• çərşənbə axşamı, 19 mart, 12:12
  • Baku Bakı 8°C

Vyetnamda müəllim işləyən azərbaycanlı ailə - Soydaş

24.05.19 11:00 2908
Vyetnamda müəllim işləyən azərbaycanlı ailə - Soydaş
Sakit Abdullayev: "Cibimizdə pulumuz olsaydı, gəldiyimiz gün geri qayıdardıq”
Nərmin Musazadə: "Burda uşaq müəllimi sevmədisə, onu bir aya işdən çıxarırlar”
6 aydan sonra işləməyə getdikləri ölkəyə alışıblar. Deyirlər ki, əgər, ciblərində pulları olsaydı, dərhal təyyarəyə minib geri qayıdardılar. Amma həm də bildirirlər ki, geri qayıtmaq hissi qısamüddətlidir, tez gəlib keçir. Gələcəkləri üçün bir az da orda qalıb işləməyi planlayırlar. "Soydaş” rubrikamızın budəfəki qonaqları Vyetnamda yaşayan həmyerlilərimiz Sakit Abdullayev və həyat yoldaşı Nərmin Musazadədir.
İlk olaraq cütlüyümüz haqqında məlumat verək. Hər ikisi Gəncədə doğulub və ali təhsilini ingilis dili üzrə alıb. Bir müddət Türkiyədə müəllim kimi işlədikdən sonra Vyetnama gediblər və 2 ildən çoxdur ki, orada yaşayırlar.
- Necə oldu xaricə getmək, xüsusilə də Asiya ölkələrindən birində işləmək qərarına gəldiniz?
Sakit: Düzü, universitet vaxtından bu fikirdə idik. Həmin dövrdə müxtəlif təqaüd proqramlarına müraciət edirdik, amma ya seçilmirdik, ya da tam təqaüd ala bilmirdik. Özümüzü inkişaf etdirmək üçün uzunmüddətli xarici təcrübə almaqda qərarlı idik. İlk getdiyimiz ölkə Türkiyədə İstanbul şəhəri oldu. Gedəndə gördük ki, Azərbaycanla Türkiyə arasında elə də ciddi fərq yoxdur. Biz isə daha fərqli bir mühitdə yaşamağı düşünürdük. Yəni nə qədər ki gəncik, həyatın daha fərqli üzlərini görmək istəyirdik. Ona görə, qərara gəldik ki, Asiyaya üz tutaq. 2 ildən çoxdur ki, burdayıq. Deyə bilərəm ki, burada həyat tamamilə fərqlidir. Bu müddət ərzində yaşadıqlarıma və gördüklərimə əsasən deyirəm ki, hər kəs, xüsusən də Qərbdə yaşayan biri mütləq Asiyanı görməlidir.
Nərmin: Əslində, bu sualı dostlarımız da verir (gülür). Avropa ölkələri demək olar ki, eynidir. Yəni həmin ölkələrin 60-70 faizi eyni mədəniyyətə, düşüncəyə sahibdir. Amma Asiya istər mədəniyyət, istər təhsil, insanlara yanaşma baxımından fərqlidir. Ona görə, qərara gəldik ki, Asiya ölkələrindən birini seçək. Çinin əhalisi çox idi, bu da bizi bir az qorxutdu. Tailand, Yaponiya, Koreyanı seçməməyimizə bəzi nüanslar səbəb oldu. Vyetnam bizim üçün ideal variant idi. Həm də uzun müddət burada qalan bir tanışımız var idi, onun da bizə çox dəstəyi oldu. Getdiyin ölkədə tanış birinin olması böyük üstünlükdür.

- Vyetnam maraqlı ölkədir?
Sakit: Bəli, amma bəzi nüanslar var ki, onlar hamı üçün maraqlı olmaya bilər. Məsələn, rahatlığı sevən, tənbəl insanlar üçün maraqlı deyil. Hətta, deyərdim ki, qarabasma kimi bir yerdir. Vyetnama gələn, buradakı şəraitə, mühitə dözməlidir. Yəni dözmək deyəndə, ən əsas məsələ havadır. Burada hava həddindən artıq isti və kirli olur. Digər problem isə nəqliyyatdır. Bu ölkədə bəlli bir nəqliyyat sistemi, qayda-qanun yoxdur. İstənilən an hər şey edə bilərlər. Məsələn, bir motosikletdə iki nəfərin oturmağı mümkündürsə, Vyetnamda 7 nəfərin oturduğunu, bir ailənin bir motosikletdə toya getdiyini, bir motosikletin üstündə başqa bir motosikletin olduğunu görə bilərsiniz. Həmçinin burada qırmızı və ya yaşıl işıq söhbəti yoxdur. Belə danışmağım, insanlarda Vyetnam haqqında mənfi fikirlər yarada bilər, amma yox, maraqlı tərəfləri də var. Bu danışdıqlarım sadəcə, gördüyümüz fərqliliklərdir. Çünki biz əvvəl yaşadığımız cəmiyyətdə bunu görməmişik. İki ildir ki, burdayıq və sadaladıqlarım bizə adi gəlir.
- Təyyarədən düşdükdən sonra ilk təəssüratlarınız necə oldu, Vyetnam sizi necə qarşıladı?
Nərmin:Oy, icazənizlə onu mən danışım. Demək təyyarədən düşdük, sənəd işlərini həll etdik. Qapıdan çıxanda üzümüzə nəmli, isti külək necə vurdusa, Sakitlə bir-birimizə baxıb hara gəldiyimizi düşündük (gülür). Elə bil bizi qaynar hamama atdılar. Nəfəs almaq mümkün deyil. Düşünün, evə gəlmişik kondisioneri qoşublar, yenə də dəhşət istidir. Biz iyul ayında gəlmişdik və həmin dövr də Asiya, xüsusilə də Vyetnam üçün ən isti vaxtlardır. Nəqliyyatı ilə bağlı da ilk təəssüratımız yaxşı olmadı. Düzdür, bizə deyilmişdi, amma bu qədərini təsəvvür etmirdik. Burada əsas nəqliyyat vasitəsi motosiklet və velosipeddir. Avtobus var, lakin yox kimidir. Demək olar ki, hər ailənin motosikleti var. Biz gəzməyi çox sevirik, amma burada gəzməyə yer yoxdur.
- Bu qədər çətinlikdən danışırsınız, heç qayıtmağı düşünübsünüz?
Nərmin: Hər gün (gülür). Hər səhər tezdən "qayıdaq” deyirik. Amma bir neçə saniyə sonra fikrimizi dəyişirik ki, yox, gələcəyimiz üçün bir az daha qalmalıyıq.
Sakit: Tam səmimi deyirəm, cibimizdə qayıtmaq üçün pulumuz olsaydı, elə gəldiyimiz gün qayıdardıq (gülür). Amma gördüyünüz kimi, 2 ildir ki, burdayıq. Əslində, bu qayıtmaq hissi qısamüddətlidir, gəlib, keçir. Çünki düşünəndə, görürsən ki, sənin əlində böyük şans var. Buradan bəzi Asiya ölkələrinə çox ucuz səyahətə edə bilirik.

- Bir az Vyetnamın müsbət tərəflərindən danışaq.
Nərmin: Əlbəttə, müsbət tərəfləri də çoxdur. Məsələn, insanları çox mehribandır. Burada gender bərabərliyi əsasdır. Hətta, deyərdim bəzi ölkələrdən fərqli olaraq, qadın daha üstün tutulur. Heç bir ayrı-seçkilik qoyulmur. Burada sürücü, tikintidə fəhlə kimi işləyən xanımlar görə bilərsiniz. İdarəçilik daha çox qadınlardadır.
Sakit: (Gülür)təbii ki, o qədər də deyil. Patriarxal cəmiyyətdir, kişilərin hegemonluğu burda da var, amma bu, kağız üzərindədir. Qısa olaraq izah edim ki, Vyetnamda aparıcı işçi qüvvəsi xanımlardır. Məsələn, evdəki münasibətlərdə, pulun idarəsində belə, əsas qüvvə qadındır. Yəni kişinin qazandığı pulu qadına verməsi, sonra ondan xərclik kimi gündəlik pul alması normal qarşılanır.
- Yeni ölkə, fərqli dad, başqa bir dil deməkdir. Bu fərqliliklərə uyğunlaşma müddəti nə qədər oldu?
Nərmin: Adaptasiya dönəmi təxminən 6 ay oldu. 6 aydan sonra yeməklərə də, havaya da alışdıq. Yeməkləri çox dadlıdır. Sonra yavaş-yavaş ərzaqlarının adını öyrəndik. O barədə problem olmadı, amma gigiyenik baxımdan bir az güvənli deyillər.
Sakit: Burada dilə alışmağımız bir az çətin oldu. İlk vaxtlar kommunikasiyada çətinlik yaşadıq. Bununla bağlı başımıza o qədər maraqlı hadisələr gəlib. Onu qeyd edim ki, burada ananas çox ucuzdur. Həm dadını əvvəldən bilirdik, həm də qiyməti münasib idi, ona görə, ananas yeməyə, şirəsini içməyə üstünlük verirdik. Bu söz Vyetnam dilində "za” demək idi. Amma burada dilin 6 fərqli tonu var. Yəni bir sözü müxtəlif tonlarda deyəndə başqa mənaları olur. "Za” sözü də səsləndirməyə görə həm qarpız, həm ananas, həm də kokos deməkdir. Bir gün kafeyə getdik və "za”, yəni ananas sifariş verdik. Bizə qarpız gətirdilər, onu qaytardıq. Yanlış tələffüz etdiyimizi düşünüb, sözü fərqli tonda uzadaraq "zaaa” dedik. Onda da kokos gətirdilər, onu da istəmədik. Sonra birtəhər internetdən ananasın şəklini tapıb göstərdikdən sonra ofisiant anladı və "hə, zıa” dedi. Yəni bizim üçün fərqi olmayan bu iki hərfdən ibarət söz onlarda fərqli tonlarda müxtəlif mənalar kəsb edir.
- Vyetnamlılarda hansı fərqli adət-ənənəni müşahidə edibsiniz?
Sakit: Adət yox, amma qəribə inancları var. Məsələn, bu xalq 13, 14 rəqəminin uğursuz olduğunu düşünür. Liftlərdə belə 13 rəqəmi yoxdur. Hazırda bizim qaldığımız mərtəbə 12-B adlanır. 12-dən sonra 13, 14 yoxdur. 12-B, 12-A var. Bir də ən çox güldüyüm, heç cür tolerant yanaşa bilmədiyim digər inancları isə xanımların 26 yaşında evlənməməkləridir. Yəni bir xanım 25, 27 yaşında evlənə bilər, amma 26-da yox. Həmin yaşda evlənməyi çox böyük uğursuzluq hesab edirlər.
Nərmin: Ümumiyyətlə, rəqəmlərə qarşı xüsusi həssaslıqları var. Telefon və ya maşına nömrə alanda rəqəmlərə ciddi fikir verirlər. 3 olmamalıdır, 0 və 8-i çox sevirlər. Digər inancları isə Yeni ilin 3-cü günü etdikləridir. Belə ki, həmin gün ibadət yerlərinə gedib yeni ilin onlara uğur və sevinc gətirməsini arzu edirlər və nə isə əşya yandırırlar. Bir əşyanın saxtasını yandırmaqla, onun əslinin özlərinə qayıdacağına inanırlar. Məsələn, saxta pul, kompüter, telefon yandırırlar. Təsəvvür edin, həmin dövrdə hər yerdən yanıq iyi gəlir (gülür). Yəni bu adət kimidir deyə, yandırılan əşyaların saxtasını satan xüsusi mağazalar var.

- Maraqlıdır, vyetnamlıların gəlmələrə münasibət necədir?
Nərmin: Mərkəzdə münasibət normaldır, amma bir az kənar bölgələrdə özünüzü məşhur ulduz kimi hiss edə bilərsiniz. Əgər dərinizin rəngi ağdırsa, saçınız sarıdırsa, asiyalı görünüşünə sahib deyilsinizsə, onlar üçün fərqlisiniz. Onların gözündə çox möhtəşəm görünürsənsə, sənə gözəl, yaraşıqlı olduğunu deməkdən çəkinmirlər. Çox mehriban münasibət göstərirlər.
Sakit: Burada heç vaxt xaricdə olmayan, özlərindən fərqli birini görməyənlər, hətta, yaxınlaşıb sənə toxunmaq istəyirlər. Asiyalılarda tük az və ya heç olmadığından, qolunda tükü olan adama yaxınlaşıb əl vururlar. Bunu, xüsusən, uşaqlar edir. Çünki bizim görünüşümüz onlara maraqlı gəlir.
- Bir az oradakı işinizdən danışaq.
Sakit: Burada ingilis dili dövlətin qəbul etdiyi proqramla bütün orta məktəblərdə məcburi şəkildə xarici müəllimlər tərəfindən tədris edilir. Ondan əlavə də özəl təhsil mərkəzləri var. Bu ölkəyə gələn birinin iki seçimi olur. Ya özəl bağçalarda, məktəblərdə, ya da dövlətə məxsus təhsil ocaqlarında dərs deyir. Mən hazırda orta məktəbdə dərs deyirəm. Vyetnamlılar üçün Avropa dilini öyrənmək çox çətin olur. 11 il məktəb oxumuş biri ən sadə sözləri belə bilmir. Azərbaycanda ingilis dilindən hazırlığa gedən uşaq bir neçə aya müəyyən səviyyəyə qədər yüksələ bilir, amma burda uşaqlar çox zəifdir. Uşaqların belə zəif olması təhsil sistemindən asılıdır.
- Təhsil sistemi necədir?
Sakit: Burada təhsil sistemi çox fərqlidir, dəyişkəndir. Bəzən il ərzində iki dəfə dəyişir. Məsələn, siz imtahana hazırlaşırsınız və bir ay qalmış hər şey dəyişə bilər. Hazırda Vyetnam təhsil sahəsində ən yaxşı sistemi qurmağa çalışır, buna görə də, istədiyini əldə etmək üçün bütün mümkün sistemləri təcrübədən keçirdir.
Nərmin: Vyetnamda heç vaxt sinfə irib deyə bilməzsən ki, kitabları açın, filan səhifəni oxuyaq. Dərsi uşağa müxtəlif oyunlarla, əyləncəli yolla öyrətməlisən. Əks təqdirdə uşaqlar səni sevməzlər. Burda uşaq müəllimi sevmədisə, onu bir aya işdən çıxarırlar. İngilis dilini öyrənməyə çox önəm verirlər. Mən bağçada işləyirəm və ora bəzən çox balaca uşaqları gətirirlər ki, ingilis dilini öyrənsin. Hətta, elə olur ki, uşaqlar dil açanda ilk sözləri vyetnamca yox, ingiliscə olur.
- Gələcək planlarınız nədir?
Sakit: Böyük ehtimalla, 1-2 il burada qalacağıq. Daha sonra isə Avropa ölkələrindən birində təhsilimizi davam etdirməyi düşünürük və təhsil ala-ala işləməyi planlayırıq.
- Bəs, ölkəyə qayıtmağı düşünmürsünüz?
Sakit: (Gülür). Bu, bizim hansı şərtlərlə dəvət olunacağımızdan asılıdır. Yəni bu, tək bizə aid deyil. Hazırda ölkəmizdən kənarda böyük işlər görən, yüksək səviyyədə təhsil alan gənclərimiz var. Bu kimi şəxslərin ölkəyə qayıtması, öyrəndiklərini gənclərlə bölüşməsi üçün ortada çox yaxşı motivasiya mənbəyi olmalıdır.
Günel Azadə





banner

Oxşar Xəbərlər