• çərşənbə axşamı, 19 mart, 06:49
  • Baku Bakı 8°C

Xalq artisti taxtadan yumurta düzəltdirən uşağı döyüb – Məktəb illəri

16.01.17 15:59 1987
Xalq artisti taxtadan yumurta düzəltdirən uşağı döyüb – Məktəb illəri

Məktəb illəri hər kəs üçün çətin və maraqlı hadisələrlə yadda qalır. O illərin unudulmaz məqamları çoxdur. Biz də məşhurlarla onların həyatlarında iz qoyan illərə səyahət etdik. Qonağımız xalq artisti Mənsum İbrahimovdur.

- Mən Qarabağda böyümüşəm. Xanəndə olmağımın səbəbkarı da məhz doğulduğum torpaq olub. Bizim çox zəngin uşaqlığımız olub. Kəndimizin ətrafında Xan qızı Natəvanın saldırdığı Soltanbud təpəsi var. Kəndimizin yanından Xaçın çayı axırdı. Meşədə uşaqlarla birgə quzu otarırdıq. Ağacların başında o qədər "Qarabağ” şikəstəsini oxumuşam ki...
Uşaq vaxtı Novruz bayramını səbirsizliklə gözləyərdik. Hər kəs onu evində qeyd edərdi. Uşaqlar bayramdan bir ay qabaq yumurta yığmağa başlayardı. Bizim kənddə çoxbilmiş bir uşaq vardı. O, taxtadan yumurta düzəltdirmişdi. "Yumurta”sını da boyatdırıb bayramda bizim yumurtalarla döyüşdürürdü. Kim nə qədər çox yumurta gətirməyi bacarırdısa, gətirirdi. Gördük ki, həmin uşaq hamının yumurtasını qırır. Bayram axşamı 100-ə yaxın yumurtanı sındırdı. Hamımız da fikirləşirik ki, bu, yaxşı yumurta döyüşdürməyi bacarır. Bir gün uşaqların biri öyrəndi ki, sən demə, onun yumurtası taxtadan imiş. Ondan sonra həmin uşağı yaxşıca döydük. Amma hər şeyə rəğmən, o vaxtlar uşaqlar, elə böyüklər arasında da mehribançılıq vardı.
banner

Oxşar Xəbərlər