AZE | RUS | ENG |

Xalça üzərində rəqs - Reportaj

Xalça üzərində rəqs - Reportaj
Və ya balacaların bədii gimnastika dərsindən reportaj

Aktyorluq, balet, musiqi və pantomimlə müşayiət edilir bu idman növü. Yəni, həm idman var, həm də incəsənət. Söhbət bədii gimnastikadan gedir. Hələ xalça üzərində balaca uşaqlardırsa, yəqin ki gözəlliyi təsəvvür etmək elə də çətin olmaz.

Belə bir deyim var: "İdman gimnastikadan başlayır”. Bu idman növünə isə daha erkən - 4-6 yaşlarda başlamaq lazımdır. Bu yaş dövrü isə uşaqların hələ uşaqlıq etdiyi, ipə-sapa yatmadığı, dil qəfəsə qoymadığı dövrləridir. Bəs bu öyrənmə prosesi necə gedir? Bunu əyani görmək üçün balacaların bədii gimnastika öyrəndiyi bir dərsdə iştirak etmək üçün "Ocaq” İdman Klubunda olduq.

Dərs prosesi

Ümumi zala daxil oluruq. Dərsində iştirak edəcəyimiz müəllimin yanına çatana qədər zalda bir neçə məşq qrupunun yanından keçməli olduq. Yanından ötdüyümüz bütün balacalar bizi "salam” atəşinə tutdular. Yəni, yanından keçdiyin balaca uşaqların hamısı sənə ayrılıqda salam verir, üzlərindəki təbəssüm isə öz yerində.
İştirak etdiyimiz dərs başlayır, məşqçi Aysel Allahverdiyeva uşaqları sıraya düzüb, dərsləri ilə bağlı tapşırıqlarını verir və topla dərs başlayır. Müəllim uşaqlarla uşaq kimi davranır, təki öyrənsinlər, amma bunun heç də asan olmadığı açıq-aydındır. Xüsusilə, balaca uşaqlara hansısa bir qaydanı öyrətmək üçün dəfələrlə təkrarlamaq lazım gəlir. Məşqçi bildirdi ki, uşaqların yaşları az olduğu üçün hələlik yalnız top, lent və halqalarla işləyirlər. Əldən tez sürüşdüyü üçün deyəsən, topla hərəkətləri öyrənmək onlara heç də asan başa gəlmir.
 


Çoxlu nailiyyət qazanmaq istəyirəm

Uşaqların da öyrənməkdə maraqlı olduqları hiss olunur, yorğun və bezmiş kimi görünmürlər. Bəs əslində necədir? Birinci onlarla danışaq, görək dərs necə keçir? Sonra müəllimlərinin fikirlərini öyrənərik. Nigar Xankişiyeva 5 ildir ki, gimnastikaya gəlir. Onu valideynləri bu istiqamətə yönəldiblər, amma indi özünün marağı çoxdur: "Valideynlərim mənə gimnastikanı məsləhət gördülər, indi özümün də xoşuma gəlir. Həm çətindir, həm də asan və maraqlı. Mən daha çox lentlə gimnastikanı sevirəm. Amma hərəkətləri olduğu kimi etmək çətindir. Vaxtlı vaxtında gəlməyə, məşqləri buraxmamağa çalışıram. Çünki çoxlu nailiyyət qazanmaq istəyirəm”.
 


Ən böyük arzum çempion olmaqdır

"Ən sevdiyim gimnast müəllimim Ayseldir” deyən Həcər Məmməd 3 ildir, bədii gimnastikaya gəlir. Ondan başqa söz ala da bilmədik. Amma Səkinə İsmayılzadənin dildən pərgar olduğu hiss edilirdi: "Atam əvvəllər gimnastika arenasında işləyirdi, bir dəfə mənə gimnastika videosu göstərdi, dedi ki belə idman var. Atamla anama dedim ki, məni də ora aparın, onlar da gətirdilər. Maraqlıdır, 3 ildir gəlirəm, çətinliyi elə çox deyil. Biz 1 dəqiqə 30 saniyəyə öz kompozisiyamızı təqdim etməliyik. Axırda müəllim səhvimizi deyir, Tapşırığı həmişə onu səhvsiz etmək mümkün olmur. Birdən edirik, birdən yox”.

Səkinənin gələcəklə bağlı arzusu da var: "Ən böyük arzum çempion olmaqdır”.

Aylin Əkbərzadə isə 4 ildir məşqə gəlir, amma hələ də yaxşı öyrənmədiyini düşünür: "Balaca olanda idmana getmək istəyirdim, evdəkilərə dedim məni məşqə yazdırsınlar. Anam da dedi ki, gimnastika yaxşıdır, mən də bura gəldim. Bəzi şeylər çətindir, bəziləri asan. Hələ yaxşı öyrənməmişəm, şpaqat açmaq çətindir”.
 

 
Hündür boy, uzun ayaq

Sonda bədii gimnastika üzrə məşqçi Aysel xanımla söhbətləşirik. Deyir ki, gimnastika ilə məşğul olmağın ideal yaş dövrü 4-6-dır: "Bədii gimnastikada daha çox elastiklik öndə olur. Bu idman növü ilə məşğul olan uşaqların boyları yaşıdlarına görə bir qədər hündür və ayaqları isə uzun olmalıdır. İlk vaxtlar həftənin 3 günü dərsə gəlirlər, məşqimiz gündə bir dəfə olur. 5-6 aydan sonra artıq hər gün iki dəfə məşq olur. Professional yarışlara çıxan uşaqların hər biri fasilə ilə gün ərzində 4 saat məşq edir”.

A.Allahverdiyeva bildirdi ki, uşağın fiziki cəhətdən bu idman növünə uyğun gəlməsi heç də hər şey demək deyil: "Elə uşaqlar olur ki, fiziki keyfiyyətləri uyğun gəlir, amma dərsi qavraya bilmir. Bəzən valideynlər uşaqların dərs cəhətdən zəif olduğunu hiss edəndə idmana yönəltməyə çalışırlar. Amma dərsi qavraya bilməyən uşağın burda uğurlu olması çətin məsələdir”.
 


Bəzən bir sözü 10 dəfə demək lazım gəlir

Məşqçi xanım deyir ki, uşaqlarla işləmək böyük səbir və sevgi tələb edir: "4 yaşında uşağa nə isə öyrətmək çox çətindir. Onların öyrənməsi üçün bəzən bir sözü 10 dəfə demək lazım gəlir. Ona görə müəllim olmağın ilkin tələbi səbirdir. Bir də uşaqları sevmək, onlara fərdi yanaşmaq lazımdır. Çünki hər birinin xarakteri fərqlidir. Eləsi var, tərifləyəndə öyrənməyə motivasiyası olur, eləsi də var, tənqid edəndə”.

A.Allahverdiyeva deyir ki, uşaqlarla işləmək çətin olsa da, zövqlüdür: "Onların hərəsi bir dünyadır, kefim çox pis olanda məşqə girirəm, hər şeyi unuduram. Bəzən danladığım uşağa deyirəm ki, səni başqa müəllimə verəcəm, ağlayır ki, yox, mən səni istəyirəm. Halbuki danlamışam. Uşaqlar sevgini həqiqətən hiss edirlər. Səbir göstərirəm və uşaqları sevirəm, bunlarsız mümkün deyil”.
 


İstək varsa, davam edir, yoxdursa...

Məşqçi bildirdi ki, valideynlərin uşaqlarını bu istiqamətə yönəltməsinin səbəbləri fərqli olur: "Valideynlər bəzən müalicəvi ilə professional idmanı səhv salırlar. Onurğasında problem olanda gimnastika məsləhət görəndə elə bilirlər ki, professional idmana gətirməlidirlər. Amma professional idman müalicə etmir. Əksinə bunun zədəsi olur. Müalicə gimnastikanın tamam başqa növüdür. Elə valideynlər var ki, gimnastikanın həvəskarıdırlar, ona görə övladlarını gətirirlər. Eləsi var, uşaqlıq arzusu olub, özü gedə bilməyib, indi uşağında buna maraq yaratmağa çalışır. Uşağı da müəyyən yaşa qədər məcbur etmək olur, uzağı keçid dövrünə qədər. 9-10 yaşa kimi məcbur edə bilərsən, sonra çətindir. Çünki idman iradə, istək, özünü qurban vermə tələb edir. Özün qurban verməyən insan heç vaxt idmançı ola bilməz. İstək varsa, uşaq davam edir, yoxdursa, valideyn, məşqçi nə etsə də, davam etməyəcək”.
 


Gimnastikaya ümumi maraq artıb

Klubun sədri Surxay Qarayev deyir ki, gimnastika növləri arasında ən çox tələb bədii gimnastikayadır və getdikcə də bu maraq artmaqdadır: "Bizim klubumuz 5 ildir fəaliyyət göstərir. İlk vaxtlarda ancaq bədii gimnastika idi, sonra artıq digər növləri də oldu. İldə iki dəfə bizdə qəbul keçirilir, bir neçə il öncə qəbula 40-50 nəfər gəlirdisə, bu gün bu rəqəm 140-150 olur. Gimnastikaya ümumi maraq artıb. Lakin hələ də ən çox müraciət bədii gimnastikaya olur”.

Dərs müddətində bir şeyi hiss etdim ki, bu idman növünün estetik cəhətdən gözəlliyi nə qədər çoxdursa, onların hazırlanma prosesi də o qədər çətindir. Amma balacalar bu böyük işin öhdəsindən gəlməyi çox güman ki bacaracaqlar, çünki həvəsli olduqları dərs prosesində çox aydın görünürdü.

Aygün Asimqızı
 













 



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000