• şənbə, 20 Aprel, 01:36
  • Baku Bakı 15°C

Xalq rəssamı Rafis İsmayılovun 80 illiyi qeyd olunacaq

08.02.19 15:15 709
Xalq rəssamı Rafis İsmayılovun 80 illiyi qeyd olunacaq
Fevralın 15-də Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafis İsmayılovun anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçiriləcək.
Dövlət Rəsm QalereyasındanAZƏRTAC-a bildirilib ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşacaq. Tədbir çərçivəsində rəssamın həyat və yaradıcılığından danışılacaq, incəsənətin inkişafına verdiyi töhfələr vurğulanacaq.
1939-cu il martın 30-da Bakıda anadan olan Rafis İsmayılov Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, sonradan Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. Həmin ildən "Azərbaycanfilm” kinostudiyasında çalışan sənətkar, 30-dan artıq bədii filmin rəsmlərinə quruluş verib. O, "Qatır Məmməd”, "Sevinc buxtası”, "Üzeyir ömrü”, "Qara gölün cəngavərləri”, "Qəribə adam”, "Oxuyur Müslüm Maqomayev”, "1001-ci qastrol”, "Yapon və yaponiyalı”, "Pirverdinin xoruzu”, "Dantenin yubileyi”, "Anın quruluşu”, "Özgə ömür” və "Təhminə” kimi filmlər üzərində işləyib.
Rəssam "Danışan işıqlar”, "Xeyir və Şər”, "Göyçək Fatma”, "Lağım” cizgi filmlərinin quruluşçu-rəssamı, habelə "Xətai”, "Metexan”, "Romeyo və Cülyetta”, "Spartak”, "Oliver Tvist”, "Qaçaqlar”, "Kventin Dorvard” və başqa kitabların illüstrasiya müəllifi kimi tanınır. O, həmçinin atalar sözləri, Dədə Qorqud motivləri və xalq mahnıları mövzusunda çox sayda rəsm əsərlərinin müəllifidir.
R. İsmayılov 1970-2007-ci illərdə "Azərbaycanfilm” Kinostudiyasında istehsal olunmuş 25 bədii filmdə rəsmlərə quruluş verib.
2003-2005-ci illərdə Azərbaycan Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bir sıra tamaşaların bədii tərtibatçısı olan sənətkarın əsərləri R. Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılır. Rəssamın ayrı-ayrı əsərləri yerli və xarici şəxsi kolleksiyalarda da saxlanılır.
banner

Oxşar Xəbərlər