• cümə, 29 Mart, 11:13
  • Baku Bakı 5°C

WAM agentliyi AzərTAc ilə daha yaxın əməkdaşlıq təklifi irəli sürüb

13.05.14 17:14 1009
WAM agentliyi AzərTAc ilə daha yaxın əməkdaşlıq təklifi irəli sürüb
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Elxan Qəhrəman bu ölkənin “Emirates News Agency” (WAM) dövlət informasiya agentliyinin icraçı direktoru Camal Nasir Əs-Süveydr ilə görüşmüşdür. Bu barədə AzərTAc-a Xarici İşlər Nazirliyindən məlumat verilmişdir.
Məlumatda deyilir ki, səfir dövlətlərarası əlaqələrin inkişafında medianın rolundan danışmış, bu sahədə rəsmi əməkdaşlığın hüquq-müqavilə bazasının qurulmasının vacibliyini diqqətə çatdırmışdır. Diplomat Camal Nasir Əs-Süveydri dünyanın bir çox ölkələrinin milli informasiya agentlikləri ilə sıx əlaqələrə malik olan AzərTAc ilə qarşılıqlı əməkdaşlıq münasibətlərini müzakirə etmək üçün Azərbaycana səfərə dəvət etmişdir.
Camal Nasir Əs-Süveydr WAM ilə AzərTAc-ın beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunda - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) və Xəbər Agentliklərinin Dünya Konqresi çərçivəsində yaxşı əməkdaşlıq etdiyini bildirərək demişdir: “Biz beynəlxalq media qurumlarının fəal üzvü olan AzərTAc ilə rəsmi müqavilə əsasında əməkdaşlıq etməkdə maraqlıyıq. Bilirik ki, AzərTAc 2016-cı ildə həm OANA-nın XVI Baş Assambleyasına, həm də Xəbər Agentliklərinin V Dünya Konqresinə ev sahibliyi edəcək və 2019-cu ilədək hər iki qurumun sədri olacaqdır. Bu, böyük uğurdur, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir”.
WAM-ın icraçı direktoru əməkdaşlıq müqaviləsi layihəsinin tezliklə hazırlanıb səfirliyin xətti ilə qarşı tərəfə göndəriləcəyini, sənədin cari ilin oktyabr ayında imzalanması üçün AzərTAc-ın baş direktorunu BƏƏ-yə səfərə dəvət etdiyini bildirmişdir.
banner

Oxşar Xəbərlər