• cümə axşamı, 25 aprel, 03:58
  • Baku Bakı 19°C

“www.enterpriseazerbaijan.com” portalı təqdim edildi

20.09.18 16:07 520
“www.enterpriseazerbaijan.com” portalı təqdim edildi
Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "www.enterpriseazerbaijan.com” internet portalının təqdimatı keçirilib.
Trend-in məlumatına görə, portal barədə məlumat verən Mərkəzin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, "EnterpriseAzerbaijan.com" portalı Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin 3.1.1-ci "İnvestisiya məlumat bankının yaradılması və mütəmadi təhlillər nəticəsində yenilənməsi” tədbirinin icrası ilə əlaqədar olaraq yaradılıb:
"Portalın məqsədi ölkənin investisiya cəlbediciliyini daha da yüksəltmək və iqtisadiyyatın inkişafı üçün alternativ maliyyələşmə mənbələrindən istifadə imkanlarını artırmaqdır. Portal mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli və əlverişli məkan olaraq Azərbaycandakı investisiya layihələri, startaplar, əmlak, səhm, torpaq və digər aktivlər barədə məlumat bankıdır.
İcraçı direktor qeyd edib ki, potensial investor axtarışında olan layihə təşəbbüskarları (promoterlər) ilə investisiya yatırmaq üçün biznes axtarışında olan potensial sərmayədarlar "EnterpriseAzerbaijan.com" portalında bir araya gələcəklər:
"Hazırda dünyada trilyonlarla dollar sərbəst maliyyə vəsaiti var ki, gəlir gətirmək üçün layihələr axtarır. Bu mənada dünyada sərbəst maliyyə vəsaitlərinin Azərbaycanda biznes layihələrinə cəlb edilməsi imkanları genişdir. Çünki Azərbaycan belə investisiyalar üçün "sakit liman”dır. İndiyədək iqtisadiyyatımıza cəlb olunmuş 125 milyard ABŞ dollarından artıq xarici sərmayədə heç bir ciddi problem olmayıb. Mən yerli layihə müəllifləri, sahibkarlar və sərmayədarlara səslənirəm ki, "EnterpriseAzerbaijan.com" portalı ilə yaxından əməkdaşlıq etsinlər".
V. Qasımlı bildirib ki, portal layihələr üçün həm inkubator, həm də akselerator rolunu oynayacaq: "Dünyada 4-cü sənaye inqilabı baş verir. Rəqəmsal, fiziki və bioloji texnologiyaların tətbiqi baxımından EnterpriseAzerbaijan.com Portalına zərurət var. Çünki portal sərhəd tanımadan Azərbaycana belə texnologiyaların gətirilməsinə və sərmayə qoyuluşunun təşviqinə xidmət göstərəcək".
Mərkəz rəhbəri bildirib ki, "EnterpriseAzerbaijan.com" ilk dəfə olaraq Azərbaycan mənşəli layihələrə kraudfandinq, kraudinvestinq, toxum investor, mələk investor, vençur investor və digər alətlərdən istifadə edərək bütün dünyadan sərmayə cəlb edə biləcək:
"Biz artıq bütün dünyada uyğun tərəflərlə işləməyə başlamışıq. Məsələn, kreativ ideyalar üçün "KICKSTARTER”, istənilən növ layihələr üçün "İndieGOGO”, "GoFundMe”, "Planeta.ru” və "Onemission”, sosial və tibbi layihələr üçün "Youcaring”, qeyri-adi texnoloji ideyalar üçün "Crowdsupply”, vençur kapitalist maliyyələşməsi üçün "Crowdfunder”, elmi ideyalar üçün "Experiment”, sosial xarakterli layihələr üçün "Chuffed” ilə işləməyə başlamışıq".
V.Qasımlı qeyd edib ki, "EnterpriseAzerbaijan.com" üzərindən uğur qazanan biznes "Azexport" portalının imkanlarından istifadə edərək "Alibaba” və "Amazon” başda olmaq üzrə bütün e-ticarət portallarına çıxış əldə edəcək. "Azexport”un tərəfdaş bankları faktorinq, akkreditiv, inkasso, ixrac qarantiyası və ixrac sığortası vasitəsilə "EnterpriseAzerbaijan.com"un biznes layihələrinin ixrac imkanlarını genişləndirəcək.
banner

Oxşar Xəbərlər