• cümə axşamı, 25 aprel, 15:40
  • Baku Bakı 23°C

Xalq-iqtidar birliyinə daha bir nümunə

31.03.20 16:07 3462
Xalq-iqtidar birliyinə daha bir nümunə
Əhaliyə koronavirusa görə birbaşa maliyyə yardımının verilməsi Azərbaycan dövlətinin istənilən çətinlikdə öz vətəndaşının yanında olduğunu göstərir
İqtisadiyyat naziri Mikayıl Cabbarov ötən gün Azərbaycan Televiziyasına müsahibəsində koronavirusa görə birbaşa maliyyə yardımının necə veriləcəyini açıqlayıb. O, bununla bağlı 9 proqram ortaya qoyulduğunu, ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işinin ön plana çəkildiyini diqqətə çatdırıb. Deyib ki, bu, 4 böyük sektoru və 20 fəaliyyət sahəsini əhatə edir. Nazir bildirib ki, iqtisadiyyatın ən çox zərərçəkmiş, əhəmiyyətli dərəcədə zərərçəkmiş, minimal və heç zərərçəkməmiş sahələri müəyyənləşdirilib. Onun sözlərinə görə, birinci proqram 304 min muzdlu işçini və 44 min sahibkarlıq subyektini əhatə edir. Bu proqramın əsas məntiqi fəlsəfəsi ondan ibarətdir ki, həmin subyektlərin işçilərinin əməkhaqqlarının əhəmiyyətli hissəsinin verilməsi üçün dövlət tərəfindən maddi yardım edilir. Bunlara misal olaraq, ictimai-iaişə, xidmət sektoru, turizm və sairin də daxil olduğu 11 istiqaməti göstərmək olar.

Tikinti sektoru aparıcı istiqamətlərdən biri olacaq
İqtisadiyyat naziri M.Cabbarov söyləyib ki, təsir 100 faiz qiymətləndirilib və həmin müəssisələrdə muzdlu olaraq fəaliyyət göstərən hər bir işçini əhatə edəcək. O deyib ki, daha 9 fəaliyyət istiqamətində əhəmiyyətli mənfi təsir olan sahələr müəyyənləşdirilib: "Burada biz 70 faiz əmsalını tətbiq edirik. Başqa sözlə, burada təsir daha aşağıdır. Proqramın çərçivəsi ondan ibarətdir ki, burada biz işçinin real maaşını və ya respublika üzrə orta aylıq əmək haqqını götürürük. Bilirsiniz ki, yanvar ayının nəticələrinə görə, artıq orta aylıq əməkhaqqı 700 manatdan yuxarı olub. Bu proqramın fəlsəfəsinə görə aylıq əməkhaqqı fondunun 50 faizinə bərabər olan hissəsi birbaşa maliyyə ayrılması şəklində sahibkarlara, həmin müəssisələrə təklif edilir. Minimal təsirə məruz qalmış və ya təsirsiz ötüşmüş sektorlara baxdıqda yuxarı əmək haqqı alan işçilər məhz rabitə, bank və sığorta sektorlarınadır. İkinci böyük proqram 290 min mikro-fərdi sahibkarı əhatə edir. Burada biz 10 işçidən az olan və ya özü fəqdi sahibkar kimi fəaliyyət göstərən müəssisələri nəzərdə tutmuşuq. Məntiq də ondan ibarətdir ki, həmin sahibkarların maliyyə yastığı azdır. İqtisadi sahəyə olan məhdudiyyətlər ilk növbədə zərbəni onlara endirir. Baza kimi həmin sahibkarların 2019-cu ildəki vergi ödənişlərini istifadə edəcəyik. Birdəfəlik yardımın edilməsində həmin bazaya əsaslanacağıq. Üçüncü proqram vergi güzəştləri, tətilləri və imtiyazları proqramıdır. Burada yenə də əsasən mənfi təsir altında olan, həmçinin digər sahələrdə də bir sıra güzəştlər nəzərdə tutulur. Dördüncü proqram olaraq ipoteka kreditlərinə dəstək nəzərdə tutulub. Bu sahə bizim üçün vacibdir. Cənab Prezidentin də sərəncamında qarşımıza qoyulan əsas vəzifə təsirin qiymətləndirilməsi və addımların atılması deyil, həmçinin ortamüddətli ölkənin iqtisadi çərçivəsi ilə əlaqədar təkliflərin hazırlanması ilə də bağlı idi. Pandemiyadan sonrakı dövrdə tikinti sektoru aparıcı istiqamətlərdən biri olacaq”.

İqtisadiyyatın dayanıqlılığının təmin edilməsi
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov mövzu ilə bağlı "Kaspi” qəzetinə bildirib ki, koronavirus xəstəliyinin ölkəmizdə yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması üçün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən qərarlar, o cümlədən birbaşa maliyyə yardımının edilməsinə dair atılacaq addımlar dövlətin öz vətəndaşının yanında olduğunu bir daha nümayiş etdirir. Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövləti istənilən çətinlikdə öz vətəndaşının yanında olmaqla ona hərtərəfli dəstəyini göstərir: "İqtisadiyyatın dayanıqlılığının saxlanılması, ümumilikdə sahibkarlara dəstək verilməsi üçün dövlət büdcəsindən 1 milyard manat həcmində vəsait ayrılıb. Bu vəsait vətəndaşlarımıza, o cümlədən sahibkarlara dəstək xarakteri daşıyır. Dünyada koronavirus epidemyası yayıldığı bir vaxtda Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin başlıca məqsədi və hədəfi Azərbaycan vətəndaşının vəziyyətinin daha da yaxşılaşdırılması, onun sağlamlığının qorunmasıdır. Təbii ki, bunun üçün ölkə iqtisadiyyatının dayanıqlılığı da təmin edilməlidir. İcrası nəzərdə tutulan maliyyə yardımı proqramında əsasən 4 istiqamət əsas götürülüb. 304 min muzdla işləyən vətəndaşımıza, 44 min sahibkara dövlət dəstəyi göstəriləcək. Kredit portfeli ilə bağlı dövlət dəstəyinin verilməsi də atılacaq addımlar sırasındadır. Təbii ki, bütün bunlar Azərbaycanda xalq-iqtidar birliyinin daha bir göstəricisidir”.

Vətəndaşların sosial durumuna təsir
Koronavirus pandemiyasının bütün dünyanı bürüdüyünü xatırladan iqtisadçı millət vəkili Azər Badamovdeyib ki, Azərbaycan bu xəstəliyə qarşı ən çevik və operativ mübarizə tədbirləri həyata keçirən ölkələrdən biridir. Deputatın qənaətincə, ölkəmizdə koronavirusa yoluxanların sayının az olması məhz bu amillə əlaqədardır. O, belə bir şəraitdə Azərbaycan dövlətinin maliyyə yardımını nəzərdə tutan proqramla çıxış etməsini təqdirəlayiq hal kimi qiymətləndirib: "Pandemiya bütün dünyaya ayaq açıb. Ona görə də əksər ölkələrdə bir çox sahələrdə məhdudiyyətlərin qoyulması gündəmə gəlib. Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, xüsusi karantin rejiminin tətbiq edilməsi və bu kimi digər vacib qərarlar qəbul edilib. Əksər sahələrdə insanların fəaliyyəti məhdudlaşdırılıb. Karantin müddətində vətəndaşların evdə qalması tələb olunur. Bu da bir çox vətəndaşlara təsir edir. İlk növbədə günəmuzd işləyən vətəndaşlar işdən, gündəlik qazancdan məhrum olurlar. Bu da onların sosial vəziyyətinə mənfi təsir göstərir. Çoxsaylı müəssisələrdə iş rejiminin dayandırılması, iş ahənginin itməsi də hüquqi və fiziki şəxslərin, yəni həm sahibkarların, həm də burada işləyən vətəndaşlarımızın sosial durumuna təsir edir. Beləliklə, bir sıra mühüm sahələrə dövlətin dəstək verməsi ciddi zərurətə çevrilib. Ona görə də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda makro-iqtisadi sabitliyin qorunub saxlanması, sahibkarlıq subyektlərinə dəstəyin verilməsi, iqtisadi fəallığın artırılması, fiziki şəxslərin sosial müdafiəsinin gücləndirilməsi üçün dövlət büdcəsindən bir milyard manat vəsait ayrılıb”.

Regionda yeganə ölkə
Millət vəkili qeyd edib ki, Prezidentin bu addımından sonra ayrılan vəsaitin düzgün xərclənməsi istiqamətlərinin müəyyənləşdirilməsi üçün Nazirlər Kabinetinə müvafiq göstəriş verilib: "Artıq həmin istiqamətlər müəyyənləşdirilib. 4 əsas istiqamət, 20 fəaliyyət növü, 9 proqram. Azərbaycan regionda yeganə ölkədir ki, bu cür əhatəli, vacib qərarlar qəbul edib, əməli tədbirlər həyata keçirib. Bu addımların atılması üçün ölkədə iqtisadi mühitin olması vacib şərtdir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində belə bir mühit Azərbaycanda çoxdan formalaşdırılıb. Bu gün Azərbaycanda iş mühitinin pozulmasına, insanların işə çıxmamasına baxmayaraq, dövlət vətəndaşının yanındadır, ona hərtərəfli dəstək verməyə çalışır. Qeyd olunan proqramların, fəaliyyətin həyata keçirilməsi ilə vətəndaşlarımız dövlətin dəstəyini bir daha öz üzərlərində hiss edəcəklər”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər