• cümə axşamı, 18 aprel, 13:07
  • Baku Bakı 22°C

Xallı insanların Günəş şüaları altında uzun müddət gəzmələri məsləhət görülmür

15.10.19 09:30 612
Xallı insanların Günəş şüaları altında uzun müddət gəzmələri məsləhət görülmür
Vaxtilə insanların üzündəki xallar gözəllik rəmzi hesab edilib. İndi isə əksər hallarda xalların bənizi korladığını düşünərək onlardan qurtulmağa can atırlar. Lakin istənilən xalı yandırmaq, kəsib atmaq olmaz. Heç bir araşdırma aparmadan xalı kəsdirmək bəzən ciddi nəticələr doğura bilər.
AZƏRTACxəbər verir ki, respublikanın baş dermotoveneroloqu, Azərbaycan Tibb Universitetinin dermotovenerologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Fərid Mahmudov deyib: "Bəzən həkimlər insanların istəyi ilə xalları yandırırlar. Lakin elə xallar var ki, onlar yandırıla bilməz. Həkim ilk olaraq xalın etiopatogenezini dəqiqləşdirməli, yalnız bundan sonra xalın yandırılıb-yandırılmamasına dair qərar verməlidir. Xallar aktivləşə bilirlər. Ona görə də bütün dünyada dermatoskopiya aparılır, xalın damar və sinir qidalanmaları yoxlanılır. Xalın ümumi şəklini çəkirlər. Bir il sonra təkrar şəkil çəkilir, xalın böyüyüb-böyümədiyi dəqiqləşdirilir. Əgər xal böyüyürsə və ya hansısa geyim elementi xala sürtülüb onu qıcıqlandırırsa, onda şişmə qeydə alınır. Bu halda xalın nəyəsə çevrilə biləcəyinə dair şübhələr yarandığından onları götürürlər. Təbii ki, kəsilən hər bir xalın biopsiyaya göndərilməsi məsləhətdir.
Professor bildirib ki, hazırda əsas xallar "virus papilloması” adlandırılan xallardır. Boyunda, qoltuqaltındakı ətli xallar adətən təhlükəli olmur. Onları elektrokoaqulyasiya, yaxud maye azotla götürülə bilər. Lakin elə xallar da var ki, onları yandıranda daha da çoxalır. Ona görə zədələnən xalı götürmək lazımdır. Xallı insanların Günəş şüaları altında uzun müddət gəzməsi məsləhət görülmür.
Ümumiyyətlə, bədəndə nə qədər çox xal olarsa, risk də çoxalır. Həmin şəxslər daim xallara nəzarət etməlidirlər.
Mütəxəssis dəri qulluğundan da söhbət açaraq deyib: "Hazırda bəzi bərbərxanalar infeksiya mənbəyidir. Elə bərbərlər var ki, illərlə eyni qayçı və aparatla işləyirlər. Həmin cihazları dezinfeksiya etmirlər, spirtlə silib yola verirlər. Ona görə hazırda kişilər bizə follikulit, stafilokokk, qoltuqaltı hidradenit kimi şikayətlərlə müraciət edirlər. Ailədə də bəzən diqqət edilmir, bir ülgücdən ailənin bir neçə üzvü istifadə edir.
Qadınlar arasında isə solyari vasitəsilə dərini qaraltmaq dəb halını alıb. Solyaridə dərini yandırıb qurudurlar. Bu, ən pis halda xərçəngə də gətirib çıxara bilər. Normalda insan orqanizmində immunitet mövcud olur. Lakin müxtəlif ziyanlı prosedurlar bu immuniteti zəiflədir, ona görə də xəstəlikləri müalicə etmək, problemi həll etmək mümkün olmur. Hazırda insanlar hər gün duş qəbul edirlər. Bu da düzgün deyil. Çünki dəri piy qatı buraxır, sabun isə dərini qurudur. Dəridə su olmalıdır. Hər kəsi öz bədəninə, dərisinə diqqətlə yanaşmağa, şübhəli və xoşagəlməz bir vəziyyətlə qarşılaşdıqda yalnız mütəxəssislərə müraciət etməyə çağırıram”.
banner

Oxşar Xəbərlər