AZE | RUS | ENG |


Vyana görüşünün vacib məqamları

Vyana görüşünün vacib məqamları
Apreldəki "dörd günlük müharibə”dən sonra nəhayət ki, Qarabağ danışıqlarını bərpa etmək mümkün oldu. Sarkisyan ilk günlərdəki ultimativ bəyanatlarını unudaraq danışıqlar stolu arxasında oturmağa razı oldu. Danışıqların başa çatmasından, verilən ilkin açıqlamalardan sonra isti-isti bəzi nəticələri çıxarmaq mümkündür.
 
Birinci vacib məqam Vyana görüşünün əvvəlki Əliyev-Sarkisyan görüşlərindən fərqlənməsidir. Əsas fərqləndirici göstərici odur ki, görüş Rusiyanın inhisarında baş tutmayıb. Mayın 16-da bütün gün davam edən diplomatik çabalarda ABŞ və Avropa İttifaqı diplomatları da fəallıq göstəriblər.
 
İkinci diqqət çəkən məqam odur ki, prezidentlərin növbəti görüşü qısa müddət sonraya təyin edilib. Bu, danışıqların bizim istəyimizə uyğun daha da konkretləşdirilməsi anlamına gəlir. Heç kimə sirr deyil ki, Qarabağ danışıqlarının acı bağırsaq kimi uzanması Azərbaycanın xeyrinə deyil. Rəsmi Bakı son illər israrla danışıqların nəticə verməsini tələb edir. Belə anlaşılır ki, Vyana danışıqlarında da Azərbaycan tərəfi bu tələbi qoyub və bunun nəticəsidir ki, prezidentlərin növbəti görüşünün cəmi 1 ay sonra keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu o deməkdir ki, Azərbaycan "dəmirin isti-isti döyülməsini” istəyir, müəyyənləşdirmək istəyir ki, Ermənistan güzəştə getməyə hazırdır, yoxsa əvvəlki illərdə olduğu kimi vaxtı uzatmaq, status-kvonu qoruyub saxlamaq istəyir.  
Ən əsası, Lavrov açıq şəkildə mərhələli həll planı üzərində işlədiklərini dilə gətirib. Biz həmişə bunu istəmişik, Ermənistan isə paket həll variantı üzərində israr edib. Bir dəfə Ter-Petrosyan mərhələli həll variantı haqda danışıb, onu da dərhal deviriblər.

Amma təbii ki, danışıqlar yalnız müsbət məqamlarla diqqəti çəkmir. Vyanada təmas xəttində atəşkəsin əvvəlki saziş üzrə möhkəmləndirilməsi, müşahidəçilərin sayının artırılması, hətta atəşkəsi ilk olaraq kimin pozmasının müəyyənləşdirilməsi üçün kameraların quraşdırılması kimi razılaşmalar da olub. Ümumilikdə götürəndə bunlar  bizim xeyrimizə olmayan məqamlardır. Amma fikrimcə, bunlara xırda detallar kimi yanaşmalıyıq. Zatən danışıqlarda nəticə olacaqsa, atəşkəsi pozmağa, hərbi əməliyyatlara başlamağa ehtiyac qalmayacaq. Danışıqlarda nəticə olmayacaqsa, bu detallar Azərbaycanın növbəti dəfə gücünü nümayiş etdirməsinə problem yaratmayacaq. Nəticəsiz danışıqlar avtomatik olaraq bu razılaşmaları da qüvvədən salacaq.
Təbii ki, Vyana danışıqları birmənalı olaraq aprel döyüşlərinin nəticəsidir. O döyüşlər olmasaydı, Azərbaycan Ordusu gücünü göstərməsəydi, Ermənistanı danışıqlar masası arxasına gətirmək, həmsədr dövlətləri münaqişəyə daha böyük diqqət ayırmağa sövq etmək mümkün olmayacaqdı. İndi isə ABŞ, Rusiya və Fransanın, Avropa İttifaqının xarici siyasət şefləri tərəfləri bir araya gətirib həll yolu tapılmasının vacibliyindən bəhs edirlər. Masadakı əsas müzakirə mövzularından biri də Azərbaycanın işğal altındakı torpaqlarının azad olunmasıdır. Demək ki, "o döyüşlər nəyə lazım idi”, "döyüşlər heç nəyə təsir etmədi” kimi yanaşmalar, yumşaq desək, reallığı əks etdirmir. Digər tərəfdən, həmsədr dövlətlərin, Ermənistanın mövqeyinin 4 günlük döyüşlə tamamilə dəyişməsi də mümkün deyil. Əsas olan odur ki, biz hamıya nümayiş etdiririk ki, güc yolu ilə tutulmuş, himayədarların dəstəyi ilə əldə saxlanılan torpaqları bütün təzyiqlərə baxmayaraq, güzəştə getməyəcəyik.   
Bir də bizim bu cür görüşlərlə bağlı gözləntilərimiz çox olmamalıdır. Heç vaxt gözləməmliyik ki, böyük güclər, həmsədr dövlətlər Qarabağ münaqişəsində tam bizim istədiyimiz mövqeyi tutacaqlar...  
 
Ümumilikdə Vyana görüşünün də nəticəsiz bitməsi barədə danışmaq hələ tezdir. Bu görüş ən azından 2014-cü ilin avqust döyüşlərindən sonra Moskvanın apardığı danışıqlar kimi olmadı. Masada müzakirə olunan konkret təkliflər var. Vyana prosesinin hansı istiqamətdə inkişaf edəcəyi isə çox güman ki, prezidentlərin iyun görüşündən sonra dəqiqləşəcək.   
 
İlham QULİYEV    

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7072
GBP 1 İngilis funt sterlinqi 2.2065
TRY 1 Türk lirəsi 0.4824
KWD 1 Küveyt dinarı 5.6202
SEK 1 İsveç kronu 0.2069
EUR 1 Avro 1.9783
CHF 1 İsveçrə frankı 1.7884
USD 1 ABŞ dolları 1.7012