• cümə axşamı, 25 aprel, 18:15
  • Baku Bakı 21°C

Xaçmazda konfrans keçirilib

06.05.14 17:43 1308
Xaçmazda konfrans keçirilib
Xaçmazda İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) təşkilatçılığı ilə Prezident İlham Əliyev tərəfindən fevralın 5-də "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfrans”da verilən tapşırıqlar və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ndan irəli gələn vəzifələrə həsr olunmuş Konfrans keçirilib.
İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, konfransda İSN-in, Quba-Xaçmaz və Abşeron iqtisadi rayonlarına daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin, Dövlət Proqramının icraçı təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak edib.
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov dövlət başçısının regionların inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulamış, regionların tarazlı inkişafının təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının xüsusi əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabət qabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olub. Əvvəlki dövlət proqramlarının məntiqi davamı olan "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkə iqtisadiyyatının, xüsusilə regionların inkişafında mühüm əhəmiyyətə malikdir. Sahib Məmmədov bu ilin fevralın 5-də Prezident İ.Əliyevin rəhbərliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfrans"da ölkə başçısı tərəfindən verilmiş tapşırıqların yeni regional Dövlət Proqramının hazırlanması və icrasında xüsusi rolunu vurğulayıb. Bildirib ki, hazırda Dövlət Proqramında müəyyənləşdirilmiş vəzifələr uğurla icra olunur.
Tədbirin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirildiyini qeyd edən S.Məmmədov ötən ilin iyulundan fəaliyyət göstərən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin regionun sosial-iqtisadi inkişafına mühüm töhfə olduğunu diqqətə çatdırıb, mərkəzdə sahibkarlıq fəaliyyətinə başlayan və biznesini təkmilləşdirmək istəyən kiçik və orta sahibkarlar üçün davamlı maarifləndirmə işlərinin təşkil olunduğunu, konsaltinq və informasiya xidmətlərinin göstərildiyini bildirib. Qeyd edilib ki, innovativ və perspektivli biznes sahələrinin inkişafının dəstəklənməsi məqsədilə mərkəzdə yaradılmış biznes inkubatorda gənclərin ilkin biznes vərdişlərinə yiyələnməsi üçün hər cür şərait yaradılıb.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Haqverdiyev regionların inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası nəticəsində bütün bölgələrdə olduğu kimi, Xaçmazda da infrastruktur təminatının yaxşılaşdığını, sahibkarlıq fəaliyyətinin genişləndirildiyini, rayonda özəl bölmənin dinamik inkişaf etdiyini, dövlət dəstəyi ilə yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını bildirib. İcra başçısı çıxışında "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Xaçmaz rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi üçün qarşıda duran vəzifələrdən danışıb.
İSN-in Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsinin icraçısı Elşən Əsədov regionların tarazlı inkişafı sahəsində əldə edilmiş nailiyyətlər və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə nəzərdə tutulmuş tədbirlər barədə ətraflı məlumat verib.
Nazirliyin Sənaye şöbəsinin müdir müavini Ayaz Qədirov çıxışında 2014-cü ilin "Sənaye ili" elan olunması ilə əlaqədar ölkə başçısının sərəncamı ilə Tədbirlər Planının təsdiq olunduğunu və Tədbirlər Planında nəzərdə tutulmuş işlərin icrasının davam etdirildiyini, bu istiqamətdə İSN tərəfindən müvafiq işlərin həyata keçirildiyini vurğulayıb.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi istiqamətində bölgələrdə keçirilən tədbirlər barədə məlumat verib, biznes inkubatorların əhəmiyyətindən bəhs edib. Akif Fərruxov Quba-Xaçmaz iqtisadi rayonunda gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi məqsədilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində təşkil edilmiş biznes inkubator üçün iştirakçıların seçilməsi məqsədilə 30 aprel 2014-cü il tarixindən müsabiqə elan edildiyini qeyd edib, müsabiqə şərtləri barədə məlumat verib.
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev rayonlarda ixtisaslaşma və bu sahədə beynəlxalq təcrübənin ölkə regionlarına tətbiqi imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini İlham Əliyev regionlarda həyata keçirilən investisiya layihələrində şirkətin iştirak imkanları barədə məlumat veriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər