• şənbə, 20 Aprel, 02:04
  • Baku Bakı 15°C

Xalqımız müqəddəs Ramazan bayramını qeyd edir

05.06.19 10:21 591
Xalqımız müqəddəs Ramazan bayramını qeyd edir
Bu gün xalqımız müqəddəs Ramazan bayramını qeyd edir.
AZƏRTACxəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimi ilə mayın 6-də başlayıb.
Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxmalıdır. Qazılar Şurasının qənaətinə görə, bu günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə xalqı təbrik ediblər.
Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilib. Bu müqəddəs ay insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir. Orucluq Ramazan ayında təzə Ay çıxandan başlanır və 29-30 gün davam edir. "Qurani-Kərim”də deyilir: "Yeyin, için, ta qara sap ağ sapdan seçilənədək, sonra qaranlıq düşənədək oruc tutun”. Orucluq İslamdan da əvvəl mövcud olub. Hələ qədim ərəblər öz allahları rizasına oruc tuturdular. Bu barədə "Qurani-Kərim”də deyilir: "Sizlərə oruc tutmaq buyurulduğu kimi, bizdən əvvəlkilərə də buyurulmuşdur”.
Oruc Ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu” da deyirlər. İslamda Ramazan ilin ayları arasında ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu "on bir ayın sultanı” da adlandırırlar. Ramazan gecələrindən birində müsəlmanların müqəddəs kitabı "Qurani-Kərim” nazil olub. Həmin gecə "Qədr” və ya "Əhya” gecəsi adlanır.
Tanrı bütün tutulan orucları, qılınan namazları qəbul etsin.
Ramazan bayramınız mübarək olsun!
banner

Oxşar Xəbərlər