• çərşənbə, 24 Aprel, 04:15
  • Baku Bakı 14°C

“Vyana konfransından sonra neftin qiyməti 60 dolları keçə bilər”

13.10.16 12:32 2412
“Vyana konfransından sonra neftin qiyməti 60 dolları keçə bilər”
10-13 oktyabrda İstanbul şəhəri XXIII Dünya Enerji Konqresinə ev sahibliyi edib. 100-dən çox ölkəni və 3 mindən çox təşkilatı birləşdirən konqresin bu dəfəki devizi "Yeni üfüqlərə qucaq açmaq” olub. Konqresdə Azərbaycan, Rusiya, Venesuela, Türkiyə prezidentləri İlham Əliyev, Vladimir Putin, Nikolas Maduro, Rəcəb Tayyib Ərdoğan da iştirak ediblər. Bu konqresin əhəmiyyəti, "Türk axını” qaz kəməri layihəsi barədə imzalanmış sənəd, bu layihənin "Cənub” Qaz Dəhlizi layihəsinə təsiri, neftin qiymətinin tənzimlənməsi üçün hasilatının azaldılması və sair məsələlərlə bağlı "Kaspi”nin suallarını NeftAraşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban cavablandırır.
- İlham bəy, dünya enerji siyasətinin inkişafına xidmət etdiyi iddia edilən XXIII Dünya Enerji Konqresi barədə Sizin fikirlərinizi öyrənmək istərdik. Bu konqres nə ilə yadda qaldı, əhəmiyyəti nə oldu?
- Bu konqres hər 3 ildən bir keçirilir və dünya liderləri, şirkət rəhbərləri, analitiklər üçün bir platformadır. Onlar 3 ildən bir toplanaraq dünyanın enerji sahəsində mövcud problemlərini və qarşıda olan perspektivləri müzakirə edirlər. 2014-cü ildə əsas məsələ, müzakirə obyekti neftin aşağı qiymət həddində istehsalçı və istehlakçılar arasında olan münasibətlər, həmçinin qarşıdakı perspektivə nəzər salmaq idi. İstehsalçılar, enerji daşıyıcıları narahatçılıq keçirirdilər ki, neftin qəyməti nə qədər müddətə aşağı həddə qalacaq. Ümumiyyətlə isə dünya yeni bir çağırış edir. Dünya iqtisadiyyatı çox maraqlı bir sistemə keçid edir. Artıq 2016-cı ildə dünyanın ilk beşliyində bir dənə də olsa enerji şirkəti yoxdur. Halbuki, 2006-cı ildə dünyanın ilk beşliyində cəmi bir texnoloji şirkət var idi. Beşlikdə təmsil olunan digərlərinin hamısı enerji şirkətləri idi. Bu, bir güzgüdür ki, artıq dünya iqtisadiyyatı xammal simasını texnoloji simaya dəyişir. Ona görə də maraqlı sual yaranırdı ki, bəs, 10, 20, 30 ildən sonra tendensiya necə olacaq? Bu, ona doğru gedir ki, zamanla alternativ, bərpa olunan enerjinin, atom energetikasının və sairin sayı artır. Konqresdə Vladimir Putinin çıxışında da qeyd olunurdu ki, XXI əsrin dörddə birindən sonra sadaladığım qaynaqların milli çəkisi 25 faizə çatacaq. Bununla belə, hələ 2040-cı ildə ənənəvi enerji – neft, qaz və kömürün dünya enerji balansında xüsusi çəkisi 75 faiz olacaq. Zamanla neftin, kömürün xüsusi çəkisi azalsa da, qazın xüsusi çəkisi artacaq.
- Konqresdəki çıxışlarda neftin bazar mexanizmlərinin pozulduğu da diqqətə çatdırıldı. Qeyd olundu ki, mövcud şəraitdə çıxış yolu hasilatçı ölkələrin neft hasilatını azaltmasındadır. Sizcə, neft ixrac edən bütün ölkələr belə bir addım ata bilərlərmi?
- Belə bir fikri dilə gətirirlər. Liderlər çox təmtəraqla qeyd edir, bu istiqamətdə təkliflərlə də çıxış edirlər. Lakin bir var fikir bildirmək, bir də var reallıq. Reallıq tamam başqa şey deyir.
- Bu reallıq nədən ibarətdir? Sizcə, neft hasil edən ölkələr qiymətlərin ucuz olmasına rəğmən, nə üçün hasilatı azaltmaqda maraqlı deyillər?
- Elə ölkələr var ki, 100 ildir iqtisadiyyatını mono iqtisadiyyat üzərində qurub. Yəni, həmin dövlətlərin iqtisadiyyatı yalnız bir xammaldan asılıdır. Onun iqtisadiyyatının 90-95 faizi neftdən, qazdan, misdən, alüminiumdan və ya hansısa başqa xammalı ixrac etməkdən asılıdır. Belə olan halda nə dərəcədə realdır ki, cəmi 5 ilin ərzində bu cür ölkələr öz iqtisadiyyatlarını yenidən qura bilsinlər? Bu, mümkün deyil. Bunun üçün həmin ölkələrdə ən azı 5 il ərzində xüsusi institutlar olmalı, mütəxəssislər yetişməlidir. Təsəvvür edin, SSRİ 1925-ci ildə sənayeləşməyə qərar verdi, lakin bunu düz 20 ilə həyata keçirə bildi. SSRİ bu məqsədə çatmaq üçün hətta insanları qırmaq və sair tədbirlərə əl atdı. Yenə də bu proses 20 il vaxt apardı. O baxımdan, ölkənin iqtisadiyyatını yenidən qurmaq heç də asan məsələ deyil. Aqrar ölkə kimi tanınan Çinin sənayeləşməyə - istehsala keçməsi onilliklərlə müşayiət olundu. Baxmayaraq ki, burada avtoritar qaydalar hökm sürürdü. Bütün bunları nəzərə alsaq, reallıq budur ki, iqtisadiyyatı hasilatdan asılı ölkələrin fərqli bir iqtisadiyyata keçidi bazar iqtisadiyyatının tələblərinə cavab verən mütəxəssislərinin olması, bütün qapıları açması, ilk əvvəl birgə müəssisələr yaratması, özünün bütün institutlarını təkmilləşdirməsi, xarici investorlara qapılarını açması, hüquqi bazanı yaratması və sair şərtilə illərlə vaxt aparacaq. Götürək elə Sinqapurun özünü. Sinqapur bütün bu proseslərə 1960-cı ildən sonra 15 il vaxt sərf edib. Bu kimi səbəblərdən liderlərin neft hasilatını azaltmaq bəyanatlarının bəzi ölkələr tərəfindən qəbul ediləcəyinə şübhə ilə yanaşıram.
- OPEC-ə üzv ölkələrin noyabrda toplantısı keçiriləcək. Bu toplantıda hasilatın azaldılması məsələsi müzakirə olunacaq. Sizcə, hasilatın azaldılmasına bu toplantının da hər hansı bir təsiri olmayacaqmı? Ümumiyyətlə, noyabr toplantısından sonra neftin qiymətinin yenidən artması müşahidə oluna bilərmi?
- Neftin qiymətinin artmasını heç kim istisna etmir. Hətta Vladimir Putin Konqresdə çıxış edəndən 2-3 saat sonra neftin qiyməti 3,5 faiz artdı. Vyana konfransından sonra neftin qiyməti 60 dollar da ola bilər, hətta 60 dolları keçə də bilər. Ancaq bu, qısamüddətli olacaq. Bunun neftin qiymətinin rüblük və ya illik dəyişməsinə hər hansı təsiri yoxdur. Məsələ dayanıqlılıqdadır. Neftin qiymətinin dayanıqlı olması üçün bazardan ən aşağısı 2 milyon barel neft götürülməlidir. Bu isə müşkül məsələdir.
- XXIII Dünya Enerji Konqresi keçirildiyi müddətdə Türkiyə və Rusiya prezidentləri "Türk axını” layihəsi ilə bağlı saziş də imzaladılar. Bu layihənin gerçəkləşməsi ikitərəfli münasibətlərə və regiona nə vəd edir?
- Bu layihənin reallaşması ikitərəfli əlaqələrin ən azından əvvəlki səviyyəyə çatdırılmasını vəd edir. Yaxın 1-2 ildə itirilmiş mövqelərin bərpası gedə bilər. Düzdür, çox pozitiv proqnozlar səsləndirildi ki, ticarət dövriyyəsini 5 dəfə artırmaq və sair. Amma bunu reallıq göstərəcək. İstənilən halda, bu iki dövlətin bir-biri ilə dost münasibətlərində olması, gərginliyin azaldılması regionda sülhün, sülhün olması stabilliyin, stabilliyin olması isə bazar iqtisadiyyatı reallığında çoxsaylı layihələrin ortaya qoyulması deməkdir. Bu proseslər zəncirvari şəkildə bir-birinə bağlıdır, multieffektiv məsələləri gündəmə gətirir. Ona görə də razılaşmanı, müvafiq sənədlərin imzalanmasını pozitiv qiymətləndirirəm. Ancaq bir nüansı da nəzərə almaq gərəkdir ki, bu gün həm Türkiyənin, həm də Rusiyanın Qərblə münasibətləri gərgindir. Qərbdən Rusiyaya qarşı sanksiyalar tətbiq edilir. Türkiyədə daxili proseslərdə, xüsusən də 15 iyul dövlət çevrilişinə cəhd məsələsində Qərbin maraqlı tərəf olması barədə fikirlərin səsləndirilməsi də Qərb-Türkiyə münasibətlərində bir "sərinlik” yaradıb. Ona görə də Rusiya-Türkiyə yaxınlaşması onlara olan xarici təsirlərin artmasına da gətirib çıxara bilər. Bu amilləri də nəzərə almaq lazımdır.
- Türkiyə prezidentinin səsləndirdiyi fikirlərdən belə məlum olur ki, "Türk axını” vasitəsilə Rusiya qazı Avropaya çatdırılacaq. Belə olan halda, bu layihə "Cənub” qaz dəhlizi layihəsinə hər hansı formada təsir etməyəcək ki?
- "Türk axını”nın əsas məqsədi tranzit ölkələr olmadan Rusiya qazının Türkiyə tərəfindən alınmasıdır. Yəni, Rusiya qazının 4 ölkə üzərindən deyil, birbaşa Türkiyəyə axınıdır. Bu proses birinci boru kəmərini əhatə edir. "Türk axını”nda nəzərdə tutulan ikinci boru kəməri çox "dumanlı”dır. Bu boru kəmərinin reallaşması yalnız və yalnız Rusiya ilə Avropa Komissiyası arasında razılaşmadan sonra mümkündür. Bu razılaşma isə o zaman mümkün olacaq ki, onlar arasında Ukrayna, sanksiyalar, "Şimal axını - 2” layihəsi kimi məsələlər həllini tapacaq. O baxımdan bu, bir kompleks yanaşma tələb edir, sadəcə, boru kəməri məsələsi ilə məhdudlaşmır. "Cənub” qaz dəhlizi məsələsinə gəlincə, əlbəttə hər bir yeni layihənin reallaşması ilə hansısa təsirlər ola bilər. Lakin bizim layihələrə hər hansı təsirdən danışarkən yalnız qazın qiymətinə təsirdən söhbət gedə bilər. Bir yerdə ki, bolluq olur, təbii surətdə qiymət aşağı düşür. Bu, bazarın qanunudur. Bundan başqa hər hansı təsir ola bilməz.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər