• cümə, 19 Aprel, 16:29
  • Baku Bakı 25°C

Xalqımız Rüstəm İbrahimbəyovu nəinki siyasətçi, heç normal yazıçı kimi də qəbul etməyib Müsahibə

29.08.13 10:55 1886
Xalqımız Rüstəm İbrahimbəyovu nəinki siyasətçi, heç normal yazıçı kimi də qəbul etməyib Müsahibə
Bir neçə il əvvəl bəzi şəxslər tərəfindən Azərbaycanda ictimai müzakirələr aparmaq məqsədi ilə Ziyalılar Forumu yaradılmışdı. Hazırda prezident seçkiləri ili olduğundan gözlənilirdi ki, özünü ziyalı sayaraq Forumda təmsil olunanlar daha aktiv fəaliyyət göstərəcəklər. Amma əksinə oldu… İl başlayandan adıçəkilən qurum və orada bir araya gələnlər sükuta qərq oldular. Azərbaycanda ziyalısının hazırkı mövqeyi, cəmiyyətdə gedən proseslərə münasibəti necə olmalıdır? “Kaspi”nin suallarını Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli cavablandırır.
- İsa müəllim, indiki tarixi şəraitdə Azərbaycan ziyalısının rolunu necə dəyərləndirə bilərəsiniz?
- Azərbaycanda bütün dövrlərdə ziyalı səviyyəsi yüksək olub. Milli ziyalılığın formalaşması əsasən XIX əsrdən başlanıb. XX əsrin əvvəllərində milli ziyalılıq özünün böyük intibah dövrünü yaşayıb. Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, Firudin bəy Köçərli və başqaları Azərbaycan milli ziyalılığının zirvələrində dayanan şəxsiyyətlərdir. Bütün ağır təqiblərə, sərt qadağalara baxmayaraq, sovet dövründə də ziyalılıq müəyyən inkişaf dövrü yaşaya bilib. Fikrimcə, həmin dövrün ziyalılarını iki qrupa bölmək olar: Azərbaycan sovet ziyalıları, Sovet dövrü Azərbaycan ziyalıları. Bölgüdən də göründüyü kimi, sovet hakimiyyəti illərində ağır şəraitdə olsa da milli ziyalılığı qoruyub saxlayanlar, yaşadanlar olub. Bu sahədə xalqımızın böyük oğlu, ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna dərəcədə xidmətləri danılmaz faktdır. Müstəqillik dövrü Azərbaycan ziyalılığı və milli ideologiyasının formalaşması da Heydər Əliyevin tarixi xidmətlərindəndir. Azərbaycançılıq təliminin dövlət ideologiyası səviyyəsində formalaşdırılması Heydər Əliyevin milli dövlətçilik təliminin ana maddələrindən biridir. Milli ziyalılığın Vətənə, millətə, dövlətə, müstəqilliyimizin daha da möhkəmləndirilməsinə xidmət etməsi konsepsiyası da, nümunəsi də Heydər Əliyevin adı və parlaq zəkası ilə üzvü surətdə bağlıdır. Hazırda Prezident İlham Əliyev Azərbaycanda davamlı milli ziyalılıq ənənələrinin qorunub saxlanılmasında və yeni tarixi epoxanın tələblərinə uyğun olaraq daha da inkişaf etdirilməsi istiqamətində dövlət səviyyəsində böyük proqramları ardıcıllıqla və qətiyyətlə həyata keçirir. Bütün nəsillərdən olan ziyalıların, həmçinin müasir ziyalı gəncliyin yeni inkişafı aydın surətdə nəzərə çarpır. O cümlədən, Azərbaycan Milli Elmlər Akademiyasında çalışan elmi ziyalılar özlərinin elmi səylərini və təşəbbüslərini ölkəmizin, müstəqil dövlətimizin inkişafına istiqamətləndirməyi özlərinə şərəfli borc hesab edirlər. Azərbaycan milli ziyalılığı müstəqil dövlətimizin keşiyindədir.
- Ziyalılar Forumu yaradılarkən qurum üzvləri ölkədə ictimai fəallığı artırmağı qarşılarına məqsəd qoymuşdular. Amma hazırda seçki ili olsa da onların səsi-sorağı gəlmir. Sizcə, bu məntiqsizlik nə ilə əlaqədardır?
- Ziyalılar Forumu yarandığı ilk gündən ziyalı missiyasını həyata keçirməkdən daha çox ictimai-siyasi fəaliyyətlə məşğul olduğunu diqqətə çatdırmışdı. Açıq-aşkar hiss olunurdu ki, həmin qurumun zahiri qatında ziyalı sözü öz əksini tapıb. Əsl həqiqətdə həmin Forumun üzvləri Azərbaycan cəmiyyətində öz siyasi iddialarını, narazılıqlarını, şəxsi maraqlarını, qrup mənafelərini ifadə eləmək məqsədilə ziyalı “şapkasından”, ziyalı adından faydalanmaq istəyirdilər. Ona görə də Ziyalılar Forumunun ümumi mənada, geniş azərbaycançılıq mənasında ziyalı missiyası ilə ictimai fəaliyyət meydanına gəlməsini müşahidə etmədim. İlk vaxtlardan hiss edirdim ki, Forumda təmsil olunaraq ziyalı adından danışanlar üçün ziyalılıq bir vasitədir. Bunun arxasında bayaq qeyd etdiyim kimi şəxsi və qrup maraqlar, siyasi iddialar dayanırdı ki, bu da ölkədəki proseslərə, milli dəyərlərə uyğun gəlmirdi. Məhz bu səbəbdən Azərbaycan cəmiyyəti haqlı olaraq, Ziyalılar Forumunu geniş mənada dəstəkləmədi. Forum yalnız bir qrup insanın, o cümlədən hər hansı səbəbdən uğursuzluğa düçar olan, əlindən bir iş gəlməyən, lakin böyük iddialarla yaşayan, bacarıqsız, daim narazılıq ifadə edənlərin qurumuna çevrildi. Bütövlükdə ziyalıları, ümummilli maraqları əhatə edən Forum ola bilmədi. Cəmiyyətdə davakar, əsl ziyalılara qarşı fərqli davranış, xoşagəlməz münasibət sərgiləyən qurum oldu. Bütün bunlara görə cəmi bir neçə aydan sonra Azərbaycan cəmiyyəti Ziyalılar Forumunun varlığını unutdu. Bu qurum hər hansı dəyər qazana bilmədi. Azərbaycan ziyalılarının içində olan bir şəxs kimi deyə bilərəm ki, bu gün də ziyalılar belə bir Forumu qəbul etmir. Ziyalılar Forumu məhdud sayda insanların fikrini ifadə etməkdən başqa heç nəyə yaramır. Halbuki ziyalı sözü ümummilli mənafeyi, ölkə miqyaslı maraqları ifadə edən, aydın düşüncəli, yüksək intellektual səviyyəyə malik şəxslərə aid edilir.
- Ziyalılar Forumunun üzvləri ilk əvvəl seçkiyə qarışmayacaqları barədə fikirlər səsləndirirdilər. Lakin sonradan onlar müxalifət düşərgəsində təmsil olundular. Siz bu məntiqsizliyi ziyalı mövqeyinə uyğun sayırsınızmı?
- Ziyalılar Forumu yaranan zaman verilən bəyanatların demək olar ki, hamısı onların sonrakı fəaliyyəti ilə üst-üstə düşmədi. Həmin adamlar ziyalılıqla məşğul olmadılar. Daha çox siyasi fəaliyyətə maraq göstərdilər. Bir müddət sonra isə açıq şəkildə Azərbaycandakı ictimai-siyasi proseslərə müxtəlif yönlərdən rəng verməyə başladılar. Adlarını ziyalı qoysalar da, siyasi cəhətdən radikal müxalif mövqedə dayandılar, ölkə reallıqlarını təhrif etməyə cəhd etdilər. Bununla yanaşı, özlərinin kiçik narazılıqlarını böyük siyasi iddialara çevirdilər. Mənim fikrimcə, Ziyalılar Forumunun iflasının kökündə də məhz bu amillər dayandı. Hazırda da Forumdakılar ziyalı adından, ziyalı mövqeyindən çox-çox uzaqdırlar. Onlar ziyalılığın məqsədlərinə heç cür uyğun gəlməyən, ictimai-siyasi proseslərdə daha çox rəqib tərəf kimi görünüb kobud müdaxilələr edən təşkilat üzvlərinə çevriliblər. Qarşıdan gələn prezident seçkilərində Ziyalılar Forumunun namizədlərlə iştirak etmək cəhdi bir daha göstərir ki, onların ziyalılıq, elm, maarifçilik görüntüsünün arxasında məkrli siyasi iddialar dayanır. Hesab edirəm ki, Ziyalılar Forumu adından namizədliyini irəli sürmüş adamların Azərbaycan cəmiyyətində ciddi bir xüsusi çəkisi yoxdur. Onların seçkilərdə dəstək qazanmayacağı aydın şəkildə görünür. Azərbaycan iqtidarı üçün Ziyalılar Forumunun namizədlərindən zəif namizəd bəlkə də ola bilməz. Çünki nə ziyalılar, nə də bütövlükdə xalq onları dəstəkləmir. Forum üzvlərinin əvvəl verdiyi bəyanatlarla sonrakı fəaliyyətləri arasındakı təzadları xalq çox yaxşı görür. Azərbaycan xalqı və iqtidarı çox ayıqdır. Hamı görür ki, indiki siyasi hakimiyyət bizlərə əmanət edilən müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, yeni uğurlara imza atmaq üçün var qüvvəsi ilə çalışır. Belə olan halda xalq təkrar 1990-cı illərin əvvəlindəki xaos və anarxiyanı deyil, 10 il əvvəl olduğu kimi indi də quruculuğu, inkişafı, tərəqqini seçəcək. Ziyalılar Forumun üzvləri isə cəmiyyətə, - “mən də varam”, - şüarından başqa heç nə verə bilməyəcəklər.
- 20 ildən artıq hakim partiyaya, mövcud iqtidara müxalifət mövqeyində dayanan AXCP, Müsavat və digər partiyalar xeyli müddət öncə Milli Şura adlı yeni qurum yaradıb bir araya gəldilər. Üstəlik, bu günə kimi hər hansı ictimai-siyasi fəaliyyəti olmayan, kinorejissor Rüstəm İbrahimbəyovu əvvəlcə özlərinə sədr, ardınca vahid namizəd elan etdilər. Hadisələrin sonunda isə məlum oldu ki, R.İbrahimbəyov seçkilərdə iştirak etmək üçün heç də uğurlu namizəd deyilmiş. Siz bütün bu prosesləri necə qiymətləndirirsiniz?
- İndiyə qədər olan prezident, parlament, hətta bələdiyyə seçkilərində Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası Azərbaycan xalqının dəstəyini qazana bilməyib. Hər zaman Azərbaycan seçicisi onlara öz münasibətini bildirib. Onlar Azərbaycan cəmiyyətində öz yerlərini, ümumiyyətlə xalqın gözündə nə olduqlarını indiyə qədərki seçkilərin nəticələrində aydın görüblər. İndiyə qədərki seçkilərdə müxalifətin iflası, əksər namizədlərinin demək olar ki, hamısının məğlubiyyətə uğraması onların özünü təhlili üçün kifayət qədər əsas verir. Radikal müxalifət təmsilçiləri seçkilərdə xal qazana bilməyəcəklərini, artıq cəmiyyətdə köhnəlmiş siyasi qüvvələr kimi göründüklərini və zamanla səsləşə bilmədiklərini aydın şəkildə hiss edirlər. Elə özlərinə olan inamsızlıqlarını gördükləri üçün də onlar artıq liderlərini deyil, bir kinorejissoru qabağa verdilər. Halbuki, Rüstəm İbrahimbəyovu Azərbaycan xalqı nəinki siyasətçi, heç yazıçı kimi də normal qəbul etməyib. Çünki o, ana dilində əsərlər yazmayıb. Çəkdiyi filmlərdən çox az qismi Azərbaycan auditoriyasının diqqətini cəlb edə biləcək şəkildə səslənib. Bu və buna oxşar bir çox səbəblərə görə Rüstəm İbrahimbəyovun Azərbaycan xalqı arasında, Azərbaycan seçicisi, oxucusu arasında müsbət imici yoxdur. Hətta Azərbaycan ədəbiyyatçılarının, yazıçılarının böyük əksəriyyət Rüstəm İbrahimbəyovun yaradıcılığına tam bəraətlə yanaşmayıblar. O, ana dilində, həmçinin Azərbaycan reallıqlarından yazmayan, azərbaycanlı obrazını Azərbaycan mentalitetinə tam uyğun şəkildə yarada bilməyən bir şəxs kimi yada düşür. Bir sözlə, əgər rəy sorğusu keçirsək, Azərbaycan oxucusunun mütləq böyük əksəriyyəti Rüstəm İbrahimbəyovun adını onun hansısa yazısına görə çəkə bilməyəcək. O, Azərbaycan mühitinə yazıçı kimi daxil ola bilməyib, Azərbaycan gerçəkliyində bir rejissor kimi tanınmayıb. Bu gün onun müxalifət düşərgəsinin vahid namizədi kimi olmağı elə müxalifətin nə qədər gücsüz, Azərbaycan xalqından uzaq düşdüyünü göstərmək üçün tutarlı faktdır.
- Müxalifətin Rüstəm İbrahimbəyov ssenarisi fiaskoya uğrayandan sonra Cəmil Həsənli layihəsini ortaya atıblar. Bu təşəbbüs müxalifəti hazırkı durumundan xilas edə biləcəkmi?
- Fikrimcə, Cəmil Həsənli siyasi fəaliyyətlə deyil, elmlə məşğul olsa daha yaxşı olar. Cəmil Həsənli müxalifət düşərgəsində Rüstəm İbrahimbəyovun nə rəqibi, nə də əvəzedicisi kimi də güclü görünmür. Cəmil Həsənli öz siyasi həyatını və siyasi keçmişini yaşamış adamdır. O, Azərbaycan müxalifət düşərgəsində fəaliyyət göstərib, oradan deputat seçilib, AXCP sədrinin müavini olub. Cəmil Həsənlinin özünün də üzv olduğu Milli Şuranın, eləcə də Ziyalılar Forumunun bütövlükdə Azərbaycan cəmiyyətində nüfuzu yoxdur. Bu qurumlar Azərbaycan ictimai rəyində xüsusi yerə malik deyillər. Bu səbəbdən Cəmil Həsənli qarşıdakı seçkilərdə nəinki Rüstəm İbrahimbəyovun əvəzindən ehtiyat namizəd kimi hansısa boşluğu doldurmayacaq, həmçinin Ziyalılar Forumu və Milli Şuraya heç bir əlavə dvident də gətirə bilməyəcək. Həmin qurumlardan, müxalif düşərgədən kimin seçilməsindən, kimin əlavə ehtiyat namizəd sürülməyindən asılı olmayaraq, onlar Azərbaycan iqtidarı ilə müqayisədə qat-qat, müqayisə olunmayacaq dərəcədə kiçik görünürlər. Bu, Azərbaycan xalqının rəyi baxımından da belədir. Çünki Azərbaycan iqtidarı dünyanın gözü qarşısında müasir Azərbaycan yaradıb. Prezident İlham Əliyevin siyasəti, apardığı çoxşaxəli işlər, dünya miqyasında Azərbaycana qazandırdığı müsbət imic ölkəmizin tarixidə xüsusi bir epoxa təşkil edir. Azərbaycan xalqı da bunu aydın şəkildə görür və dəyərləndirir. Ona görə də Milli Şuranın namizədlərinin və onları qabardan müəyyən siyasi qüvvələrin iddialarına baxmayaraq, mən onların qarşıdakı seçkilərdə çox məhdud səs alacağına əminəm. Onları bu rəqabətdə nəinki tərəf-müqabili, ümumiyyətlə müqayisə olunmayacaq bir tərəf kimi dəyərləndirirəm.
- Qarşıdan prezident seçkiləri gəlir. Bu ərəfədə Sizin Azərbaycan elmi ictimaiyyətinə, ziyalılarına deyəcək sözünüz varmı?
- Azərbaycan ictimaiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasında çalışanlar, bütövlükdə Azərbaycan ziyalıları məncə müstəqillik mərhələsində Azərbaycanda gedən prosesləri, ictimai-siyasi, tarixi, milli-mədəni hadisələri aydın şəkildə görürlər, ona ayıq-sayıq baxırlar. Mənim Azərbaycan ziyalısına deyəcəyim söz ondan ibarətdir ki, biz qarşıdakı seçkilərdə hamılıqla Azərbaycan həqiqətlərini, Azərbaycan gerçəkliyini nəzərə alaraq, yüksək tutaraq, Azərbaycan prezidenti cənab İlham Əliyevə səs verəcəyik. Cənab İlham Əliyev özünün həm şəxsi, mənəvi-intellektual keyfiyyətləri ilə, həm ictimai-siyasi baxışları ilə, həm də Azərbaycan xalqı qarşısındakı böyük xidmətləri ilə yenidən Azərbaycan prezidenti olmağa tamamilə layiqdir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər