• cümə, 29 Mart, 16:55
  • Baku Bakı 14°C

Vüqar Bayramov: Azərbaycanda iqtisadi artım daha çox qeyri-neft sektorunun hesabına baş verir

25.03.20 14:00 1659
Vüqar Bayramov: Azərbaycanda iqtisadi artım daha çox qeyri-neft sektorunun hesabına baş verir
2020-ci ilin iki ayının yekunları onu göstərir ki, Azərbaycanda iqtisadi artım daha çox qeyri-neft sektorunun hesabına baş verib.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, ümumi daxili məhsulda üç faizə yaxın artım tempinin qorunub saxlanması ilə qeyri-neft ümumi daxili məhsulunda ikiqat artım qeydə alınıb:
"Bu isə ondan xəbər verir ki, artımda qeyri-neft sektorunun payı daha çoxdur. Qeyri-neft sektoru ümumi iqtisadi artımın aparıcı istiqaməti olub. Belə ki, qeyri-neft sənayesində 22 %-ə yaxın artımın qeydə alınması ondan xəbər verir ki, hazırda Azərbaycanda qeyri-neft sektorunda daha çox sənaye məhsullarının istehsalına imkan yaradılıb. Bu da öz növbəsində, iqtisadi inkişafın dayanıqlılığı baxımından vacibdir və bu istiqamətdə qeyri-neft sektorunun dominant olduğunu göstərir”.
Deputat qeyd edib ki, ilk iki ayda kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın artırılması ilə bağlı həyata keçirilən islahatları xüsusilə vurğulamaq lazımdır:"Şəffaflığın artırılması dövlət büdcəsinə əlavə vəsaitlərin cəlb olunmasına imkan yaradıb. Vergi mənbələrindən dövlət büdcəsinə proqnozda nəzərdə tutulandan əlavə 252 milyon manatın cəlb edilməsi mümkün olub. Bu da gizli iqtisadiyyata qarşı mübarizə, şəffaflığın artırılması və iqtisadiyyatın leqallaşdırılması ilə bağlıdır. Eyni zamanda bu, qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi ilə bağlı fəaliyyətlərin də genişləndiyindən xəbər verir. Qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi bir tərəfdən dövlət büdcəsinə daxilolmalara müsbət təsir göstərir, digər tərəfdən isə vətəndaşlarımıza əmək müqaviləsi ilə çalışmaq imkanı yaradır. Bütün bunlar ümumilikdə vətəndaşların həm əmək hüquqlarının qorunmasını, həm də gələcəkdə pensiya hüququndan istifadəsini təmin edir”.
V.Bayramov əlavə edib ki, ilk iki ayın yekunları Azərbaycanda iqtisadi islahatların dərinləşməsindən xəbər verir:"Bu da qeyri-neft sektorunun makroiqtisadi göstəricilərdə payının mərhələli şəkildə artmasına və Azərbaycanda neftdən asılılığın, neftin payının get-gedə azalmasına gətirib çıxarır”.

banner

Oxşar Xəbərlər