• cümə axşamı, 25 aprel, 10:17
  • Baku Bakı 14°C

Xalqımın Müşfiqi mənəm...

06.06.13 08:27 3737
Xalqımın Müşfiqi mənəm...
«Təqvimlərə düşən və düşməyən bayramlar var. Ancaq bayramların ən əzizi kitab bayramıdır. Hər kitabın yarandığı gün millətin tarixində bayramdır. Kitablar yaranır və yaşayır. Mikayıl Müşfiqin köhnə şeirləri də bu təzə kitabda toplanıb. Bu kitabı açan hər bir insan Müşfiqin şeirlərini keçən əsrin 20-30-cu illərinin yadigarı kimi deyil, bu günün şeirləri kimi oxuyacaq. Bir şair üçün bundan böyük xoşbəxtlik ola bilməz». Bu sözlər “XalqBank”ın həyata keçirdiyi “Xalq əmanəti” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin seçilmiş əsərlərindən ibarət “Mikayıl Müşfiq” toplusunun təqdimatında səslənib.
«Xalq əmanəti» layihəsinin üçüncü poetik toplusu, bütövlükdə isə 8-ci nəşri olan bu kitaba unudulmaz şairin müxtəlif illərdə yazdığı əsərləri, tərcümələri və bir məktubu daxil edilib. Kitab üçün seçilmiş poetik əsərlər, tərcümələrin xaricində «Ana. Vətən, Həyat», «İnsan. Təbiət. Tərəqqi», «Gözəllik. Sevgi», «İthaflar» və «Uşaqlar üçün şeirlər» kimi 10 tematik başlıq altında təsnifləşdirilib. Hər bölgüdə təqdim olunan əsərlər yazılma tarixlərinə əsasən sıralanıb. Bölgülərin sonunda isə şairin iri həcmli əsərləri, poemaları və mənzum nağılları yer alıb ki, bu da istər Müşfiq poeziyasının pərəstişkarlarına, istərsə də şairin yaradıcılığının gələcək tədqiqatçılarına onu bir bütöv kimi görməyə, anlamağa imkan verəcək.
105 yaşlı şair

Ziyalıların, millət vəkillərinin, ədəbiyyat və incəsənət nümayəndələrinin, jurnalistlərin qatıldığı tədbiri giriş sözü ilə açan millət vəkili Rafael Hüseynov iyun ayının 5-ini Azərbaycan mədəniyyəti, ədəbiyyatı və düşüncəsi tarixində son dərəcə əlamətdar gün adlandırıb: «Ən böyük yazıçının doğulduğu gün həmin xalqın ədəbiyyatının ad günüdür. İyunun 5-də böyük Azərbaycan şairi Mikayıl Müşfiq doğulub. Onun 105 yaşı tamam olur. İyunun 4-də isə Müşfiq həbs edilib. Bugünkü günə Müşfiqin həyatdan getdiyi gün də demək olar. Müşfiq 1938-ci il yanvar ayında həlak olub. Amma 1937-ci ilin iyun ayının 4-də həbs edilib. Həmin il iyun ayının 3-dən 4-ə keçən gecə yalnız Mikayıl Müşfiq deyil, Hüseyn Cavid və o dövrün bir çox görkəmli yazıçıları, ədibləri, şairləri həbs edildi. Bir çox Azərbaycan şairlərinin adı dövlətin apardığı siyasətin və bütövlükdə “xalqın düşməni” kimi təqdim edildi. Bütün varlığı ilə xalqınkı olan Müşfiq «xalq düşməni» idi. Əslində həmin gün bir şair və insan kimi onun həyatının son anı idi. Düz 19 il Mikayıl Müşfiqin adı Azərbaycan insanı üçün qapalı qaldı. Adı, əsərləri yasaq oldu, Müşfiqin üzərində “xalq düşməni” damğası qaldı. Ona görə də bu gün Müşfiqin işıq üzü görən hər bir kitabı, onun haqqında danışılan hər bir söz, Müşfiqin sözlərinə bəstələnən hər nəğmə bu böyük şairin Azərbaycan xalqına qayıdışı deməkdir”. Millət vəkili M.Müşfiqin qısa – cəmi 29 il yaşamasını təəssüflə dilə gətirib: “Böyük yaradıcıları düşünərkən yalnız onların yaratdıqları haqqında deyil, onların yaratmağa macal tapmadıqları haqqında da istər-istəməz fikrə dalırsan. Müşfiq nə yaradıbsa, Azərbaycan xalqına hansı yadigarları qoyubsa bu 29 ilin içərisində yazdıqlarıdır. Heyf ki, bu gün Müşfiqdən qalan yadigarlar onun qısa ömrü içərisində yaratdıqlarıdır. Onların hamısı Azərbaycan ədəbiyyatının çox qiymətli parçalarıdır. Azərbaycan xalqı var olduqca Müşfiq yaşayacaq. Müşfiqdən 100 il əvvəl də şairlər yeni-yeni sözlər qoşublar, Müşfiqdən 1000 il, 10 000 il sonra da yeni-yeni sözlər qoşacaqlar. Yeni şairlər yaranacaq, yeni-yeni əsərlər üzə çıxacaq. Amma Müşfiqdən əvvəlki və sonrakı bütün Azərbaycan poeziyasında Müşfiqin yeri həmişə ən ucalardan birində olacaq”.
R.Hüseynov Mikayıl Müşfiqin gözəl şairlikdən başqa yüksək səviyyəli tərcüməçilik istedadına da toxunub: “Müşfiq Azərbaycan dilindən başqa rus və fars dillərini də yaxşı bilirdi. O, Ömər Xəyyamın şeirlərini Azərbaycan dilinə tərcümə edirdi. Sonradan Müşfiqin tərcümə etdiyi təxminən 500 rubai əlyazma halında əldə edilərək nəşr olundu. Onları oxuyanda görürsən ki, Müşfiq sanki həmin şeirləri Xəyyam Azərbaycan dilində yazmış kimi səsləndirib. Müşfiq təkcə Azərbaycan dilində danışmırdı, o, zamanında bir çox Qərb və Şərq şairlərini Azərbaycan dilinə çevirmişdi. Onun öz əsərləri də bir sıra dillərə tərcümə olunub. Düşünürəm ki, Müşfiqin danışdığı dillərin sayı artdıqca, onun əsərləri dünyanın müxtəlif ölkələrinə yayıldıqca o, bir şair kimi dünya tərəfindən də daha yaxşı tanınacaq, onun böyüklüyü bəlkə Azərbaycan üçün də daha artıq görünəcək».
R.Hüseynov Mikayıl Müşfiqi “yeni günün şairi” adlandırıb: «O, yeni dövrün ritmini tutmuşdu. Yeni dövrün, sosialist həyatının ayrı-ayrı nailiyyətlərini də tərənnüm edirdi. Bəzən deyirdilər ki, o, Stalin haqqında da şeir yazıb, niyə onu həbs elədilər? Müşfiqi ona görə məhv eləmədilər ki, o hansısa sovet dövründən şeir yazmırdı və ya yeni həyatı tərənnüm etmirdi. Onun düşüncəsinin tərzinə, millətin ruhunu ifadə elədiyinə görə məhv elədilər. Müşfiqlər qalsaydı, onlar Azərbaycan ədəbiyyatından, ziyalılığından qoparılmasaydı, bugünkü Azərbaycan tamam başqa Azərbaycan olardı. Bugünkü Azərbaycan indikindən daha yüksək, qat-qat mənəvi zəngin Azərbaycan olardı”. Millət vəkili qeyd edib ki, Müşfiq kimi insanların yaratdıqları yalnız oxumaq, zövq almaq üçün deyil, millətin keçmişi, indisi və gələcəyi haqqında düşünmək üçün bir fürsətdir: “Ona görə də bu kitab Müşfiqin həyata yenidən qayıdışıdır. Müşfiq həyatı sevən bir insandır. Onun yalnız məhəbbətdən yazdığı şeirlər sevgiyə aid deyil. O, ümumiyyətlə, nədən yazırdısa yazsın, orada sevgi, məhəbbət vardı. Daşdan, torpaqdan, güldən-çiçəkdən nə yazıbsa, içərisi məhəbbətlə dolu idi. Həyata, insana, bütövlükdə kainata məhəbbətlə dolu idi. Təsadüfi deyildi ki, Müşfiq «Mən gündən-günə gözəlləşən, işıqlı dünyadan necə əl çəkim» - deyirdi. O, həyatdan əl çəkmək istəmirdi. O, bu dünyada yaşamaq, yaratmaq istəyirdi. Heyf ki, onu məhv etdilər, bu dünyadan qopardılar».
Millət vəkili, «Xalq əmanəti» layihəsi çərçivəsində çap olunan «Mikayıl Müşfiq» toplusunu Azərbaycan xalqı üçün qiymətli hədiyyə adlandırıb: «Müşfiqin əsərləri 1956-cı ildən sonra – o, bəraət aldıqdan sonra dönə-dönə çap olunub. Amma nəfislik nöqteyi-nəzərindən, sənət əsəri olaraq bu, Mikayıl Müşfiqin ən gözəl toplusudur. Ümumiyyətlə, «XalqBank»ın son illər həyata keçirdiyi layihələrin hamısı millətə xidmətin çox dəyərli örnəkləridir. Düşünürəm ki, bu kitablar gərək hər bir azərbaycanlının evində olsun və hər bir azərbaycanlı bunun dəyərini yüksək tutsun”.
Müşfiq bayramı

«Mikayıl Müşfiq» toplusunun tərtibçisi Səlim Babullaoğlu şairin «Seçilmiş əsərləri»nin bir sıra məziyyətləri ilə yeni olduğunu bildirib. Belə ki, kitaba daxil edilən şeirlərin bir qismi ilə bağlı dəqiqləşmələr aparılıb, şairin ölümündən sonra işıq üzü görən bütün nəşrlərdəki bir sıra qaçılmaz yanlışlar aradan qaldırılıb: «Bu kitabı nəşrə hazırlayarkən bir daha gördük ki, natamam 30 illik insan həyatı, 11 illik peşəkar şair ömrü yaşayan Müşfiq, ona ayrılmış bu az vaxt ərzində demək olar, bir yaradıcı adamı düşündürə biləcək bütün əsas mövzularda şeirlər yazıb. Heyrətlənməyə bilmədik. Bu heyrət indi artıq dillər əzbəri olan, təkcə dövrünün ədəbi mühiti üçün yox, qədim şifahi və yazılı tarixə malik, milli poeziyamızın çoxəsrlik səhnəsində həqiqi poetik hadisəyə çevrilmiş bir çox şeirləri təkrar-təkrar oxuyarkən daha da böyüdü, dərinləşdi”. S.Babullaoğlu Müşfiqin taleyini və şeirini və milli poeziyamızdakı yenilikçi yerini digər xalqların ədəbiyyatlarındakı eyni mövqeyə malik şairlərdən fərqləndirib: “Onun yaradıcılığını başqa xalqların eyni taleli şairləri ilə tutuşduranda anlayıram ki, 20-ci əsr yeni poeziyamızın «saat»ını, «dünyəvi vaxtı»nı məhz Müşfiqlə qura bilərdik. Onda geri qalmayacaqdıq». Onun tapdığı və tapındığı söz və dil idi. Və səmimiyyəti qarşısında söz və dil onu öz vəkili təyin etmişdi. Bax, bunu ona bağışlaya bilmədilər. Bu idi Müşfiqin fiziki məhvinin həqiqi səbəbi. Amma yalnız fiziki. Çünki onun şeirləri, o şeirlərə hopmuş ruhu bütün sınaqlardan qalib çıxdı».
S.Babullaoğlunun fikrincə, toplu təkcə Müşfiq poeziyasını sevənlər üçün deyil, şairin yaradıcılığının tədqiqatçıları üçün də qiymətli mənbə olacaq.
İnsaniyyətin şairi

Mikayıl Müşfiqin şeirlərini özbək dilinə tərcümə edən və tədbirə Özbəkistandan qonaq kimi qatılan Xurşud bəy Mikayıl Müşfiqi bütün xalqların şairi adlandırıb: «Nizami, Füzuli, Hüseyn Cavid Azərbaycan ədəbiyyatının fəxridir. Onlar bütün türk dünyasının şairləridir. Özbəkistanda da onların yubileyləri qeyd olunur, əsərləri çap olunur. Mikayıl Müşfiq də təkcə Azərbaycan dünyasının şairi deyil, o, bütün türk dünyasının, insaniyyətin şairidir. Böyük şairlərin yaşı olmur, onların yaşı əsrlərlə ölçülür. Mikayıl Müşfiqin şeirləri özbək, tacik, türkmən, qazax və s. dillərə tərcümə olunub. Bundan sonra da onun şeirləri müxtəlif dillərə tərcümə olunacaq, nə qədər ədəbiyyat, nə qədər poeziya varsa Müşfiqin şeirləri də yaşayacaq».
Müşfiq nəslinin təmsilçisi Vahab İsmayılzadə kitabın nəşrinə görə təşəkkürünü bildirib: «Nəhayət, Müşfiqin özü səviyyəsində bir kitab işıq üzü gördü». V.İsmayılzadə şairin xatirəsinə «Xalqımın Müşfiqi mənəm» şeirini səsləndirib.
“Xalq əmanəti” layihəsinin rəhbərliyi bundan sonra da layihə çərçivəsində Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti və görkəmli şəxsiyyətləri haqqında yeni nəşrlər vəd ediblər.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər