• şənbə, 20 Aprel, 15:51
  • Baku Bakı 23°C

Xalq Cümhuriyyətinin 100 illiyinə layiqli töhfə

24.12.18 20:33 851
Xalq Cümhuriyyətinin 100 illiyinə layiqli töhfə
«Mədəniyyət.Az» jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi xüsusi buraxılışının təqdimatı Xalq Cümhuriyyətinin yubileyinə ən layiqli töhfə oldu. Nazirlər Kabinetinin qərarı ilə AXC-nin 100 illiyinə həsr olunan xüsusi buraxılışı oxucularını Cümhuriyyət tarixi ilə bağlı son dərəcə maraqlı fakt-hekayələrin oxucusuna çevirdi. Mədəniyyət.Az-ın xüsusi buraxılışının təqdimatında çıxış edən Mətbuat Şurasının sədri, Millət vəkili Əflatun Amaşov 25 ildir çap olunan «Mədəniyyət.Az» jurnalında Azərbaycan mədəniyyət və incəsənəti ilə bağlı kifayət qədər dolğun məlumatların yer aldığını qeyd etdi: «Jurnalın bu sayı nadir materiallarla kifayət qədər zəngindir. Azərbaycan Xalq Cümhuriyyəti mədəniyyətə böyük önəm verirdi. Jurnalda Xalq Cümhuriyyəti ilə bağlı qəbul olunan nadir sənədlər də yer alıb».
«525-ci qəzet»in baş redaktoru Rəşad Məcid Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan xüsusi buraxılışın təqdimatının ölkə başçısı İlham Əliyevin doğum günündə keçirilməsini xoş təsadüf adlandırdı. «Mədəniyyət.Az» jurnalının tarixi qədimdir. Jurnalın Cümhuriyyətin 100 illiyinə həsr olunan sayında zəngin materiallar çap olunub».
Jurnalın baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva Azərbaycan Xalq Cümhuriyyəti mövzusunun müqəddəs olduğunu bildirərək, jurnalın xüsusi buraxılışının nəşrində ölkənin tanınmış alimlərinin dəstək olduğunu açıqladı: «Jurnalın 25 illik tarixi olsa da, fəaliyyəti az görünürdü. Biz jurnalın dizaynını, məzmununu dəyişdik. Mədəniyyət Nazirliyinin təsis etdiyi elmi-publisistik dərgi olduğu üçün bütün regionlar jurnalı alır. Biz istəyirik ki, jurnaldan Azərbaycan ətri gəlsin. Elə bir jurnal olsun ki, Azərbaycanın bütün regionlarını əks etdirsin».
Baş redaktor diqqətə çatdırdı ki, Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunan jurnal Nazirlər Kabinetinin qərarı ilə hazırlanıb: «Bu sayımız bizim üçün çox özəl oldu. İndiyə qədər dərgimiz istedadlı tədqiqatçılar və müəlliflərlə əməkdaşlıq edirdi. Bu dəfə də əməkdaşlığı ilə fəxr etdiyimiz, həm vətəndə, həm də ölkədən uzaqlarda Azərbaycanı təmsil edən müqtədir alimlərimizin, jurnalist həmkarlarımızın yazıları ilə öyünmək şansımız var».
Z.Əliyeva həmçinin jurnalda müxtəlif dillərdə - Azərbaycan, rus, ingilis, türk dillərində məqalələrin yer aldığını bildirdi.
Professor İlham Rəhimli "Mədəniyyət.Az” jurnalının özəlliyini dərginin mövzu zənginliyi, tərtibatının fərqliliyi ilə əlaqələndirdi: "Jurnal Cümhuriyyətin 100 illiyinə layiqli şəkildə ayna tutur. Dərginin korrekturası, materiallarının verilməsi, şəkillərin yerləşdirilməsi qəzetçilik mədəniyyətinin bariz nümunəsidir. O cümlədən, materialların xarakterinə uyğun rənglərin seçilməsi də jurnalın sanbalını artır. Jurnal Xalq Cümhuriyyətinin 100 illiyinə layiqli töhfədir”.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Ciftçi «Mədəniyyət.Az» jurnalının bütün türk dünyasının mədəniyyəti üçün qiymətli töhfə adlandırdı: «Mən çap məhsullarına ciddi yanaşıram. Biz rəqəmsal dövrdə yaşayırıq. Kağız üç min ildir ki, yaşayır. Ancaq elektron saytların nə qədər davam edəcəyini söyləmək çətindir, onlara etibar yoxdur. Bu baxımdan, bu jurnal da daim yaşayacaq».
Professor Asif Rüstəmli «100 il sonra bu jurnal nəticələrimizin, kötükcələrimizin əlinə düşsə, onlar bu günün ətrini duyacaqlar» - deyə qeyd etdi.
Professor Məhərrəm Qasımlı Azərbaycan Xalq Cümhuriyyəti haqqında tarixi yazıların, nadir fotoların yer aldığı jurnalın bundan 100 il sonra örnək olacağını söylədi: «Jurnalın son iki sayı yubileylərə həsr olunub. Biri Milli Ordumuzun 100 illiyini, biri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini əhatə edir. Hər ikisi tariximiz üçün qiymətli mənbədir”.

Təqdimatda iştirak etdi
Təranə Məhərrəmova


banner

Oxşar Xəbərlər