• şənbə, 20 Aprel, 14:35
  • Baku Bakı 23°C

“Xalq Əmanəti” şəhid-heykəltəraş Samir Kaçayevin doğma yurdu Şamaxıda

22.02.17 17:25 1018
“Xalq Əmanəti” şəhid-heykəltəraş Samir Kaçayevin doğma yurdu Şamaxıda
"Xalq Əmanəti” layihəsi çərçivəsində keçən il dekabrın 16-da Xalq Bankın əsas binasında təqdim olunan "Samir Kaçayev. Heykəltəraşlıq” bədii albomu və əsərlərindən ibarət sərgi indi də şəhid-heykəltəraşın doğulub boya-başa çatdığı Şamaxı rayonunada insanları bir araya gətirib. Belə ki, fevral ayının 21-də bədii albomun təqdimat mərasimi və gənc heykəltəraşın əsərlərindən ibarət sərginin açılışı bankın "Şamaxı” filialında keçirilib. Şamaxı rayonunun ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, həmyerliləri və dostlarının iştirak etdiyi tədbirdə Samir Kaçayevin yaradıcılığı, onun qısa, lakin zəngin həyatı haqda söz açılıb, xatirəsi yad edilib. Şamaxı rayonu Ağsaqqallar şurasının sədri Mayıl Alcanov, mədəniyyət işçisi Rafail Tağızadə, Qobustan rayonu zayalıları adından Aftandil Şikarov, Çuxuryurd orta məktəbinin müəllimi Güntəkin Hümmətov, Samirin dostları və atası çıxış edərək böyük sənət yolunun yoşçusu olan S.Kaçayevin vətən uğrunda şəhidliyi daha üstün tutmasını fəxarətlə qeyd ediblər. Gənc heykəltəraşın həyat yoluna nəzər salınaraq onun 1994-cü il, mart ayının 6-daŞamaxı rayonunun Çuxuryurd kəndindəsadə bir ailədə anadan olduğu qeyd edilib: "Kiçik yaşlarından sənətə böyük marağı olan Samir rəsm çəkməyi, plastilindən heykəlciklər düzəltməyi çox sevirdi. Orta məktəbi bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olan Samir 2015-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq heykəltəraş ixtisasına yiyələnib. Magistraturaya daxil olduqdan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini cəbhə bölgəsində keçirdi. Aprel ayının 1-dən 2-nə keçən gecə düşmən təxribatı nəticəsində alovlanan döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlərdə rəşadət göstərən Samir Kaçayev ölümündən sonra "İgidliyə görə”medalı ilə təltif olunub”. Çıxış edənlər Samirin yaşadığı qısa ömür ərzində böyük işlər görməyə müvəffəq olduğunu qeyd ediblər: "O, yaratdığı əsərləri ilə, sənətə baxışı, insanlara münasibəti, vətənə sevgisi ilə onu tanıyanların rəğbətini, həmkarlarının hörmətini, minlərlə həmvətəninin dərin ehtiramını qazanıb”.
Gənc heykəltəraş haqqında nəşr olunan alboma 50-dən çox heykəltəraşlıq və qrafika işləri daxil edilib. Nəşrdə Samir Kaçayevin həyat və yaradıcılığının bütün mərhələləri əks olunub.
Tədbirə qatılan qonaqlar sərgi salonunda Samir Kaçayevin yaradıcılığı ilə yaxından tanış olmaqla onun istedadından yoğrulan işləri ilə tanış olublar.
Samir Kaçayevin əsərlərinin sərgisi fevral ayının 22-dən mart ayının 20-dək Xalq Bankın "Şamaxı” filialında (Ünvan: Şamaxı şəh., Şəhriyar küç.1) fəaliyyət göstərəcək. Sərgini, iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.




banner

Oxşar Xəbərlər