• cümə, 19 Aprel, 21:11
  • Baku Bakı 24°C

Xalq-iqtidar birliyi olduğu müddətcə...

12.07.18 19:14 778
Xalq-iqtidar birliyi olduğu müddətcə...
Son günlər Gəncədə baş verən hadisələr ölkə əhalisi tərəfindən birmənalı şəkildə pislənilir. Radikal dini yönümlü bir qrup şəxsin şəhər İcra Hakimiyyətinin inzibati binası önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhdi və nəticədə iki polisin vəzifə borcunu yerinə yetirərkən öldürülməsi lənətlənir. Xaricdən idarə olunan şəxslərin Azərbaycanda qarışıqlıq yaratmaq istəyini hər kəs qınayır. Baş vermiş hadisəni gənclər də birmənalı şəkildə pisləyərək dövlətimizin yanında olduqlarını bildirirlər.
Millət vəkili, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov son günlər Gəncədə baş vermiş hadisələrdən dolayı çox təəssüfləndiyini və bu kimi hadisələrin bir də yaşanmamağını arzuladığını dedi: "Bu hadisələrin məqsədi heç şübhəsiz ki, ölkədəki sabitliyi pozmaq və iğtişaşlar yaratmaq idi. Belə ki, Azərbaycan son zamanlar əhəmiyyətli regional layihələrə imza atıb, böyük inkişaf yolu keçib. Əlbəttə, ölkəmizin güclənməsi müəyyən dairələrin xoşuna gəlməyə bilər. Buna görə də hər hansısa bir yolla ölkə daxilində qarışıqlıq yaratmaq istədilər. Bunun müqabilində biz nə gördük? Cəmiyyətin müxtəlif təbəqəsindən olanlar buna çox sərt reaksiya verdilər. İnsanlar Azərbaycanda mövcud olan sabitliyin, əmin-amanlığın daha da möhkəmlənməsinə tərəfdar çıxdılar. Burada ən vacib məqamlardan biri isə xalq-iqtidar birliyinin olmasıdır. İctimaiyyət bu hadisələrə kəskin reaksiya verməklə həm də iqtidarla həmrəyliyini nümayiş etdi. Ölkəmizdə xalq və iqtidar birliyi, insanlarımızın baş verən hadisələri doğru-düzgün təhlil etmək qabiliyyəti olduğu müddətcə, bu kimi hadisələrin gələcəyi yoxdur və heç vaxt da olmayacaq. Kaş olmazdı, amma bu hadisələr nəticəsində düşmənlərimiz xalqımızın bu kimi hadisələrə olan münasibətinin hansı səviyyədə olduğunu da öyrəndi ”.
"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyir ki, Gəncədə icra başçısının vurulması ilə başlayan hadisələr, şübhəsiz ki, dövlətçiliyimizə, ölkəmizdə uzun illər böyük zəhmət hesabına qurulan sabitliyə qarşı böyük bir təxribatdır: "İcra başçısına atılan güllə, son hadisələrdə polisə qarşı atılan addımlar Azərbaycan dövlətinə qarşı atılmış sayılır. Hadisələrin gedişatı göstərir ki, bütün bu edilənlər heç də təsadüfi xarakter daşımır. Gəncə şəhər icra hakimiyyətinin önünə çıxanlar sadəcə din adı altında pərdələnmiş, əslində isə siyasi terrorla məşğul olan, ölkəmizdəki sabitliyi zədələmək istəyənlər idi. Hesab edirəm ki, onlar Azərbaycanın xarici düşmənlərinin əlində maşaya çevrilən qüvvələrdir. Məncə, nəinki gəncəlilər, bütün Azərbaycan xalqı ayıq-sayıq olmalı və ölkədəki sabitliyi pozmaq üçün planlanmış bu kimi təxribatların qarşısını almalıdır”.
Həmsöhbətimiz son günlər baş verən hadisələrin təsadüfi olmadığını bildirir: "Əslində sual oluna bilər ki, nəyə görə ölkəmiz hədəf götürülüb, niyə Azərbaycana qarşı belə sistemli hücumlar başlayıb? Təbii ki, bunları təsadüf adlandırmaq olmaz. Son dövrlər ölkəmizin inkişafı, daxili və xarici siyasətdə qazandığı uğurlar, dünyada hər ötən gün artan nüfuzu, Azərbaycanın həm siyasi, həm də iqtisadi güc mərkəzinə çevrilməsi dostlarımızı sevindirsə də, düşmənlərimizi dərindən narahat edir. Son olaraq Azərbaycanın böyük layihə olan TANAP-ın açılışını etməsi düşmənlərimizdə ciddi şəkildə qıcıq doğurdu”.
"İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirir ki, ölkəmizdə xaos yaratmaqla, insanlarımızı bir-birinin əli ilə vurmağa cəhd etdilər: "Ümumiyyətlə, fikirləşirəm ki, Gəncə şəhərində baş verən hadisələrin kökündə Azərbaycanı gözü götürməyənlərin əli var. Görünən odur ki, Azərbaycandakı mövcud ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Əgər buna süjet xətti olaraq baxsaq, 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Bakıda hərbi paradın keçirilməsi düşmənlərimizin paxıllığına səbəb olub. Nəticə etibarı ilə düşmənlərimiz Azərbaycanı daxildən parçalamaq üsulunu seçib. Bu, hansı bölgədə baş verməsindən asılı olmayaraq, Azərbaycan dövlətçiliyinə, xalqına qarşı törədilmiş bir cinayət idi. Ölkəmizdə xaos yaratmaqla, insanlarımızı bir-birinin əli ilə vurmağa cəhd etdilər. Bu vasitəyə əl atan insanlar bunu din pərdəsi adı altında həyata keçirməyə çalışdılar. Amma günahsız insanları qətlə yetirməyi heç bir amillə əsaslandırmaq mümkün deyil”.
Birlik sədri qeyd edir ki, Azərbaycan gəncləri ağıllıdır, pislə yaxşını ayırd etməyi bacarırlar: "Bu işdə gənclərin də rolu böyükdür. Bir yumruq olub düşmənə qarşı mübarizə tam formada aparmalıyıq. Ağsaqqallarımız və ən əsası da gənclərimiz Azərbaycanın müstəqilliyinin, sabitliyinin qorunması və möhkəmləndirilməsi yolunda əllərindən gələni etməyə hazırdır. Düşünürəm ki, cənab prezidentin yürütdüyü güclü siyasət və xalqımızın dəstəyi ilə Azərbaycan bu çətinliyi də geridə qoyacaq”.

Günel Azadə

banner

Oxşar Xəbərlər