AZE | RUS | ENG |

Vüqar Rəhimzadə: Xalq-iqtidar birliyini, inkişafı, sabitliyi heç bir qüvvə poza bilməz

Vüqar Rəhimzadə: Xalq-iqtidar birliyini, inkişafı, sabitliyi heç bir qüvvə poza bilməz
"Sürətlə inkişaf edən Azərbaycan bu gün bütün dünyanın diqqət mərkəzindədir. Ölkəmizin həyata keçirdiyi qlobal layihələr regional və beynəlxalq əməkdaşlığa töhfə verdiyi kimi, görünür, bəzi dairələrin də maraqlarına uyğun gəlmir. Bu il Cümhuriyyətinin 100 illik yubileyini qeyd edən, sabitlik adası olan qüdrətli Azərbaycanın uğurlarını həzm edə bilməyən erməni və ermənipərəst, anti-Azərbaycan qüvvələr zaman-zaman olduğu kimi, yenə də respublikamızda qarışıqlıq salmağa çalışırlar. Ancaq onlar unudurlar ki, Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərindəki Azərbaycan deyil. Ölkə iqtidarı istər daxili, istərsə də xarici anti-Azərbaycan qüvvələrin bu cür məkrli niyyətlərinin qarşısını almağa qadirdir və alır. Bu gün ölkəmizdəki xalq-iqtidar birliyini, inkişafı, sabitliyi heç bir qüvvə poza, müstəqilliyimizi sarsıda bilməz. İyulun 10-da Gəncədə baş verən hadisələrdən də bir daha göründü ki, xalq heç vaxt bu cür ünsürlərə meydan verməz".

Bunu Trend-ə YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, iyulun 10-da 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxsin Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd etməsi və nəticədə 2 yüksək rütbəli polis əməkdaşının şəhid olması bu terroru planlaşdıran qüvvələrin ölkəmizə qarşı nə qədər qərəzli olduğunu bir daha nümayiş etdirir: "Rəsmi məlumatlardan da aydın olduğu kimi, polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində hüquqazidd əməllərin qarşısı alınıb, 40 nəfər tutulub, operativ tədbirlər sayəsində tez bir zamanda şəhərin mərkəzində asayiş tam təmin edilib. Göründüyü kimi, anti-Azərbaycan qüvvələr yenə də öz çirkin niyyətlərinə çata bilmədilər. Çünki xalqını, dövlətini, vətənini sevən hər bir insan kimi, Azərbaycanın hüquq mühafizə orqanları, o cümlədən mərd, cəsarətli polisimiz qanı və canı bahasına dövlət müstəqilliyimizə yönələn təhlükələrin qarşısını almağa, daxili sabitliyi və təhlükəsizliyi təmin etməyə qadirdir. Hazırda cinayətin iştirakçıları və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Şübhəsiz ki, Gəncədə asayişi kobud şəkildə pozmağa cəhdin qarşısını alan zaman iki polis əməkdaşımızı qətlə yetirən cinayətkarlar tezliklə tutulacaq və qanun qarşısında cəzalandırılacaq.”

"İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu gün sosial şəbəkələrdə bəzi daxili antimilli ünsürlər, eyni zamanda, dağıdıcı müxalifətin xaricdəki tör-töküntüləri baş verən hadisələri şişirtməyə, cinayətkarları "qəhrəman” obrazında insanlara sırımağa çalışırlar: "İstər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə güllə atan Yunis Səfərov, istərsə də iyulun 10-da Gəncədə iki polis əməkdaşını qətlə yetirənlər ən ağır cinayətkarlardır, bu xalqın, dövlətin düşmənləridir. Onlardan "qəhrəman” obrazı yaratmağa çalışmaq elə onlar qədər bu dövlətə, millətə qənim kəsilmək deməkdir. Bir insanın içində öz ölkəsinə, xalqına nə qədər kin, nifrət olar?! Ancaq onlar anlamırlar ki, Azərbaycan xalqı bu münasibəti heç vaxt unutmayacaq, bu Vətən, torpaq onları qəbul etməyəcək. Xarici anti-Azərbaycan dairələrin maliyyəsindən qidalanan bu cür ünsürlər elə sosial şəbəkələr vasitəsilə susdurulurlar. Sadə insanlar öz şəxsi profilləri vasitəsilə onlara lazım olan cavabı verirlər və ən kəskin şəkildə tənqid edirlər. Bir sözlə, Azərbaycanın müstəqilliyi əbədidir, dövlət idarəçiliyi etibarlı əllərdədir, xalq-iqtidar birliyi möhkəmdir, sarsılmazdır”.

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6952
GBP 1 İngilis funt sterlinqi 2.2343
TRY 1 Türk lirəsi 0.3567
KWD 1 Küveyt dinarı 5.6106
SEK 1 İsveç kronu 0.1921
EUR 1 Avro 1.9947
CHF 1 İsveçrə frankı 1.7152
USD 1 ABŞ dolları 1.7000