Xalq artisti 21 dekabrla bağlı xalqa müraciət etdi

Xalq artisti 21 dekabrla bağlı xalqa müraciət etdi

Mədəniyyət
19 Dekabr 2012, 14:13 2742
Xalq artisti Nurəddin Mehdixanlı özünün facebook səhifəsində 21 dekabrla bağlı xalqa müraciət ünvanlayıb. Xalq artisti insanları guya həmin tarixdə dünyanın sonu olacaq yalanına uyğmamağa çağırıb. Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

«Bütün dostlarıma və bu yazımı oxuya biləcək hər kəsə!
Əziz dostlar! Xeyli vaxtdır ki, ortalıqda bir 21 dekabr oyunu oynanılır. İnsanları qurşunla, topla-tüfənglə, odlu müharibələrlə, aclıqla, süni fəlakətlərlə qətlə yetirən şeytan törəmələri indi yeni kütləvi qırğın və böyük qazanclar gətirən silahla – kütləvi psixoz yaratma silahı ilə insanlığa qarşı savaşa başlayıb. O insan qanına susayanların oyununa getməyin! Allahın bizim üçün yaratdığı bu gözəl dünyanı və bir-birinizi sevə-sevə, qoruya-qoruya yaşamağa davam edin. Qorxmadan gələcəyinizlə bağlı planlar qurmaqda davam edin. Sizin bircə anınızın belə şeytan vəsvəsələrinə sərf edilməsinə imkan verməyin. Dünyanı və bizləri sevə-sevə yaradan ALLAH sevərək yaratdıqlarını şeytan törəmələrinin “daha çox qorxutma və ölüm, daha çox para” kimi insanlıqdan kənar oyunlarının qurbanı olmasına izn verməz.

Əziz dostlar! Yaşamağa, yaratmağa, sevməyə-sevilməyə davam edin! Bütün pisliklərin, bütün qaranlıqların, bütün insanlıq düşmənlərinin acığına. Allaha inamımız, ağlımıza güvənimiz, şeytanlığa, cəhalətə, müşrikliyə yox deyərək, hər açılan səhərimiz üçün Allahımıza şükr edərək həyatımıza davam edək.

Allah sizləri, vətənimizi, millətimizi, dövlətimizi qorusun!