• cümə, 29 Mart, 16:54
  • Baku Bakı 14°C

Xaçmazda “dəyirmi masa” keçirilib

25.10.16 14:15 1099
Xaçmazda “dəyirmi masa” keçirilib
"Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyi "Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr” mövzusundakı növbəti "dəyirmi masa”sını Xaçmaz rayonuda keçirib. Tədbir ictimai birliyin Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi "İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsi çərçivəsindəki sayca üçüncü toplantıdır.
"Dəyirmi masa”nı giriş sözü ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Pərviz Əmircanov açaraq bildirib ki, ictimai sektoru təmsil edən çoxlu sayda qurumlar var. Bu təşkilatlar öz üzərilərinə düşnən Nizamnamə tələblərini yerinə yetirməklə əslində cəmiyyətin bu və ya digər dərəcədə maraqlarından irəli gələn məsələlərə nəzər salır, mühüm maarifləndirmə işləri aparırlar. "Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyi də eyni missiyadan çıxış edur. Qurum "Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr” mövzusunda növbəti tədbirini Xaçmazda keçirməklə informasiya bolluğunun ictimaiyyət içərisində doğurduğu meyllərə diqqət yönəltməyi hədəf seçib.
"Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyinin sədri, "İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsinin koordinatoru Əvəz Rüstəmov bildirib ki, onlayn medianın və sosial şəbəkələrin rolunun artdığı hazırkı şəraitdə cəmiyyətin informasiya tələbatının doğru-dürüst şəkildə ödənilməsi, ümumən fikir plüralizminin dərinləşməsi baxımından mühüm şərtdir. Ancaq biz müharibə şəraitində yaşayırıq və bu amil hər birimizdən informasiya, onun yayılması məsələlərinə həssas yanaşmağı tələb edir. "Təbii, əsas məsuliyyət əlaqədar dövlət qurumlarınındır. Biz müharibə şəraitində yaşayırıq. Torpaqlarımızın 20 faizi işğal altındadır. 2014-cü ilin avqustunda cəbhə xəttində atəşkəsin geniş miqyaslı pozulması faktı, istər ondan sonra yaşananlar, istərsə də 2016-cü il aprelin ilk həftəsində davam edən iri miqyaslı silahlı qarşıdurma müharibənin informasiya cəbhəsinin mövcudluğunu bir daha təsdiqlədi. Hesab edirik ki, bu durumda cəmiyyət üzvlərinin informasiyaların yayılması zəminində baş verə biləcək olaylara, hallara adekvat reaksiyasının formalaşması önəmlidir. Layihəmiz də bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasını hədəf seçib. İstəyirik ki, geniş ictimaiyyət informasiya müharibəsi şəraitində medianın və sosial şəbəkələrin fəaliyyət xüsusiyyətlərinə, yerinə yetirdiyi missiyaya dair ətraflı məlumatlı olsun”, - deyə Ə.Rüstəmov vurğulayıb. Ə.Rüstəmov həmçinin bildirib ki, rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihə iyul-noyabr aylarını əhatə edir. Layihə çərçivəsində indiyədək Zaqatalada, Şəmkirdə "dəyirmi masa”lar təşkil olunub. Növbəti belə tədbirin Bərdə rayonunda keçirilməsi nəzərdə tutulub.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri, "İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsinin eksperti Seymur Verdizadə bildirib ki, 2014-cü ilin avqustunda, eləcə də 2016-cı ilin aprelində vətəndaşlarımız yanlış məlumatlarla baş-başa qaldı. Əlbəttə, belə durumlarda dövlət qurumları daha çevik fəaliyyət göstərməlidirlər. Bununla yanaşı ictimaiyyət də neqativ təmayüllərə münasibətdə sərt reaksiya ortaya qoymalıdır. "Ruh” Jurnalistlərin Müdafiəsi İB-nin layihəsi məhz ictimai reaksiyanın daha çevik olmasını rəhbər tutur: "Burda çox güman hər kəs sosial şəbəkə istifadəçisidir. Məlumatları da əksər vaxtlarda ordan qəbul edirsiniz. Yəni müxtəlif saytların xəbər paylaşımlarını izləyirsiniz. Cəbhədə gərginlik yarananda belə saytların sayı artdı. Onlar dezinformasiya yayaraq ucuz reytinq arxasınca qaçdılar. Əlbəttə, Ermənistan xüsusi xidmət orqanları tərəfindən idarə olunan informasiya portalları da oldu. Bütün bunlar əlbəttə cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdürdü. Sizlər belə informasiyalara həssas yanaşmalısınız. Heç bir halda panikaya düşməməlisiniz və ətrafınızdakıların da belə halla üzləşməsinə mane olmalısınız. Bunun üçün isə ilk növbədə xəbərlərin rəsmi təsdiqinə diqqət yetirməlisiniz”, - deyən S.Verdizadə çıxışında həmçinin cəmiyyətin informasiya müharibəsinə hazırlığının müxtəlif aspektləri ilə bağlı istər yerli, istərsə də beynəlxalq təcrübədə meydana çıxan cəhətlərdən söz açıb
Tanınmış jurnalist, "Ədalət” qəzetinin əməkdaşı Etibar Cəbrayıloğlu kütləvi informasiya vasitələrinin bir çoxunun internet üzərindən yayımlandığı hazırkı dövrdə yalnız müsbət deyil, mənfi meyllərin də nəzərə çarpdığını bildirib. Belə meyllərə qarşı xüsusən də gənclərin səfərbər olmaları şərtdir: "Həm də diqqətli olmaq şərtdir. Bu gün burada olan gənc sabahın əsgəridir. Bu dəqiqə hamıda mobil telefon var. Hər hansı gənc əsgərlikdə olarkən mülki həyatdakı dostları, tanışları ilə əlaqə qurur, söhbətləşir. Düşünürəm ki, bu sayaq məsələlərə diqqət yetirilməlidir. Ümumən mövzunun özü geniş spektri əhatə edir. Biz cəmiyyət olaraq informasiya müharibəsinin ab-havasına uyğun davranmağı bacarmalıyıq. Təbii elə etməliyik ki, bu təməl haqlarımızı da əlimizdən almasın. Ona görə də düşünməli, müzakirə aparmalı, ortaq məxrəcə gəlməliyik. Düşünürəm ki, layihə bu baxımdan vacibdir”.
Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb. İştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.



banner

Oxşar Xəbərlər