• cümə, 29 Mart, 12:59
  • Baku Bakı 14°C

Xalq artistlərinin efir geyimləri

12.11.14 12:58 1603
Xalq artistlərinin efir geyimləri
Hər gün mediada “Şok olay”, “Xalq artistinin mini ətəyi göz qamaşdırdı”, “Müğənni efirə yarıçılpaq çıxdı”, “Xalq artisti sinəsini açdı”, “Xalq artisti erotik filmdə oynadı” və sair kimi xəbərlərlə rastlaşırıq. Xəbəri açıb oxuyanda isə elə də böyük bir qalmaqalla və başlıqda deyildiyi kimi, “şok” hadisə ilə rastlaşmırıq. Xəbərin başlığında adı hallanan xalq artistinin normal mini ətək geyinərək efirə çıxdığının şahidi oluruq.
Təbii ki, verilişlərdə qonaq qismində çıxış edən ifaçılar, siması tanınan aktrisalar, sənətçilər hər zaman baxımlı, gözəl və xoşagəlimli olmalıdırlar. Bunu nəzərə alan incəsənət nümayəndələri, xüsusilə də xanımlar baxımlı və göz oxşayan olmaları üçün qısa geyimlərə üstünlük verirlər. Səhər isə onların adları saytlarda tükürpədici, şişirdilmiş başlıqlarla hallanır. Vəziyyət elə bir həddə çatıb ki, “şok” sözü artıq öz əhəmiyyətini, təsir gücünü itirib. Neçə deyərlər, şoka düşən olmur ki, olmur.
Məni öldürsələr belə…
Azərbaycanın əməkdar artisti Gülyanaq Məmmədova bizimlə söhbətində saytlarda ifaçıların geyimlərini şərh edən mətbuat nümayəndələrindən danışdı. İfaçı bunun mətbuatın əsas peşəsi olduğunu, onların öz işlərini gördüklərini dedi: “Mən öz zövqümə güvənirəm və hər zaman da özümə yaraşanı geyinmişəm. Əgər geyindiyim paltar mənə yaraşmırsa, nə qədər bahalı olursa-olsun, heç vaxt onu geyinmərəm. Öldürsələr belə, mənə yaraşmayan geyimə yaxın durmaram. Son zamanlar aparıcı Mətanət Əliverdiyevanın geyimimlə bağlı dediyi sözlər mənə çox təsir etdi. Bu xəbər saytlarda sürətlə yayılmağa başladı. Mən o sözləri qəbul etmirəm. İnsanın zövqü təkcə geyimində deyil, həm danışığında, həm yerişində, həm cəmiyyət içində, həm də davranışında hərtərəfli şəkildə olmalıdır. Hesab edirəm ki, zövq də yalnız bir aspektdən ölçülməməlidir. Heç zaman kiminsə geyimini izləyib, ona lağ etməmişəm. Hər zaman özümə, geyimimə, danışdığım sözə fikir vermişəm. Çıxdığım verilişlərə də uyğun geyimlər geyinmişəm”.
G.Məmmədova hər verilişin öz geyimi olduğunu, bacısı Gülyaz ilə bərabər bunun fərqinə vardıqlarını bildirdi: “Bizim repertuarımız elədir ki, hər zaman bağlı geyinməliyik. Bunun üçün də bizi tez-tez qınağa çəkirlər. Məgər açıq-saçıq geyimlər zövqlü geyim hesab olunur? Mətanət Əliverdiyevanın efirdən zövqlü hesab etdiyi xanımların sırasında ancaq soyunanların adlarını gördüm. Zövqlü görünmək üçün mən soyunmalıyammı? Mən xanımlığımı, ismətimi itirməliyəm ki, zövqlü görünəcəm? Qananın da ağzına söz atmazlar. İnsan birinci özünə baxmalı, sonra da qarşısındakına söz atmalıdır. Heç kimin ixtiyarı yoxdur ki, kiməsə müdaxilə etsin. Əgər sənin özünün qüsurun varsa, kimdə qüsur axtara bilərsən?”
Əməkdar artist efirlərdə mini ətəyin əleyhinə olmadığını, yeri gələndə onların da mini ətək geyindiklərini bildirdi: “Hər şeyin öz dərəcəsi və həddi var. Əgər geyim ifaçıya yaraşmırsa, onunla efirə çıxmağın mənası yoxdur. Geyim insanı gənc və gözəl göstərir. Bizim səhnə paltarlarımız efirdə bizi yaşlı göstərir. Biz hər zaman repertuara uyğun paltarlar geyinmişik. Qısa geyimləri isə verilişə görə geyinmişik. Nə üçün bizi qınasınlar ki, bu müğənni qısa geyinmir? Niyə belə atmacalar atıb bizim qəlbimizi qırırlar? Müğənni tamaşaçılara örnək olmalıdır. Açılıb tökülməyin də öz dərəcəsi var. Heç kimə izn vermirəm ki, efirdən çıxıb desin ki, bu bacılar zövqsüzdür. Dəfələrlə o aparıcının verilişinə dəvət olunsam da, onun verilişinə getməmişəm. Görsünlər, mən onların zövqünü bəyənirəmmi? Hər kəs ağzından çıxan sözə sahib olmalıdır. Demirəm ki, zövqlü insanam. Ancaq hamını olduğu kimi qəbul etməyə çalışsanız, yaxşı olar. Əsas odur ki, cızığımdan çıxmamışam”.
“Biz hansı funksiyanı yerinə yetiririk?”
“Şərq” qəzetinin müxbiri Tahirə Məmmədqızı bizimlə söhbətində saytlarda yerləşdirilən “Şok” yarlıqlı xəbərlərdə diqqətçəkən şəkillərin yer alması, başlıqda isə yazıya aid olmayan ifadələrin yazılmasının jurnalistikaya yaraşmadığını bildirdi: “Bu tip başlıqdan sonra xəbəri açıb baxdıqda görürük ki, normal, adi şəkillərdir. Burada şok olan heç nə yoxdur. Hərdən bizim mətbuat nümayəndələri o qədər primitiv mövzulara toxunurlar ki, o baxımdan bəzən mətbuatı qınamağa başlayırıq. Demirəm ki bütün ifaçılar mini ətək geyinsinlər və ya onların açıq-saçıq geyimi gözəldir. Biz də xanımıq, yeri gələndə biz də dar və mini geyimlər geyinirik. Nə qədər orta ətək geyinsək də, oturanda istər-istəməz, o ətək bir qədər yuxarıya qalxır. Bu qədər cılızlaşmaq mətbuatın özü üçün o qədər də yaxşı hal deyil. Təkcə Azərbaycanda deyil, dünya efirlərini izlədikdə, şahidi oluruq ki, aparıcısından tutmuş, şoumeninə qədər məşhurlar geyim tərzləri ilə hər zaman fərqləniblər. Sənət adamı sadə insanlardan geyimi ilə fərqlənməlidir. Buna normal yanaşmaq lazımdır”.
Jurnalist oxucu ilə mətbuat nümayəndələri arasında qarşılıqlı mübadilənin olduğunu qeyd edərək mətbuatın cəmiyyət üçün rolundan bəhs etdi: “Biz satıcı, oxucular isə alıcıdırlar. Ona görə də buradan mətbuat nümayəndələrinə səslənirəm ki, nə üçün öz məhsulumuzu bu qədər cılızlaşdırırsınız? Belə getsə, sabah oxucu, tamaşaçı bizə inanmayacaq. Bəlkə gələcəkdə o başlıqla maraqlı bir yazı yazılacaq. Amma o zaman oxucu ona da inanmayacaq. Bu şəkildə biz oxucunu aldatmış oluruq. Mətbuat dördüncü hakimiyyətdirsə, mətbuat ölkənin aparıcı qüvvəsi hesab olunursa, mətbuat oxucuya, tamaşaçıya informasiya ötürən bir qurumdursa, bu, daha sivil, daha məntiqli, obyektiv şəkildə təqdim edilməlidir. Xırda şəkillərdən istifadə edib, saytlara oxucu yığmaq taktika deyil. Bunu sosial media onsuz da edir. Bizi sosial mediadan fərqləndirən peşəkarlığımızdır. Belə ki, sosial mediada istənilən insan öz şəkil və şərhini paylaşa bilir. Biz artıq istəsək də, istəməsək də, sosial media ilə rəqabətə girmişik. Biz fikirləşməliyik ki, hansı funksiyanı yerinə yetiririk”.
T.Məmmədqızı belə gedərsə, oxucunun saytlara inamının itəcəyini dedi: “Jurnalistlər bəzən yazıların başlığında “+18 görüntü” və ya “Filankəs açıq-saçıq geyindi” kimi sözlərdən istifadə etsələr də, yazı ilə tanış olduqda bunun heç də başlığa uyğun olmadığını görürük. Son vaxtlar istənilən tanınmış ifaçı da bu kimi xəbərləri oxuduqdan sonra ilk növbədə mətbuatı qınamağa başlayır. Ancaq onlar düşünmürlər ki, sosial media ilə mətbuat arasında böyük fərq var. Hərə öz evində oturub sosial mediadan istifadə edərək fikirlərini bildirə bilir. Bizimsə jurnalist olaraq yanaşma tərzimiz, fikirlərimiz olmalıdır. Hər bir jurnalistin özünün oxucu auditoriyası var. Onlara xitab edəndə də ilk növbədə özünü düşünməlisən ki, tamaşaçı mənə nə qədər inanmalıdır? Bu gün verdiyin informasiya ilə sabah verəcəyin informasiya arasında körpü yaratmalısan. Əgər bu gün yanlış bir məlumatı oxucuya ötürürsənsə, sabah düzgün məlumatı da oxucuya ötürə bilmirsən”.
İfaçı Zarina Məmmədova mətbuata açıqlamasında qapalı geyimə üstünlük verdiyini bildirib: “Mən heç kimi geyiminə görə tənqid edə bilmərəm. Hər kəs özünə görə geyinir və yalnız özünə cavabdehdir. Mən açıq geyimləri sevmirəm. Buna görə rejissorlarla, stilistlərlə həmişə mübahisəm düşür. Deyirlər ki, səhnə bir az da açıqlığı sevir. Amma mən düşünürəm ki, hər kəsin özünəməxsus tərzi olmalıdır. Özümü qapalı geyimdə daha rahat hiss edirəm. Bir onu bilirəm ki, heç vaxt soyunmayacağam”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər