, keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pislədi, SSRİ rəhbərliyini kəskin ittiham etdi. Bununla da o, xalqın güvənc yerinə çevrildi. Ümummilli liderin əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırması, bütün dünyaya bəyan etməsi, xalqın müstəqillik, suverenlik eşqini daha da artırdı. Sovet imperiyasının mövcud olduğu bir dövrdə ulu öndərin çoxlarının cürət etmədiyi qətiyyətli addımı, hər zaman olduğu kimi xalqla bir yerdə olduğunu nümayiş etdirməsi milli mənliyin qorunması uğrunda gedən mübarizəni daha da alovlandırdı”.
 
 

Millət vəkili N.Həmzəyev bildirib ki, ulu öndər Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə gətirildikdən sonra bu dəhşətli cinayət hadisəsinə ölkə miqyasında obyektiv hüquqi qiymət verilib: "Məhz ulu öndərin təklifi ilə 1994-cü ildə 20 Yanvar hadisələrini yetərincə qiymətləndirmək istiqamətində addımlar atıldı. Vətənin azadlığı və suverenliyi uğrunda şəhid olanlara "20 Yanvar şəhidi” adı verildi. Ulu öndərin siyasi kursuna layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Ölkəmizin azadlığı, müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin arzuları bu gün ölkə başçımız İlham Əliyev tərəfindən həyata keçirilir. Azərbaycan müstəqil dövlət kimi dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlayır. Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli addımları zəmanət verir ki, azadlığımızı canı ilə qazanıb qanı ilə yazan şəhidlərin apardığı şərəfli mübarizə davam edəcək, üçrəngli bayrağımız tezliklə işğal altında olan torpaqlarımızda dalğalanacaq”.

Alpər TURAN
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946