Xalq artisti: «İxtisasca energetikəm»

Xalq artisti: «İxtisasca energetikəm»

Müsahibə
24 Oktyabr 2012, 08:41 1733
Xalq artisti Nəzakət Teymurova Avropanı fəth etdi. Sənətkarın pərəstişkarları onun bu yeni uğuruna təəccüblənmədilər, əksinə, bunu təbii bir şey kimi qarşıladılar. Və sözsüz ki, çox sevindilər. Digər tərəfdən, bu cür böyük müvəffəqiyyətlər adətən uzun püxtələşmə, peşəkar yüksəliş yolu qət etməklə qazanılır. Görəsən, Nəzakət xanım bu yolu necə keçib? Azərbaycan muğamının gələcəyi barədə nələr düşünür? Bu və başqa mövzulara tanınmış xanəndəmizin Kaspi əməkdaşı ilə söhbətində toxunuldu.
- Londonda parlaq çıxışınız, tamaşaçıları ecazkar səsinizlə ağlatdığınız münasibətilə təbrik edirəm. Bəs muğam həyatınıza necə daxil oldu?
- Əslində hələ uşaqlığımda. Özüm qarabağlıyam, Ağdam rayonunun Əlmədəkli kəndində böyük bir ailədə dünyaya gəlmişəm. On uşaq olmuşuq, yeddi bacı, üç qardaş. Başqaları kimi adi orta məktəbdə oxumuşam, orada sənət məşğələlərində, müxtəlif müsabiqələrdə iştirak etmişəm. O zaman Qara Qarayev, Cahangir Cahangirov, Niyazi kimi böyük sənətkarlarımız tez-tez Qarabağa gələrdilər. Yadımdadır, ilk dəfə onları yaxından görəndə üçüncü sinifdə oxuyurdum. Bəlkə elə o gündən, bəlkə də əcdadlarımdan, doğma torpaqdan gəlirdi, qəti deyə bilmərəm, hər halda muğam getdikcə içimə girib bütün varlığımı doldurmağa başladı.
- Amma muğam sənətinə sonradan gəldiniz. Bildiyimə görə, başqa peşəniz də var.
- (gülümsəyir) Bəli, ixtisasca energetikəm. Qarabağda gələcək faciənin ilk işartıları göründüyü vaxt biz ailəliklə doğma yurdu tərk edib Bakıya köçdük. 1987-ci ildə Bakı Energetika Texnikumuna qəbul olundum. İki il sonra da müğənnilik müsabiqəsində birinci yer tutub Asəf Zeynallı adına Musiqi Məktəbinin hazırlıq bölməsinə daxil edildim.
- Demək, bir növ maddi işığı mənəvi işığa dəyişdiniz. Texnikumu tərk edib musiqi yaradıcılığına üstünlük verdiniz, eləmi?
- Yox, texnikumu bitirdim, diplomumu da aldım. Amma eyni zamanda musiqi məktəbinin hazırlıq bölməsində də dərs oxuyurdum. Bununla belə muğam oxumaq arzusu getdikcə daha çox hakim kəsilirdi mənə. 1991-ci ildə birinci kursa, Nəriman Əliyevin sinfinə qəbul olundum. Məktəbdən məzun olandan sonra 1995-ci ildə məni Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının komissiyası dinlədi, solist vəzifəsinə işə qəbul etdilər. Elə həmin vaxt da Bakı Musiqi Akademiyasında məşhur xanəndə, xalq artisti, professor Arif Babayevin sinfinə qəbul olundum. Təhsilimlə eyni zamanda opera səhnəsində çalışırdım.
- Artıq xeyli səhnə stajınız var. Yaratdığınız surətlərdən hansını özünüzə daha yaxın bilirsiniz?
- On yeddi ildir teatrımızın solistiyəm. Repertuarımda çoxlu maraqlı surətlər var və hərəsi də başqa cür əzizdir mənim üçün. Amma özümə hamısından yaxın Leylini hesab edirəm. O qədər dərin, o qədər sirli bir surətdir ki, hər tamaşadan əvvəl bu dəfə Leyli partiyasının tamamilə başqa cür səslənəcəyini düşünürəm və ona görə də səhnəyə çıxmamış Allahımdan kömək diləyirəm.
- İndi də London konsertinizə qayıdaq. Mühafizəkar və soyuqqanlı ingilisləri kövrəltməyi necə bacardınız?
- (gülür) Bunu mən yox, Azərbaycan muğamı bacardı. Aprelin 29-da Beynəlxalq Muğam Mərkəzində “Xarı Bülbül” qrupunun müşaiyətilə solo konsertim keçirilmiş və çox da yaxşı qəbul olunmuşdu. Elə o konsertin proqramı ilə İtaliyada Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmişdim. Ondan əvvəlki gün Bakıda Feelmay şirkətinin buraxdığı albomumun təqdimatı keçirildi. Həmin diski hazırlamaqda məqsədimiz Azərbaycan mədəniyyətini Avropa ölkələrində tanıtmaqdı ki, bu da layihənin icrasına, yazılış üçün mahnı seçiminə xüsusi məsuliyyətlə yanaşmaq zərurəti yaradırdı. Albomdakı mahnılar artıq neçə aydır bir çox Avropa ölkələrinin radiolarında səslənir və bundan çox fərəhlənirik. Amma o da var ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi olmasa bunlar çətin baş tutardı. Turində “Darbar” İncəsənət Muzeyində çıxış etdik və konsertin bütün iştirakçıları böyük təəssürat altında idilər. İyul ayında “Xarı Bülbül” ansamblı ilə əsası Piter Qabrielin qoyduğu illik Dünya Etnik Musiqi, İncəsənət və Rəqs Festivalına, yəni Quardian Parkda keçirilən WOMAD –Musiqi, İncəsənət, Rəqs Dünyasına dəvət aldıq. Qaydaya görə BBC-3 radiostansiyasının meydançasında düz bir saat çıxış etdik. Konsertdən sonra “Ayın ən gözəl səsi” adına layiq görüldüm. Julian Le Bas radiostansiyaya göndərdiyi məktubda yazırdı: “Ömrümdə belə hisslər yaşamamışdım. Axırıncı ifa zamanı gözlərim yaşarmışdı. Bu sözlərimi mütləq Nəzakət Teymurovaya çatdırın!” Azərbaycan muğamı bizdən həm məsafə, həm milliyyət, həm dil sarıdan bu qədər uzaq insanların qəlbini kövrəldirsə, bununla fəxr etməyə dəyər. Bunu eşidəndə dərk edirsən ki, əsl musiqi insanları birləşdirir, ötəri hisslərdən, iddialardan çox ucadır. Əsl musiqinin öz enerjisi, öz dili var.
- Xarici səfərləriniz çox geniş əraziləri əhatə edir: İtaliya, Fransa, İspaniya, Rusiya, Belarus, Koreya, Yaponiya. Xaricdəki konsertləriniz zamanı xoşagəlməz hallar, düşmənçilik baş vermir ki?
- Çox düzgün sual verdiniz. Biz unutmamalıyıq ki, bədxahlarımız, hətta düşmənlərimiz az deyil, onların cavabını yalnız yüksək incəsənət dililə verə bilərik. Onlara hər hansı cəhətdən uduzmağa haqqımız yoxdur! Qarabağ erməniləri çoxdandır hər yerdə bizim xalq mahnılarımızı oxuyur, Azərbaycan bəstəkarlarının əsərlərini ifa edir, bizim xalq alətlərini çalır, adlarını da başqa cür qoyurlar, çox vaxt beynəlxalq festivalların münsiflər heyətlərində otururlar. Son illər Azərbaycan muğamı bütün dünyada qəbul olunub, dünya mədəniyyətindəki xüsusi yeri UNESCO kimi ciddi təşkilat tərəfindən təsdiqlənib. Amma yenə də arxayınlaşmaq olmaz. Dünyada bizim sənətkarlara, müğənni və musiqiçilərə qarşı duran çox güclü qüvvə var. Buna Səmərqənddə “Şərq Təranələri” VII Beynəlxalq festivalda iştirak edərkən bir daha əmin oldum. Orada müəyyən musiqiçi dairələrində tanınan Civan Qasparyan adlı birisi əsas mükafatın mənə verilməməsi üçün əlindən gələni edirdi. Məsələ heç də şəxsi inciklikdə deyil, söhbət bizim muğamatçıların qarşılaşdığı maneələrdən, əngəllərdən gedir. Elə Fransada Azərbaycan Mədəniyyəti Günlərində də muğamatçılarımız ciddi əngəllərlə üzləşdilər, lakin Alim Qasımov, Ağaxan Abdullayev, Arif Babayevdən ibarət ulduzheyətimiz qarşı tərəfin bütün səylərini boşa çıxarda bildilər. Avropada, başqa yerlərdə çıxış edəndə Azərbaycan muğamının onun əsasında əmələ gələn dırnağarası “Qarabağ muğamı”na qarşı qoymaq üçün geniş fəaliyyətin yürüdüldüyünü unutmamalıyıq. Biz peşəkar xanəndələr öz mövqelərimizi əsla əldən verməməliyik. Bu, bizim ümumi qələbəyə olan töfhəmizdir.
- Bəs öz tələbələrinizə muğamı gözəl ifa etməkdən əlavə nə kimi məsuliyyətli vəzifənin öhdələrinə düşdüyünü başa salırsınız?
- Bu gün gördüyünüz tələbələrimdən biri Vüsalə Musayeva 3-cü Beynəlxalq Muğam Festivalının laureatı adını qazanıb, indi də opera səhnəmizdə Leyli rolunu ifa edir. Təbii ki, tələbələrimə təcrübəmi bölüşürəm, eyni zamanda Azərbaycan muğamını qorumaq məsələsində fikirlərimi çatdırıram. Klassik muğamımızı bütün dünyaya tanıtmaq üçün böyük işlər görən Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva “Azərbaycan muğamı” multimedia toplusunun və “Muğam dünyası” nəşrinin təqdimatındakı çıxışında qeyd etmişdi: “Muğamın hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyəti var. Şərqlə Qərbin arasında Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan əsrlər boyu sivilizasiyaların kəsişməsində mədəniyyətini əmələ gətirib. Müəyyən dövrlərdə ayrı-ayrı imperiyaların tərkibində olsaq da, dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət kimi yaşadıb. Azərbaycanın zəngin mədəniyyətinin, tarixinin ən gözəl incilərindən olan muğam bizim milli sərvətimizdir”. Bu sözlər dünya ölkələrinə qastrol səfərlərimizdə bizim başlıca xeyir-duamız olmalıdır. Mən də tələbələrimə bunu dönə-dönə söyləyirəm.
- Müsahibə üçün sağ olun.
- Siz də sağ olun. Neçə vaxtdır tamaşaçılarımla bölüşmək istədiyim fikirlərdən çoxunu ifadə etmək imkanını yaratdığınıza görə qəzetinizə təşəkkür edirəm. Biz muğamımızın saflığını qorumalı, başqalarına ondan öz məqsədləri üçün istifadə etmələrinə yol verməməliyik. Bununla yanaşı biz yalnız ən gözəl nümunələri dünya qarşısına çıxarmalıyıq ki, muğam həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda ən geniş ictimaiyyətin dəyərli mənəvi sərvətinə çevrilsin, dünya mədəniyyəti içində Şərq incəsənətinin parlaq nümunəsi olaraq yerini tutsun. Artıq bütün dünya Azərbaycan muğamının gözəlliyinə heyran olur. Bunun ən bariz sübutu mədəniyyətimizin bu misilsiz əsərinə diqqət kəsilənlərin göz yaşları ola bilər.
Nelli Atəşgah