• cümə, 29 Mart, 00:35
  • Baku Bakı 7°C

Xalqa xidmətin təntənəsi...

12.04.19 15:51 573
Xalqa xidmətin təntənəsi...
"Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan
vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan
daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru
irəliləyişi görsün və onu hiss eləsin”

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan xalqının Prezident İlham Əliyevə məhəbbətinin, inamının əsasında dövlətimizin başçısının liderlik keyfiyyətləri dayanır. Onu xalqa sevdirən ən mühüm xüsusiyyəti əsl dövlət başçısına xas qətiyyət, atdığı hər bir addımda milli maraqları öndə tutmasıdır. Prezident İlham Əliyevin verdiyi hər bir qərar Azərbaycan dövlətinin milli maraqlarına hesablanır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.
Milyonları öz ətrafında toplayan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi daha müvəffəqiyyətlə həyata keçirilməyə başlandı. Dövlət başçısının xidmətləri ilə Azərbaycanda demokratik prosesi sürətləndirən siyasi islahatlar dönməz xarakter aldı. Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsini prioritet elan edən Prezident bu kimi halların aradan qaldırılması üçün təsirli tədbirlər gördü.
"Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz”, - deyən Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlarla dövlət strukturları arasında bürokratik maneələrin aradan qaldırılması üçün aparılan islahatlar çərçivəsində innovativ addım atdı - Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini yaratdı. Dövlət başçısı agentliyin nəzdində dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən "ASAN xidmət” mərkəzlərinin yaradılmasına göstəriş verdi. Bununla da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olundu.
Prezident İlham Əliyev şəffaflığın təmin edilməsində peşəkar və müstəqil medianın formalaşmasını başlıca şərt hesab edir. Dövlət başçısı söz azadlığının, insanların obyektiv informasiya əldə etmək hüququnun təmin olunmasına yönəlmiş mühüm addım kimi KİV-lərin inkişafına və müstəqilliyinə dəstək vermək üçün xüsusi dövlət mexanizmi yaratdı. Hər il dövlət hesabına redaksiyalara birdəfəlik maliyyə yardımlarının göstərilməsinə başlandı. Mediaya dəstəyini getdikcə artıran Prezident 2010-cu ildə Mətbuat Şurasından edilən müraciətləri nəzərə alaraq jurnalistlər üçün Bakıda yaşayış binasının tikintisi haqda qərar verdi və bu bina 2013-cü ildə istifadəyə verildi. Jurnalistlər üçün tikilmiş daha bir yaşayış binası isə bu yaxınlarda onların ixtiyarına veriləcək. Dünya praktikasında ilk dəfə məhz Azərbaycanda jurnalistlər üçün ev tikilərək istifadəyə verildi.
Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərdi. Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizin dostlarının sayı çoxaldı, bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olundu. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı və qəbul edildi. Bunu sübut edən ən böyük amillərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi oldu. Müstəqillik tariximizin ən böyük nailiyyəti olan bu hadisə Azərbaycanda yürüdülən siyasətə və ən nəhayət, beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin təzahürünə çevrildi. Bu, dünya ictimaiyyətinin Azərbaycana olan inamını, etimadını göstərdi.
Azərbaycanın müstəqilliyinin dönməzliyinə nail olmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək kimi mühüm vəzifələrin öhdəsindən uğurla gələn Prezident İlham Əliyev Şərqlə Qərb arasındakı münasibətlər sistemində ölkəmizin özünəməxsus yerini daha da möhkəmləndirdi. Erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağın edildi, dünya birliyi onların əsl simasını gördü. Azərbaycan Prezidenti Qarabağ uğrunda müharibəni hücum diplomatiyasına keçirərək beynəlxalq təşkilatların diqqətini bu problemə yönəltdi. Bununla da dünya birliyi Xocalı soyqırımını tanımağa və pisləməyə başladı. Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Azərbaycan öz siyasəti ilə bütün dünyada sülhsevər, sivilizasiyalı ölkə kimi tanındı, Avropanın və dünyanın ən böyük və nüfuzlu ölkələri ilə qarşılıqlı münasibətlər yaratmaq üçün ciddi iş aparıldı. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçuya çevrildi.
Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatı sürətli inkişaf dövrünə qədəm qoydu, Azərbaycanın dövlət büdcəsi artdı, açılan yeni iş yerlərinin sayı 1 milyon 300 mini keçdi, yoxsulluq 50 faizdən 5 faizə düşdü. Dünyada ən sürətli templərlə inkişaf edən Azərbaycanın iqtisadiyyatı 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artdı. Ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyuldu. Heç bir başqa ölkədə son on il ərzində iqtisadiyyat bu qədər artmayıb. Özü də bu inkişafa qlobal iqtisadi böhranın tüğyan etdiyi şəraitdə nail olunub. Əhalinin sosial təminatının yaxşılaşdırılması ilə bağlı ciddi tədbirlər görüldü, maaşlar, pensiyalar artırıldı. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini yüksəltdi. Ölkəmiz rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında öz yerini daha da möhkəmləndirdi.
Ötən müddətdə aqrar-sənaye kompleksində islahatlar genişləndi, əhalinin çoxəsrlik arzusu reallaşdı və onlar torpağın həqiqi sahibinə çevrildilər. Ölkədə güclü sahibkarlar sinfi formalaşdı. Dövlət xətti ilə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə milyonlarla manat güzəştli kreditlər ayrıldı.
Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan üç dövlət proqramı bölgələrlə paytaxt arasındakı inkişaf fərqini aradan qaldırdı. Bu proqramlar, həmçinin regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı imzalanmış sərəncamlar üzrə nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verdi. Bölgələrimizin siması sürətlə dəyişdi. Əhalinin sosial rifahının yaxşılaşdırılması, yeni istehsal sahələrinin açılması regionlarımızı da ümumi inkişaf prosesinin ən mühüm parçasına çevirdi.
Əhalinin problemi kreditləri ilə bağlı xüsusi sərəncam imzalandı. Vətəndaşlara dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıqlar verildi. Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı. Evə ehtiyacı olan vətəndaşlar üçün xüsusi güzəştli mənzillərin inşa edilib onlara verilməsi prosesi həyata keçirildi. Şəhid ailələrinə birdəfəlik maddi yardım göstərildi. Onların mənzil-məişət probleminin həlli üçün 35 milyon manat pul vəsaiti ayrıldı.
Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar ordumuzun gücünə əlavə güc qatır. Bu gün Azərbaycanı dünya birliyində layiq olduğu yerə gətirən faktorlar sırasında Silahlı Qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur. Son vaxtlar həm Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda, xaricdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir qurğular əldə edilib. Ordumuzda ən güclü artilleriya qurğuları var. Böyük dəqiqliyə və dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar – bütün bunlar bu gün Azərbaycan Ordusunun potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan Ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər.
2014-cü ilin avqustunda təmas xəttində düşmənin diversiya qrupunun darmadağın edilməsi, bir neçə ay sonra Azərbaycanın hava məkanına soxulan düşmən helikopterinin məhv edilməsi Azərbaycan Ordusunun gücünü açıq-aşkar göstərdi. Azərbaycan Silahlı Qüvvələri hər cəhətdən düşməndən qat-qat yüksək olduğunu nümayiş etdirdi. 2016-cı ilin aprelində də belə oldu. Qəhrəman ordumuz Ermənistanın təmas xəttində törətdiyi təxribatın qarşısını mərdliklə aldı. Əks-hücum əməliyyatı nəticəsində Azərbaycan Ordusu işğal altında qalan Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarət etmək imkanı qazandı. Bununla da Azərbaycan Ordusu düşmənə öz qüdrətini göstərdi, tariximizə şanlı səhifə yazdı.
Prezident İlham Əliyev həm də Azərbaycanı idman ölkəsinə çevirməyi qarşıya məqsəd qoymuşdu. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan beynəlxalq miqyasda artıq idman ölkəsi kimi tanınır. Bu məqsədə çatmaq üçün bütün ölkə ərazisində müasir idman infrastrukturu yaradıldı. Prezidentin sərəncamları əsasında çoxsaylı yeni, müasir idman obyektləri tikildi, eyni zamanda, yararsız vəziyyətə düşmüş köhnə idman bazaları təmir olundu və yenidən qurulu. İdman infrastrukturu təkcə paytaxtda deyil, respublikamızın regionlarında da inkişaf etdirildi. Ötən illər ərzində Azərbaycanda Olimpiya hərəkatı yeni inkişaf mərhələsinə daxil oldu, gənclər arasında Olimpiya idman növlərinə maraq daha da artdı. Bunu son illərdə Yay Olimpiya Oyunlarında idmançılarımızın qələbələri də təsdiqləyir. İdmançılarımız hər Olimpiya Oyunlarında medalların sayını daha da artırdılar. Rio Yay Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları tarixi nailiyyətə imza atdılar. Tarixdə ilk dəfə aktivinə 18 medal yazan Azərbaycan medalların sayına görə 14-15-ci yerləri bölüşdü. Azərbaycan Avropa ölkələri arasında 7-ci, MDB respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdə qərarlaşdı.
2015-ci ilin yayında ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə Azərbaycan idman ölkəsi kimi tarixə düşdü. Möhtəşəmliyinə və yüksək səviyyədə hazırlığına görə böyük rezonans doğuran bu tarixi idman hadisəsi ölkəmizin dünya miqyasında rolunu daha da artırdı, xarici turistlərin Azərbaycana axınını gücləndirdi. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının da Azərbaycanda keçirilməsi qərara alındı. 2016-cı ildən bu il isə dördüncü dəfə keçiriləcək paytaxt Bakı, şəhərimizdə dünyanın ən nüfuzlu idman yarışlarından biri - "Formula-1” Avropa Qran-prisi keçiriləcək və ölkəmiz növbəti dəfə bütün dünyanın diqqət mərkəzində olacaqdır.
Prezident İlham Əliyev gənclərimizi aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə çox böyük işlər görüb. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, onların sosial problemlərinin həlli, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi dövlət başçısının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Bütün bu qayğı və diqqət Azərbaycan gənclərinin gələcəyə böyük inamını formalaşdırdı. Gələcəyə inam isə gənclərin öz fəaliyyətlərində daha böyük uğurlar əldə etməsi üçün güclü zəmindir.
Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevirdi. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünya forumları, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları bunu göstərir. Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu, artıq bütün dünyada qəbul edilir. Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.
Prezident İlham Əliyevin mədəniyyət konsepsiyası Heydər Əliyev Fondunun layihələri ilə daha da dolğunlaşıb, ölkəmizin dünyada təbliğinə geniş imkanlar açıb. Bu layihələr sayəsində indi Azərbaycanı dünyada daha yaxşı tanıyırlar, Azərbaycan mədəniyyətinin sorağı hazırda böyük səhnələrdən gəlir, ölkəmizin təbliğinə xidmət edir. Musiqimizin təməl daşı olan muğam artıq dünya musiqisinə çevrilib. "Eurovision” kimi beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi edən Azərbaycan bununla da müsabiqə tarixinə möhür vurub. Özlüyündə böyük mədəniyyət hadisəsi olan, lakin siyasi və iqtisadi əhəmiyyəti ilə daha çox diqqəti cəlb edən bu hadisə göstərdi ki, Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan bütün dövrlərdə diqqət mərkəzində olub.
Beləliklə, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın müstəqillik dayaqları daha da möhkəmləndi, ölkəmiz dünyada söz və nüfuz sahibinə çevrildi. Bu fəaliyyətin təməlində xalqa bağlılıq, ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideyasının cəmiyyətdə daha da bərqərar olması kimi strateji amil dayandı. Prezident İlham Əliyev çalışır ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, ilk növbədə, öz milli kimliklərini dərk etsinlər və qorusunlar, Azərbaycanın dilini, mədəniyyətini, mütərəqqi ənənələrini, tarixini yaşatsınlar, inkişaf etdirsinlər. Bu da bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin təminatı baxımından ən mühüm şərtlərdən biridir. İlham Əliyevi xalqın sevimlisinə çevirən amillər sırasında təbii ki, onun tariximizə, şanlı keçmişimizə, müstəqilliyimizin simvolu olan dövlət atributlarına hörmət və ehtiram da xüsusi yer tutur. Məhz onun bu sahədə həyata keçirdiyi fəaliyyət konsepsiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi üçün strateji xətdir. Prezident İlham Əliyevin reallaşdırdığı inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil oldu. Çünki onun müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə - Azərbaycan vətəndaşı dayanır. Bu illər ərzində İlham Əliyev gördüyü işlərlə bir daha sübut etdi ki, o, doğrudan da hər bir Azərbaycan vətəndaşının prezidentidir.
Elçin Quliyev,
Milli Məclisin üzvü
banner

Oxşar Xəbərlər