• cümə, 29 Mart, 17:53
  • Baku Bakı 14°C

Xainə çevrilən “qəhrəman”lar

30.07.18 19:28 1392
Xainə çevrilən “qəhrəman”lar
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra "Qarabağ klanı”nın nümayəndələrinə qarşı ittihamlar irəli sürülməyə başlanılıb. Hətta vaxtı ilə Azərbaycan torpaqlarının işğalında və Xocalı soyqırımının törədilməsində iştirak edən "qəhrəman”lar həbs edilir. Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın bu günlərdə həbs edilməsi də bunun əyani sübutudur. Maraqlıdır ki, onu nə ölkə daxilində, nə xaricdə müdafiə edənlər oldu. Onun həbsinə reaksiyalardan bəlli olur ki, Köçəryan və əlaltıları təkcə Azərbaycan qarşı cinayətkar mövqe tutmayıblar, həm də öz xalqına qarşı da xain mövqe sərgiləyiblər. Ermənistanın bugünkü durumu, ermənilərin acınacaqlı həyat şəraiti məhz bu cinayətkarların – dünən özlərini "qəhrəman” kimi təqdim edənlərin günahıdır. Təsadüfü deyil ki, Köçəryan həbs olunarkən "mən Azərbaycan torpaqlarını tutmuşam” fəryadını etsə də, onun bu sözlərinə fikir verən olmadı. Vaxtı ilə Ermənistan cəmiyyətində "qəhrəman” olanlar, artıq xain statusundadırlar.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan əvvəldən xain idi: "Qarabağı işğal edəndə, Xocalıda və digər ərazilərimizdə soyqırımı törədəndə ermənilər Koçəryandan "qəhrəman” obrazı yaratmışdılar. İndi isə o, Ermənistan cəmiyyəti tərəfindən heç bir halda dəstək almır. Onun həbsinə verilməyən reaksiyalar da, Köçəryanın necə prezident seçilməsi ilə bağlı suallar yaradır. Ölkə vətəndaşları iki dəfə Köçəryana necə səs veriblər? Əlbəttə ki, saxtakarlıq olub, ona cəmiyyətin dəstəyi olmayıb. Ümumiyyətlə, Qarabağ separatçılarına Ermənistanda çox mənfi münasibət var. Bu gün Ermənistanda yaşananları belə xarakterizə etmək olar. Paşinyan Qarabağ klanını hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Ola bilsin ki, bu məsələdə Levon Ter-Petrosyandan da məsləhətlər alır. Paşinyan Serj Sarkisyanın ətrafını təmizləyib, onları korrupsiya ittihamı ilə həbsə salır. Mümkündür ki, yaxın müddətdə Serj Sarkisyanın özü də həbs olunsun və heç bir reaksiya da yoxdur. Bütün bunlar ondan xəbər verir ki, Köçəryan və Sarkisyan yanlış yolda olublar. Əslində, erməni cəmiyyəti bunu başa düşürdü, sadəcə, səsini çıxara bilmirdi. Bunun özü, başqa bir məsələdən xəbər verir. Sabah Azərbaycan ordusu çox uğurlu hərbi əməliyyatlarla bütün torpaqlarımızı azad etsə, inanıram ki, erməni cəmiyyətində yenə də reaksiya olmayacaq. Halbuki, 90-cı illərdə küçələrdə mitinqlərə çıxıb Qarabağdakı separatçıları dəstəkləyirdilər. Azərbaycan ordusu hərbi əməliyyatlara başlasa, necə ki, indi Köçəryana dəstək yoxdur, "qəhrəmanlıq”larını çoxdan unudublar, eləcə də Qarabağın geri qaytarılmasını erməni cəmiyyəti çox sakit şəkildə qarşılayacaq”.
E.Şahinoğlu əlavə etdi ki, Ermənistanda həbslər davam edir irəli sürülən ittihamları erməni cəmiyyəti də dəstəkləyir: "Mart olayları zamanı səkkiz nəfər qətlə yetirilib. Buna görə cavabdehlik Robert Köçəryanın üzərinə düşür, çünki o dövrdə hakimiyyəti Serj Sarkisyana ötürmək istəyirdi. Eləcə də, hakimiyyətə gəlmiş Sarkisyan da buna görə məsuliyyət daşıyır. Rusiyada bu proseslərdən kənar dayanıb. Halbuki, belə düşünülə bilərdi ki, Rusiya Köçəryanı təhvil verməyəcək, yaxud da onun həbsinə etiraz edəcək. Rəsmi Moskva Köçəryanın Ermənistana qayıtmasına qarşı çıxmadı və həm də onun həbsinə ciddi münasibət bildirmədi. Eyni zamanda başqa bir fikir var idi ki, guya Köçəryan Putinlə dostdur və o da müəyyən qədər reaksiya verəcək. Putinin reaksiya verməməyinin səbəbi isə odur ki, Paşiyan hələ Rusiya əleyhinə addımlar atmayıb. Onun müəyyən açıqlamaları var, ancaq Rusiya ilə strateji müttəfiqliyə davam edəcəyini deyir. Rusiyada düşünürlər ki, əgər bu gün Köçəryanı, Sarkisyanı müdafiə etsələr, Paşinyan və onu dəstəkləyən cəmiyyətin bir hissəsi, partiyalar daha sürətlə Qərbə doğru yaxınlaşacaqlar. Ona görə də Köçəryana görə Rusiya Ermənistanı itirmək istəmir”.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirdi ki, bütövlükdə Ermənistanın siyasi iqtidarları cinayətkarlıq üzərində qurulub: "Köçəryan, Sarkisyan hakimiyyətdə olduğu dövrdə biz bunun şahidi olmuşuq. Onların cinayət əməlləri təkcə erməni xalqına qarşı yönəlməyib. Deyərdim ki, onların cinayət əməlləri beynəlxalq səviyyədə olub. Onların hakimiyyətdə olduğu dövrdə regionda da problemlər yaranıb. Dağlıq Qarabağ dünya ictimaiyyəti tərəfindən Azərbaycan ərazisi kimi tanınıb. Lakin bu ərazilər həmin cinayətkarların təcavüzünə məruz qalıb və ərazilərimiz işğal olunub. Heç indi hakimiyyətə gələn baş nazir Paşinyan da onlardan geri qalmır və onun da Dağlıq Qarabağla bağlı sərsəm bəyanatlarının şahidi oluruq. Çox təəssüflər olsun ki, Azərbaycana qarşı işğalçılıq siyasəti indi də davam edir. Lakin dəfələrlə erməni mediasına istinadən bildirmişik ki, erməni əhalisi üçün Dağlıq Qarabağ artıq problemdir. Yəni, dinc ermənilər Qarabağ problemini öz çiynində daşımaq istəmir. Lakin istər dünənki, istərsə də bugünkü iqtidar, o cümlədən onları hakimiyyət gətirən qüvvələr erməni xalqının istəyini dilə gətirmir”.
İ.Rüstəmli qeyd etdi ki, Köçəryanın erməni cəmiyyətində xəyanətkar kimi tanınacağı əvvəldən bəlli idi: "Çünki o heç zaman qəhrəman olmayıb. Ola bilsin ki, Köçəryandan sonra Sarkisyanın həbsi ilə bağlı daha böyük kampaniya başladılacaq. Amma mən deyərdim ki, bütövlükdə Ermənistan dövləti beynəlxalq aləm tərəfindən qəbul edilən siyasi və hüquqi özüllər üzərində qurulmayıb. Çünki Ermənistanın Azərbaycana qarşı təcavüz faktı dünya tərəfindən tanınır. Buna baxmayaraq, dünən olduğu kimi, bu gün də Ermənistan hakimiyyəti Qarabağla bağlı qeyri-konstruktiv mövqedən çıxış edir. Ona görə də bu gün Ermənistanda yaşananlar sabah da yaşanacaq. Köçəryanla, Sarkisyanla bağlı müşahidə etdiyimiz hadisələr Paşinyanla bağlı da yaşanacaq. Çünki o da hələ vəziyyəti düzgün dəyərləndirmir”.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər