• cümə, 29 Mart, 13:02
  • Baku Bakı 14°C

Xalqımız İlham Əliyevin şəxsində sabitliyi təmin edən rəhbəri görür

14.04.18 10:30 802
Xalqımız İlham Əliyevin şəxsində sabitliyi təmin edən rəhbəri görür
Aprelin 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçirildi. Bu seçkiləri yerli müşahidəçilər, KİV nümayəndələri və vətəndaş cəmiyyəti yaxından izlədi. Həmçinin müxtəlif ölkələrdən və təşkilatlardan beynəlxalq müşahidəçilər həm seçkiqabağı mühit, həm də seçki günü ilə bağlı öz müşahidələrini aparıb, münasibətlərini bildirdilər. O cümlədən, seçkilərdə ölkədə fəaliyyət göstərən siyasi partiyaların bir hissəsi öz namizədi ilə iştirak etdi. Lakin elə partiyalar oldu ki, bu marafona qatılmadı.Seçkinin nəticələri isə Azərbaycan xalqının iradəsini açıq şəkildə özündə əks etdirdi və Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev böyük səs çoxluğu ilə öz qələbəsini təmin etdi.Prezident seçkilərinə qatılmayan siyasi partiyaların seçkinin nəticələri ilə bağlı münasibəti nədən ibarətdir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə bildirdi ki, DİP seçki günü müşahidə həyata keçirib: "Həm seçkiqabağı və həm də seçki günü müşahidələr aparılıb. DİP-dən olan müşahidəçilər də ölkə üzrə 125 seçki dairəsini və müvafiq olaraq 1000-dək seçki məntəqəsini əhatə ediblər. Onların verdiyi məlumatlara görə, namizədlərin qeydə alınması prosesində hər hansı qanun pozuntusu müşahidə olunmayıb. Bütün namizədlərə elektron və çap kütləvi informasiya vasitələrinə çıxış imkanları yaradılıb. Siyasi qüvvələrin sərbəst toplaşmaq hüququ məhdudlaşdırılmayıb. MSK-nın seçkiləri yüksək səviyyədə təşkil etməsi, seçki maarifləndirməsi sahəsində gördüyü işlər, məntəqələrə müşahidə kameralarının yerləşdirilməsi, seçki günü ictimaiyyətin operativ şəkildə nəticələrlə bağlı məlumatlandırılması, KİV-ə, QHT-lərə, siyasi partiyalara, beynəlxalq təşkilatların nümayəndələrinə seçkiləri müşahidə etmək üçün normal şəraitin yaradılması təqdirəlayiqdir.Mən özüm də bir sıra məntəqələrdə oldum. Ümumilikdə seçki prosesində, eləcə də səsvermə zamanı hər hansı qanun pozuntuları, seçicilərlə seçki komissiyalarının üzvləri arasında gərginlik müşahidə etmədik. Hesab edirəm ki, seçki Azərbaycan xalqının iradəsini ifadə edir və biz bu münasibətlə prezidenti təbrik edirik”.

Azərbaycan Vəhdət Partiyasının sədri (AVP), deputat Tahir Kərimli ilkin nəticələrə görə qalib gələn prezident İlham Əliyevi təbrik edib: "Məhz dövlət başçısının dövründə Azərbaycan sabitliyə, təhlükəsizliyə sahib olub və ölkəmizin beynəlxalq nüfuzu artıb. Əminəm ki, İlham Əliyevin növbəti prezidentlik dövründə dövlət suverenliyimiz tam bərpa olunacaq. Bu seçkilərin nəticəsi ona görə realdır ki, məhz dövlət başçısının rəhbərliyi dönəmində Azərbaycan böhrandan çıxdı, dünya iqtisadi böhranı ölkəmizə çox təsir etmədi və xeyli iri layihələrin əsası qoyuldu. Faktiki olaraq, böyük sənaye və aqro parklar, logistika mərkəzləri inşa edilir, yeni dəmiryol, neft-qaz xətləri çəkilir. Eləcə də avtomobil zavodları, gəmi limanları tikilir və bu obyektlərin hələ bir çoxu istifadəyə verilməyib. Kənd təsərrüfatı sahəsində xeyli nailiyyətlər əldə olunub. Düşünürəm ki, bunun faydasını Azərbaycan xalqı bir neçə ildən sonra görəcək. Təbii ki, İlham Əliyevə səs vermək elə səsvermənin ən obyektiv şərhi olardı”.

T.Kərimli nə İlham Əliyevə, nə də Yeni Azərbaycan Partiyasına alternativ namizəd və partiya olmadığını əvvəldən bəyanat etdiyini dilə gətirdi: "Hesab edirəm ki, seçkinin nəticələri qanunauyğundur. Əlbəttə ki, vətəndaşların böyük əksəriyyəti İlham Əliyevə səs verəcəkdi. Çünki insanlarımız İlham Əliyevin şəxsində Azərbaycanı Suriyaya çevirməyə imkan verməyən, sabitliyi təmin edən bir rəhbər gördülər. Azərbaycan xalqına da təşəkkür edirəm ki, bunu başa düşdü və seçkidə öz səsini prezidentə verdi. İnanıram ki, İlham Əliyevin dövründə Azərbaycan hələ çox nailiyyətlər əldə edəcək, neftdən asılı olmayan iqtisadiyyatını da quracaq, ölkədə vətəndaş cəmiyyəti də inkişaf edəcək. Əminəm ki, yeni komanda formalaşaraq, islahatlar davam edəcək”.

Demokratik Maarifçilik Partiyasının (DMP) sədri, millət vəkili Elşən Musayev seçki ilə bağlı gözləntilərinin, hesablamalarının özünü doğrultduğunu vurğuladı: "Düşünürdüm ki, prezident çox böyük səslə öndə olacaq və qalibiyyət əldə edəcək. Bu sevgini illər boyu görmüşük. Hələ təbliğat-təşviqat dönəmində Zaqatalada olarkən bunun əyani şahidi oldum. İnsanlar ehtiramla, qeyri-adi bir sevgi ilə dövlət başçısına bağlıdırlar. Elə prezident tərəfindən də bu hörmət və ehtiram qarşılıqlıdır. Aprelin 11-də Bakıda çox qəribə hisslər yaşadım. Bu təkcə Yeni Azərbaycan Partiyasının təşkil etdiyi şənliklə bağlı deyil. Ümumən, Azərbaycanda və paytaxtda xoş mənzərənin şahidi oldum. İstər öz avtomobili ilə, istərsə də piyada küçələrdə gəzişən insanlar Azərbaycan bayrağını, İlham Əliyevin şəklini, YAP-ın emblemi olan bayraqları həvəslə, qeyri-adi şövqlə əllərində gəzdirirdilər”.

E.Musayev əlavə etdi ki, insanlar öz liderinin qələbəsini ayrı bir hisslə qarşılayır: "Radikal xətdə duran alternativlərə baxanda görürəm ki, onlar 25 ildir uğursuzluq yaşayırlar. Bundan sonra hələ 200-300 il ərzində də onlar bu uğursuzluğu yaşayacaq. Çünki Azərbaycan Heydər Əliyev siyasətinə varlığı qədər dəyər verəcək. Bu fərqə baxıram və fikirləşirəm ki, nə yaxşı Allah xalqımıza doğru düşüncəni verib. Hesab edirəm, bu da ayrı bir xoşbəxtlikdir. Məhz qəzetiniz vasitəsilə prezident İlham Əliyevi təbrik edirəm”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər