• çərşənbə axşamı, 23 aprel, 12:41
  • Baku Bakı 24°C

Xalq artisti “Cümhuriyyət İli” çərçivəsində Avropa turnesinə çıxır

25.04.18 17:53 1109
Xalq artisti “Cümhuriyyət İli” çərçivəsində Avropa turnesinə çıxır
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində tanınmış opera müğənnisi, Xalq artisti Fidan Hacıyeva "Cümhuriyyət İli” çərçivəsində silsilə konsert proqramına start verəcəyi ilə bağlı mətbuat konfransı keçirdi. Müğənni mətbuat nümayəndələri ilə söhbətində dahi Üzeyir Hacıbəylinin tələbəsi Ədilə Hüseynovanın yaradıcılığına müraciət etdiyini və klassik bəstəkarlara üstünlük verdiyini açıqladı.
Mətbuat konfransında çıxış edən əməkdar incəsənət xadimi, bəstəkar, professor Elnarə Dadaşova Ədilə Hüseynovanın Azərbaycan musiqisi üçün dəyərli sənətkarlardan olduğunu qeyd etdi: "Ədilə xanım Üzeyir bəyin tələbəsi olub. Öz ölümündən sonra böyük bir irs qoyub gedib. Ədilə xanımın Azərbaycan mədəniyyətində pedaqoji fəaliyyəti son dərəcə əvəzsizdir. O, öz əsərlərinin peşəkar ifaçısı idi”.
E.Dadaşova Ədilə xanımın konservatoriyanın vokal şöbəsində Bülbülün sinfində təhsil aldığını və daha sonra böyük ustad Üzeyir Hacıbəylinin sinfinə qəbul olunduğunu bildirdi: "Uzun illər ərzində qələmini musiqinin müxtəlif janrlarında sınayan Ədilə xanım, simfonik poema, simli kvartet, xor əsərlərin, violençel və fortepiano üçün sonatanın müəllifidir. Bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edir. Milli musiqimizdə romans janrının təşəkkülündə onun özünəməxsus yeri var. Ədilə xanımın Nizaminin sözlərinə yazılmış "Vəslin həvəsi” romansı, habelə Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şeirlərinə bəstələnmiş romansları və "Duyğular” avokal silsiləsi musiqimizin inciləridir. Professional vokalçı olan Ədilə xanımın Rəsul Rzanın sözlərinə yazdığı "Yaşamaq”, "Kövrək budaq”, "Mənim arzum”, "Yenə, yenə ürək haqqında”, Nigar Rəfibəylinin sözlərinə yazdığı "Günəşdən gənclik istədim”, "Məhəbbətlə doğulmuşam anadan”, "Lirik nəğmə” və digər onlarla gözəl əsərləri var. O, həmçinin 1945-ci ildə Üzeyir Hacıbəylinin "Arşın mal alan” operettası əsasında çəkilmiş bədii filmdə Asyanın vokal partiyasını səsləndirib. Bu gün Fidan xanımın onun repertuarına müraciət etməsi məni çox sevindirdi və öz adımdan ona təşəkkürümü bildirirəm”.
Tədbirdə iştirak edən Ədilə Hüseynovanın nəvəsi Səbinə Əliyeva çıxışında nənəsini daim xatırlandığını və Fidan Hacıyevanın mərhum sənətkarımıza verdiyi dəyərdən məmnun olduğunu qeyd etdi: "Çox sevinirəm ki, Fidan xanım kimi ifaçılar Ədilə xanımın xatirəsini yaşadırlar. Əslində, bu, böyük işdir. Biz Fidan xanımla təsadüfən tanış olmuşuq. Mən ixtisasca memarlığı bitirsəm də, onun səsini dinlədikcə necə keyfiyyətli olduğunu və nənəmin səsinə oxşadığını hiss etdim. İfaçımızın səsi də çox nadir səslərdəndir. Ədilə xanımın mahnıları çox dəyərlidir. Onlar bir əsərdir. Fidan xanımın ifasında o mahnıları yenidən dinlədim. Ədilə xanımın repertuarına müraciət etdiyi üçün Fidan xanıma təşəkkürümü bildirirəm. Nənəmin ifa etdiyi əsərlər yadımdadır. Nənəm haqqında bu yaxınlarda kitab çap olunub. Mən buna görə çox sevinirdim. İndi də Fidan xanımın yeni layihəsini eşidəndə sevincim daha da artdı”.
Xalq artisti Fidan Hacıyeva isə mətbuat nümayəndələri ilə söhbətində Ədilə xanımın əsərlərinin gözəl notla çap olunduğunu, həm Azərbaycanda, həm də dünyada onun əsərlərini tanıtmağa çalışdığını bildirdi: "Ədilə xanımın gözəl səsi vardı. Bu günə qədər də onun lent yazıları durur. Bu günə qədər mən onun yazılarını orijinal variantdan dinləyib öyrənmişəm. Mənim üçün maraqlı olan budur ki, sanki Ədilə xanımın əsərləri bu gün üçün yazılıb və bu gün də çox aktualdır. Ədilə xanımın əsərləri o qədər gözəldir ki, bütün dünyada onların tanınmasını istəyirəm. Bu əsərlər fəlsəfə, zəngin melodiya və harmoniyalar üzərində qurulub və Nigar Rəfibəyli, Rəsul Rza kimi böyük şairlərin sözlərinə yazılıb. Bu romansları hər dəfə oxuyanda özüm üçün yeni kəşflər edirəm. O əsərlər sanki bu gün üçün yazılıb”.
Müğənni yaradıcılığında romanslara üstünlük verməsini bu janrın unudulmaqda olması ilə əlaqələndirir: "Romanslar artıq unudulub. İllər öncə efirlərdə romanslar Bülbülün, Şövkət xanımın, Firəngiz xanımın, Fidan və Xuraman Qasımovaların ifasında səslənirdi. İndi daha müğənnilər bu janrda yazılan əsərləri ifa etmirlər. Mən də romansları bərpa etmək istədim. Qoy bizim gənclərimiz də bu romansları tanısınlar, eşitsinlər. Bacardığım qədər bu əsərləri həm öz vətənimdə, həm də dünyada tanıtmaq istəyirəm. Bəstəkarın "Mənim arzum”, "Yaşamaq”, "Günəşdən gənclik istədim”, "Gül”, "Bahar”, "Əziz ana” və s. mahnıları layihədə yer alıb”.
Qeyd edək ki, xalq artistinin "Azərbaycan Xalq Cümhuriyyəti-100” adı altında təqdim edəcəyi ilk konserti mayın 6-da Filarmoniyada baş tutacaq. Konsertdə ifaçı Ədilə Hüseynzadənin 16 romansını ifa edəcək. Növbəti konsertlər isə mayın 16-da Londonda, mayın 23-də isə İsveçrədə keçiriləcək. Müğənninin "Cümhuriyyət İli” çərçivəsində İsveçrədə keçirəcəyi konsert Respublika Gününə həsr olunacaq. F.Hacıyeva konsertdə Ədilə Hüseynzadə, Üzeyir bəy, Tofiq Quliyev, Qara Qarayev və Fikrət Əmirovun romanslarını ifa edəcək. Bununla bərabər, ifaçı dünya bəstəkarlarının əsərlərini ifa edəcək. Əsərlər onun ifasında yeddi dildə - Azərbaycan, italyan, ispan, rus, alman, ingilis, fransız dilində səslənəcək. Opera müğənnisi konsert proqramını daha sonra İtaliya, Fransa, Türkiyə və s. ölkələrdə də təqdim edəcək.
Xəyalə Rəis


banner

Oxşar Xəbərlər